Hökumətin haqqında danışmaq istəmədiyi maaş: - median əməkhaqqı...

24-06-2023, 11:29           
Hökumətin haqqında danışmaq istəmədiyi maaş: -
Dövlət Statistika Komitəsi mütəmadi orta aylıq əməkhaqqı ilə bağlı statistika açıqlayır. Hər dəfə yeni rəqəmlər ortaya çıxanda sosial mediada istifadəçilər hesabatı rişxəndlə qarşılayırlar. Çünki orta aylıq əməkhaqqı ilə bağlı təqdim olunan statistika reallıqdan xəbər vermir. Son açıqlamada təxminən 901 manatdan söhbət gedir. Halbuki ətrafımızdakı insanların əksəri bu məbləğdən xeyli az məvacib alır. İnsanların statistikaya inanmaması təbii görünür.
TEREF.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, indi dünyada orta aylıq əməkhaqqı sosial mənzərəni göstərmək baxımından əhəmiyyətli göstərici sayılmır. Bu rəqəmlər daha çox maaş artımını göstərmək üçün lazım olur. Gerçək vəziyyət barədə median əməkhaqqı danışır.

Nədir median əməkhaqqı? Bu, ümumi əməkhaqqı cədvəlinin tən ortasında qərarlaşan işçinin məvacibidir. Yəni müəssisədə 19 nəfər çalışırsa, maaşının həcminə görə 10-cu sırada qərarlaşan şəxsin məvacibi median əməkhaqqı sayılır. Deməli, median əməkhaqqı ölkədəki işçi qüvvəsinin yarısının hansı göstəricidən az qazandığını ortaya qoyur.

Azərbaycanda 2021-ci ilin əvvəlindən median əməkhaqqı hesablanır. Amma açıq-aşkar görünür ki, hökumət bu məsələdə həvəsli görünmür. Çünki orta məvaciblə median əməkhaqqı arasında kəskin fərq var. Məhz bu amil Dövlət Statistika Komitəsinin şəffaflığına xələl gətirir.

Son açıqlamaya görə, ölkədə median əməkhaqqı 410 manatdır. Yəni orta məvacibdən 2,2 dəfə az. Olduqca böyük fərqdir. Ya Dövlət Statistika Komitəsi gerçəkliyi gizlədir, ya da müəyyən müəssisələrdə yüksək maaş verilməsi orta aylıq əməkhaqqının məbləğini şişirdir.

Sosial mediada orta aylıq əməkhaqqı ilə bağlı bir zarafat dolaşır. Belə deyilir: “Mən kələm, məmur ət yeyir. Orta göstərici budur ki, kələm dolması yeyirik”. Həqiqətən də, orta aylıq əməkhaqqının riyazi göstəricidən başqa bir şey olmamasına, real sosial durumu ortaya qoymamasına ən bariz nümunədir. Kimlərinsə yüksək maaş alması hələ ölkədə məvacibin qənaətbəxş olması anlamına gəlmir.

Ölkədə median əməkhaqqının 410 manat olması o deməkdir ki, işləyən kəsimin yarısı bundan daha az qazanır. Təsəvvür eləyirsiniz, necə ağır durumdayıq? Minimum əməkhaqqı 345 manatdır. Deməli, işləyən kəsimin 50 faizə qədəri minimum əməkhaqqına yaxın məbləğlə keçinməli olur. Sadəcə, rüsvayçılıqdır. Hökumət iddialı danışanda elə özü açıqladığı rəqəmlərə diqqətlə baxsın. İnsanlar qəpik-quruşla yaşamaq məcburiyyətində qalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.