Rusiya kartları açdı: Zaxarovadan şok Qarabağ etirafı - Ekspert danışır

24-06-2023, 11:45           
 Rusiya kartları açdı:
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- Rusiya və Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Horadiz-Arazdəyən dəmir yolunun açılacağını bəyan etdi. Sizcə, açılacaq kommunikasiya xətləri dəhliz statusunda olacaqmı? Bu məsələdə Rusiya və Ermənistan arasında ciddi fikir ayrılıqları var.

- Culfadan Horadizə qədər dəmir yolunun açılacağına inanıram, çünki prinsipial razılaşma var. Üstəgəl, dəmir yolunun Zəngəzurdan keçəcək 42 kilometrlik hissəsinin maliyyələşdirilməsini Avropa Birliyi öz üzərinə götürüb. Ermənilər dünənə qədər bunun üçün pullarının olmadığını deyərək hay-küy salırdılarsa, indi Avropa Birliyi bunu həll edəcəyini deyir. Qəribəsi budur ki, Avropa Birliyi maliyyə məsələsini həll edəcəyini bildirdikdən dərhal sonra Rusiya elan etdi ki, bu xəttin çəkilməsini öz üzərinə götürür. Çünki Rusiyaya görə, həmin xətdə (Ermənistan tərəfdən) gömrük və sərhəd nəzarəti onda olmalıdır. Bununla bağlı Ermənistanla Rusiya arasında ciddi mübarizə gedir. İrəvan bildirdi ki, Zəngəzur dəmir yolu Ermənistanın “suveren ərazi”sindədir və bu xətt üzərində “suveren hüquq” da ona məxsus olmalıdır. Yəni indidən öldürülməmiş ayı dərisinin üstündə vuruşurlar.

Ermənilər bir güllə ilə iki dovşan vurmaq istəyirlər: həm çəkiləcək nəqliyyat yollarına nəzarəti öz əllərinə almağa, həm də Rusiyanın həmin ərazilərdəki sərhəd qoşunlarını çıxarmaq istəyirlər. Ümumiyyətlə, Ermənistanda Rusiya ilə əlaqələrin minimuma endirilməsi istiqamətində ciddi işlər gedir. Ermənilər bunu Zəngəzur dəmir yolu xəttinə nəzarəti ələ almaqla həll etmək istəyirlər. İstəyirlər ki, Rusiyanın Ermənistana təsirlərini kifayət qədər zəiflətsinlər və ölkə üzərindəki suverenliklərini bərpa etsinlər. Ermənistandan bunu həm də Qərb, ilk növbədə, ABŞ tələb edir. Rusiya ilə əlaqələrin minimuma endirilməsi yönündə Ermənistanın hakimiyyət orqanlarına ciddi təsirlər var. Bu da Nikol Paşinyan hökumətinin tutduğu xətlə üst-üstə düşür.

Bəli, Zəngəzurda dəmir yolunun açılması ilə bağlı İranın və kimlərinsə çığır-bağırlarına baxmayaraq, nəticələr var. Bu nəticələr də Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin 9 saat davam edən görüşündə əldə olunub. Güman edirəm ki, bu proje həyata keçəcək.

- Bəs bu xətlərə nəzarət kimdə olacaq? Ermənistan Rusiyanın nəzarətinə qarşı çıxır.

- Həm sülhyaratma prosesinin, həm də bu xəttin açılmasının Ermənistan tərəfindən gecikdirilməsi Rusiyanın Ukraynada apardığı müharibə ilə əlaqəlidir. Etiraf edək ki, həm postsovet ölkələri, həm də dünyanın bir çox ölkələri bu müharibənin necə nəticələnəcəyini gözləyir. Hamıda Rusiyanın bu savaşda məğlub olacağı gözləntisi var. Əsas ehtimal da budur ki, bu məğlubiyyət Rusiya daxilində milli-etnik zəmində parçalanmaya yol açacaq. Bu, həm də Rusiyada sistemin dəyişməsi ilə də müşayiət oluna bilər ki, bu da Rusiyanın bir regional dövlətə çevrilməsinə gətirib çıxara bilər. İndi Ermənistan da buna uyğun olaraq, Zəngəzuru Rusiyanın nəzarətindən çıxarmaq istəyir. Baş nazirin müavini Qriqoryan da bununla bağlı fikir səsləndirib. Amma Rusiya ciddi şəkildə etiraz edir və bildirir ki, indiyədək bu bölgəyə mən nəzarət etmişəmsə, bundan sonra da nəzarət edəcəm. Hətta belə səviyyəsiz fikirlər səsləndirirlər ki, Rusiya olmasa, Azərbaycanla Türkiyə sizi sıxıb, suyunuzun çıxarar.

Bütün bunların hamısı iftira və yalandır, amma Rusiya hələ ki, pəncəsini buradan çəkmək istəmir. Eyni zamanda, bu yolu maliyyələşdirən Avropa Birliyi və sülhyaratma prosesində bütün ipləri əlinə almış ABŞ da Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyir. Xüsusən də Rusiya qoşunlarının Ermənistanın İranla sərhədində dayanmasını istəmirlər. Bu kimi səbəblərdən proses uzana, ciddi ixtilaflarla müşayiət oluna bilər. Amma sonda bu xəttin və Zəngəzurun Rusiyanın nəzarətindən çıxacağını düşünürəm.

- Rusiya açıq şəkildə Qarabağ erməniləri ilə Bakı arasında dialoqa qarşı olduğunu bildirdi. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dilə gətirdi. Zaxarova guya bu proses ABŞ-ın vasitəçiliyi ilə olduğu üçün buna qarşı olduqlarını dedi.

- Rusiya indi hər şeyi açıq bəyan edir, necə deyərlər, açıq kartlarla oynayır. Əvvəllər bunu dolayı yolla, incə mesajlarla bildirirdilərsə, bu gün açıq dilə gətirirlər. Həyasızlıqları o yerə çatıb ki, Mariya Zaxarova az qala Qarabağı “rus torpağı” adlandırır. Onun demək istədiyi budur ki, Rusiya “özününkü” hesab etdiyi bu torpaqları heç vaxt əldən verməyəcək. Bu, çox həyasız yanaşma və ideyadır, beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyü və suverenliklərinə böyük sayğısızlıqdır.

Onlar iddia edirlər ki, guya ABŞ Qarabağ ermənilərinə təzyiq edir, onları Azərbaycanın antiterror əməliyyatlarına başlayacağı ilə hədələyir. Əvvəla, biz kimdənsə bu məsələ ilə bağlı himayədarlıq və vasitəçilik xahiş etməmişik. Amerikanın belə bir söz deyib-demədiyi təsdiqlənməyib, heç bəlli deyil. Amm Azərbaycan öz suveren ərazilərində öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edəcək, bu aydındır. Bunu bütün dünya bilir və bu, beynəlxalq hüququn tərkib hissəsidir. Buna ABŞ və ya Rusiyanın müdaxiləsi heç nəyi dəyişməyəcək.

Azərbaycan əvvəllər vətəndaşı olmuş Qarabağ ermənilərinin cəmiyyətimizə inteqrasiyasına və reinteqrasiyasına çalışır, bunun üçün maksimum qüvvə sərf edir, danışıqlar aparır. Rusiyanın müxtəlif təxribatçı müdaxilələri olmasaydı, bununla bağlı məsələ çoxdan həllini tapmışdı. Prosesi çətinləşdirən separatçıların liderləri və onlarla işbirliyində olan Rusiyanın bölgədəki sülhməramlılarıdır. İş o yerə çatıb ki, məsələ təkcə separatçıları qızışdırmaqla bitmir, eyni zamanda, orta məktəblərdə və mülki insanlar arasında “özünümüdafiə tədbirləri” adı altında təxribatçı kampaniyalar aparırlar. Bir ovuc ermənini böyük Azərbaycana xalqına qarşı qızışdırırlar. Bunlar təxribatçı addımlardır. Azərbaycan buna öz ciddi etirazını bildirib.

Son günlərdə Rusiya-Azərbaycan münasibətlərində də bir soyuqluq hiss edilir. Azərbaycanın Londonda keçirilən Ukraynanın Bərpası Konfransında iştirakı və İrpen şəhərinin bərpasında iştirak etmək qərarı Rusiyanı bir az da qəzəbləndirib. Azərbaycanın davranışlarında hansısa nöqsan tapmaq mümkün deyil. Dünyanın əksər ölkələri Ukraynaya yardım məsələsində həmrəydir. Bunu təkcə müharibə dövründə yox, ondan sonra da davam etdirmək istəyirlər. Əgər kimsə Azərbaycanın qərarlarından qəzəblənirsə, bu qəzəblərini udmaqdan başqa yolları yoxdur. Çünki bu, gedən proseslərin məğzindən doğan bir addımdır. Azərbaycan dünyada həmrəy hərəkət edən xalq və dövlətlərdən geri qalmaq istəmir.

- Böyük Britaniyada səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov ilin sonunadək, hətta bundan da tez sülh sazişinin imzalanacağını açıqladı. Sizcə, bunun üçün zəmin varmı?

- Bu müddətdə sülh sazişi imzalana bilər, bunun üzərində intensiv iş gedir. Xüsusən də xarici işlər nazirlərinin növbəti Vaşinqton görüşünün vaxtının dəqiqləşdirilməsi deməyə əsas verir ki, razılaşdırılmayan nöqtələri yaxınlaşdırmaq üçün tərəflər ciddi çalışmalı olacaqlar. Bundan sonra Brüsseldə liderlərin görüşü gözlənilir, zənnimcə, bu sülh müqaviləsinin müddəalarının razılaşdırılması üçün mühüm addım ola bilər. Ermənistan xüsusi iradə ortaya qoyarsa, konstruktivlik nümayiş etdirərsə, xarici işlər nazirlərinin Vaşinqton təmaslarından sonra liderlərin keçiriləcək görüşündə yekun sülh sazişinin müddəaları razılaşdırıla bilər. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Rusiyanın Ermənistandakı “5-ci kolon”u ciddi təxribatlar törədilməsə, ilin sonuna qədər, bəlkə də bir az da tez sülh müqaviləsi imzalana bilər.

Hesab edirəm ki, sülh müqaviləsi imzalandıqdan sonra sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması daha asan və sürətlə həyata keçirilə bilər. Bununla sərhəd toqquşmalarına və xalqlararası ədavətə son qoymaq üçün səylər daha da gücləndiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.