Xəzər dənizində təhlükəli gəlişmə - İran anlaşmanı pozdu

27-06-2023, 18:27           
Xəzər dənizində təhlükəli gəlişmə - İran anlaşmanı pozdu
Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat bildirib ki, İrandan Rusiyaya uçuşlar müntəzəm xarakter alıb, silahlar dəniz yolu ilə də çatdırılır. Onun sözlərinə görə, Rusiyanın Maxaçqala və Həştərxan limanları İrandan gələn hərbi yükləri qəbul edirlər. İqnat qeyd edib ki, bu iki ölkəni Xəzər dənizi birləşdirir və İran istehsalı olan hərbi texnika və silahlar bu yolla çatdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri bildirirlər ki, İranın Xəzərdən Rusiyaya hərbi texnika göndərməsi ilə bağlı xəbərlər başqa mənbələrdən də təsdiqini tapır:

“Rusiya bir neçə il əvvəl Xəzərdən Suriyadakı Bəşər Əsəd rejiminə müxalif olanlara raket zərbələri endirirdi. Rusiya eyni zamanda Xəzərdən hərbi gəmiləri vasitəsilə Ukrayna ərazisinə raket zərbələri endirməkdə davam edir. Bununla həm Rusiya, həm də İran özlərinin imzaladıqları Xəzərin hüquqi statusunu müəyyənləşdirən konevsiyaya zidd siyasət yürüdürlər.

Rusiya son illərdə Xəzərdəki donanmasına 5 hərbi gəmi əlavə edib. Burada sualtı gəmilərinin sayını artırmağı da planlaşdırıb. İran da Rusiya kimi Xəzərdə hərbi gəmilərinin sayını artırıb. İranın Xəzər dənizindəki “Dəmavənd” esminesi yeni raketlər və silahlarla təchiz edilib. İran hərbi gəmiləri vasitəsilə Rusiyaya pilotsuz təyyarələr və dron zavodu üçün avadanlıqlar göndərir.

Xəzərsahili ölkələrin liderləri 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq ediblər. Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndində “Xəzər dənizindən dinc məqsədlər üçün istifadə, onun sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin sülh yolu ilə həlli” nəzərdə tutulub.

Rusiya və İran konvensiyanın bu bəndini pozurlar. Rusiya Xəzərdəki donanmasından Ukrayna ərazisi raket atəşinə tutmaqla bu ölkədəki infrastrukturu dağıdır, mülki insanlar həlak olurlar. Xəzər regionundan Ukrayna şəhərlərinin mülki infrastruktur obyektlərinə raketlərin atılması konvensiyanın müddəalarını kobud şəkildə pozulmasıdır. Ukrayna Xəzərsahili ölkələrdən Azərbaycan, Qazaxıstan və Türkmənistanla tərəfdaşlıq münasibətlərinə malikdir. Rusiya həm Xəzər konvensiyasını pozur, həm də bölgədən Xəzər sahili ölkələrin tərəfdaşının ərazisini bombalayır. Bununla Rusiya Xəzər dənizi akvatoriyasını hərbiləşdirir və bölgəni təhlükə mənbəyinə çevirir”.

Təhlildə qeyd olunur ki, Kremlin Ukraynanı Xəzər akvatoriyasından bombalamasının bir neçə məqsədi var:

“Birincisi, Xəzər qapalı su hövzəsidir. Bu akvatoriyada Xəzərə aid olmayan ölkələrin hərbi gəmilərinin üzməsi mümkün deyil. Ona görə Rusiya donanması Xəzərdən Ukrayna ərazisini bombalayarkən buradan özünə qarşı təhlükə gözləmir. Məsələn, Kreml Qara dənizdəki dəniz donanması vasitəsilə Ukraynanın bombalanmasına risk etmir. Çünki bu halda Ukraynanın cavabı olacaq. Qara dənizdə Ukraynaya tərəfdaş olan sahil ölkələri də Rusiya donanmasına problem yarada bilərlər. Xəzərdə Rusiya üçün belə bir təhlükə yoxdur.

İkincisi, Kreml Xəzər akvatoriyasından Ukraynanı bombalamaqla digər sahilyanı ölkələrə gücünü göstərir və Xəzərdə əsas hərbi gücün Rusiya olduğunu vurğulayır. Rusiya Xəzərdə hərbi gəmilərinin sayını artırmaqla yanaşı, Dağıstan ərazisində yeni hərbi dəniz limanları tikib.

Xəzərsahili ölkələr hələlik Rusiyaya etiraz etmirlər. Ancaq Rusiya Xəzərdən hərbi məqsədlərlə istifadə etməkdə davam edərsə, bu ölkələrin konvensiyanın pozulmasıyla bağlı ortaq bəyanat hazırlayıb yaymasına ehtiyac yaranacaq. Rusiyanın mövqeləri zəifləyib və belə bir bəyanata zərurət artıb. Bəyanat vasitəsilə Kremlə izah edilməlidir ki, Xəzərsahili ölkələr mövcud vəziyyətdən narazıdır və akvatoriyadan Ukraynanın bombalanmasının dayandırılmasını tələb edirlər. Rusiya və İranın Xəzərdə hərbi gəmilərinin sayının artıması Azərbaycan, Qazaxıstan və Türkmənistanın da buradakı hərbi donanmalarını gücləndirməyə məcbur edib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.