Rusiyada xalqların savaşı nə vaxt başlayacaq?

29-06-2023, 08:04           
Rusiyada xalqların savaşı nə vaxt başlayacaq?
Rusiyada son baş verən proseslər bir çox məsələləri, o cümlədən uzun illər müstəqillik mübarizəsi aparan respublikalarda yenidən bu mübarizənin aktiv fazaya keçməsini gündəmə gətirdi.

Faktiki olaraq "Vaqner" qruplaşmasının rəhbəri Yevgeni Priqojinin 1 günlük "qiyamı" Rusiyada mərkəzdənqaçma prosesini tətiklədi. Digər tərəfdən, Rusiya 1 ildən çoxdur Ukraynada müharibə aparır və bu müddət ərzində ciddi itkilərlə üzləşib. Eyni zamanda, müharibənin başladığı gündən ağır siyasi-iqtisadi sanksiyalarla üz-üzə qalıb. Bütün bunlar Rusiyada mərkəzdənqaçma prosesini daha da gücləndirir.

Rusiyada Mərkəzdənqaçma Qafqaz xalqlarının müstəqillik hərəkatına təkan verə bilərmi?

Beynəlxalq məsələlər üzrə ekspert, Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi Əziz Əlibəyli mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında deyib ki, Rusiyada mərkəzdənqaçma meyilləri hər zaman olub:

"Qafqazda hər zaman mərkəzdənqaçma meyilləri olub. Hacımuraddan, Şeyx Şamildən tutmuş 20-ci əsrin əvvəllərində yaradılan bir neçə komitələr belə müstəqilliklərini elan etmək üçün savaşıblar. Yəni 1800, 1900-cu illər, yaxud Birinci Çeçen savaşında xalqlar müstəqillik üçün mübarizə aparıblar. Rusiya daxilində federallaşmadan istifadə edən bəzi xalqlar güclənməyə başlayıb. Digər tərəfdən, Çeçenistan və Dağıstan mərkəzi hakimiyyətə qarşı müqavimət göstərib. Bu da o deməkdir ki, hər zaman Rusiya mərkəzi hakimiyyətinə qarşı çıxış etmək məsələsi aktualdır. Nə zaman Rusiyada mərkəzi hakimiyyət zəifləyəcəksə, bu baş verəcək”.

Ekspert bildirib ki, əvvəlki illərdən fərqli olaraq təşkilatlanma güclüdür:

“Məsələn, Londonda, ABŞ-da, Avropa ölkələrində təşkilatlanmış çeçen qrupları var. Nə zamansa, müstəqillik meyilləri olarsa, o zaman onlar Çeçenistana dönəcəklər. Bu mənada indiki proseslər o tendensiyanı yeniləmiş oldu. Amma əsas sual budur: Rusiyanın mərkəzi hakimiyyəti nə qədər zəifdir? Silahlı üsyana başlasalar, hansı çüqavimətlə üzləşəcəklər? Hələlik bu sualların cavabı ziddiyyətlidir və o xalqların müstəqilliyi ilə bağlı danışmaq çox tezdir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.