Varlılar Avropaya, kasıblar İrana: Azərbaycan səhiyyəsinə niyə etibar yoxdur? - HƏQİQƏTƏN DƏ...

23-06-2023, 18:46           
Varlılar Avropaya, kasıblar İrana:
Azərbaycanda son illər tibb sahəsində bir neçə qurum yaradılsa, həmçinin icbari tibbi sığorta vasitəsilə vətəndaşlara pulsuz səhiyyə xidməti göstərilsə də, vətəndaşlarımızın müalicə üçün qonşu ölkələrə, xüsusilə, Türkiyə və İrana getməsi heç kimə sirr deyil.

İyun ayının 21-də ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxış edən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov da sözügedən məsələyə toxunub.

Qurum rəsmisi çıxışı zamanı xarici ölkə vətəndaşlarının müalicə üçün ölkəmizə gəlməsinə çalışmalı olduğumuzu vurğulayıb:

"Biz istəyirik ki, azərbaycanlılar tibb ixtisası üzrə təhsil almaq üçün başqa ölkələrə getməsinlər. Eyni zamanda Azərbaycan vətəndaşları xaricə müalicəyə üz tutmasınlar, əksinə əcnəbilər ölkəmizə müalicəyə gəlsinlər".

Sual yaranır ki, vətəndaşlarımız, əsasən hansı xəstəliklərin müalicəsi üçün xarici ölkələrə gedirlər? Yəni tibb sahəsində nələr çatışmır, nələr aradan qaldırılsa, insanlarımız xarici ölkələrə getməz, hətta xarici ölkə vətəndaşları da Azərbaycanda müalicə almaq istəyərlər?

TEREF.AZ bildirir ki, tibb eksperti Adil Qeybulla mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında tibbi turizm üçün çox iş görmək lazım olduğunu qeyd edib:

“Burada fəaliyyət göstərən şirkətlərdə çalışan xarici ölkə vətəndaşları, ölkədə qonaq olan şəxslər, turist kimi və ya bir müddət qalmağa gələnlər, səfirlik nümayəndələri və digər səbəbdən ölkəmizdə olanlar Azərbaycan tibbindən istifadə edirlər. Amma bu işin tibbi turizm şəklini alması üçün hələ xeyli iş görülməlidir”.

Ekspert hesab edir ki, azərbaycanlıların müalicə ilə bağlı xarici ölkələrə axını müxtəlif xəstəliklərlə bağlı olur:

“Yəni burada konkret bir xəstəlikdən söhbət getmir, varlılar Avropaya, kasıblarsa İrana gedirlər. Tendensiya budur. Avropaya əsasən imkanlı adamlar gedirlər. Onlar hər xırda narahatlıq, burada da uğurla əməliyyat və müalicə olunan xəstəliklərlə bağlı xaricə üz tuturlar. Bunlar maddi imkanı yüksək olan şəxslər, məmurlardır.

Əhalinin kasıb təbəqəsi, yəni əsas hissəsi yox, müəyyən bir hisssəsi ucuz müalicə dalınca İrana üz tutur. Amma biz görürük ki, İrandakı müalicədə də xeyli yanlışlıq və səhvlər var. Çünki İranda tibbi təchizat Azərbaycandan irəli deyil. Azərbaycanın əksər klinikaları bizim insanlarımızın İranda getdiyi klinikalardan qat-qat üstün təchizata malikdir. Kadr potensialı da yüksəkdir. Bunu artıq insanlar başa düşürlər. Digər tərəfdən ABŞ sanksiyaları var, indiyə qədər İranda inflyasiya davam edir və son proseslər də xeyli bahalıq yaradıb.

O cümlədən, İranda müalicə hazırda ucuz deyil. Hesab edirəm ki, əhalinin İrana kütləvi axınının da qarşısını bu faktorlar alacaq. Burada biz subyektiv amilləri yox, daha çox obyektiv amilləri əsas götürməliyik. Yəni bu administrativ qaydada qadağan oluna bilməz. Obyektiv olaraq biz səhiyyəmizi, icbari tibbi sığortanın imkanlarını o səviyyəyə qaldırmalıyıq ki, əhali ondan fayda görsün və xarici ölkələrə üz tutmasın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.