İndiki Rusiyanı 100 il öncəki Rusiya ilə müqayisə etmək səhvdir…

27-06-2023, 11:04           
İndiki Rusiyanı 100 il öncəki Rusiya ilə müqayisə etmək səhvdir…·
Vladimir Putin iyunun 24-də Rusiya əhalisinə müraciətində yüz il öncəki tarixə ekskurs etdi və Priqojinin qiyamı nəticəsində yaranmış vəziyyətin 1917-ci ilin hadisələrinə bənzədiyini vurğuladı.
Bu, Putinin pis tarixçi olduğunu, onun Rusiya tarixini yaxşı bilmədiyini göstərir. Putinin İkinci Nikolayın yolu ilə getdiyini zənn edənlər də səhv düşünür.
Bugünkü Rusiya reallıqları 100 il öncəki Rusiya gerçəkliklərinə heç bir halda bənzəmir. Bir neçə gün bundan əvvəlki yazılarımdan birində tarixçi alim G.Kasyanovun bir fikrinə istinadla bildirmişdim ki, nə hazırkı Rusiya 1917-ci ildəki can verməkdə olan çar Rusiyası deyil, nə Priqojin Lenin və Stalin deyil, nədəki Putin 2-ci Nikolay kimi zəif və iradəsiz dövlət başçısı deyil.
1917-ci ildəki Rusiya Birinci Dünya müharibəsinin mərkəz nöqtəsində çabalayan və məğlubiyyətə sürüklənən yorğun və xəstə bir imperiya idi. Bugünkü Rusiya isə sadəcə Ukrayna ilə vuruşur.
1917-ci ildəki Rusiyada inqilabi şərait yetişmişdi. Gorbagor Leninin məşhur ifadəsi ilə desək, yuxarılar köhnə qayda ilə idarə edə bilmir, aşağılar isə artıq köhnə qaydalarla yaşamaq istəmirdilər. Bugünkü Rusiyada isə belə bir durum yoxdur. Və nə qədər təəccüblü görünsə də, bugünkü Rusiya əhalisinin 70 faizindən çoxu Putinin müharibə siyasətini dəstəkləyir. Ordu generalları da bu son günlərdə Putinə sədaqətlərini nümayiş etdirmək üçün az qala növbəyə düzülmüşdülər.
1917-ci ildəki Rusiyada cəmiyyətlə çar rejimi arasında dəhşətli bir antoqonizm, güclü nifrət vardı. Xalqın mütləq əksəriyyəti çar İkinci Nikolaya dərin nifrət hissi bəsləyirdi. Və bunda bolşeviklərin apardıqları qızışdırıcı əks-təbliğat da mühüm rol oynamışdı. Bugünkü Rusiyada isə cəmiyyətin belə bir differensiallaşmasını və qütbləşməsini müşahidə etmirik.
1917-ci ilin Rusiyasında ideoloji cəbhələşmə, parçalanma hökm sürürdü. Bolşevik-sovet ideologiyası çürümüş çarizmin əsaslarını sökməyə, feodal-burjua sistemini süpürüb tarixin zibilliyinə atmağa hazırlaşırdı. Bir sözlə, vətəndaş müharibəsi üçün tam zəmin vardı.
Bugünkü Rusiyada isə ümumiyyətlə, heç bir ideologiya yoxdur.
Rus cəmiyyəti hazırda ideoloji qısırlıq dönəmindən keçir. Və ruslar siyasi apatiyaya yoluxublar. Hazırda rusların siyasi aktivlik dərəcəsi sıfır səviyyəsindədir. 2023-cü ilin ruslarında vətəndaş müharibəsinə meyllənmək həvəsi yoxdur. Siyasi-ideoloji ehtiraslar yox dərəcəsindədir.
Ona görə də bügünkü proseslərlə 100 il öncəki hadisələr arasında tarixi paralellər aparmaq bir yandan diletantlıqdırsa, digər tərəfdən isə spekulyasiyadır. Tarixi həqiqətlərə, faktlara istinad edəndə ehtiyatlı olmaq lazımdır.
P.S.
Yeri gəlmişkən, hərbi qiyam cəhdindən sonra bu gün Belarusda üzə çıxan "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin, "biz ölkədə hakimiyyəti devirmək üçün deyil, etirazımızı nümayiş etdirmək üçün getmişdik" deyə mediaya açıqlama verdi. Bunun özü də bir daha onu göstərir ki, Priqojində Lenin və ya Stalinin ruhu, zəkası, siyasi iddiaları yoxdur. Ona görə də Priqojinin təkan verdiyi prosesləri 1917-ci ildə cərəyan etmiş qlobal-tarixi dəyişikliklərlə müqayisə etmək sadəcə və sadəcə absurddur.
(Ardı var)
Beybala Mirzeyev
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.