Azərbaycanda geri qalan sahələrin "günahkarı" - pandemiya

29-06-2023, 08:24           
Azərbaycanda geri qalan sahələrin "günahkarı" - pandemiya
Turistik səyahət təkcə bir yerdən başqa yerə getmək deyil, həm də mədəni, iqtisadi və sosial ünsiyyətdir.

Turizm sayəsində insanlar yaşadıqları bölgədən kənarda, digər ölkələrin gözəlliklərindən, mədəni irsindən xəbərdar olurlar. Turistlər getdikləri ölkədə və ya bölgədə gördüklərinin müqabilində yerli əhaliyə pul qazandırırlar. Başqa sözlə, turizm səfər edilən ölkənin və regionun iqtisadiyyatına böyük maliyyə gətirir. Bu gün artıq dünyada gəlir gətirən sahələrin sırasında turizm mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, müxtəlif ölkələr bu sırada ilk yerdə qərarlaşmağa çalışır.

Son illər isə davamlı olaraq bu sektorda ilk sıraya Fransa, İspaniya, Misir, Türkiyə kimi ölkələr ilk sıraya adını yazdırırlar. Bunun isə səbəbi təsadüfi deyil. Belə ki, turizmin inkişaf etdiyi ölkələr daha çox turist cəlb etmək üçün əlindən gələni edirlər. Daha yaxşı turist destinasyaları, otellər, daha yaxşı xidmət, daha maraqlı və turisti cəlb edəcək vasitələr yaratmaq, ölkədəki turizm növlərinin sayını artırmaq, "yaşıl çimərlik bayrağı"əldə etmək kimi bir çox faktorlarla bu sektorda lider olmağa, həm ölkəsini təbliğ etmək, həm də qazanc əldə etməyə çalışırlar.

Dünya turizmi pandemiyadan xilas olsa da, Azərbaycan turizmi yerində sayır

Azərbaycan da bir neçə il bundan öncə turizmi prioritet elan edib və bu istiqamətdə addımlar atmağa başlayıb. Bu istiqamətdə bir sıra proqramlar, Yol xəritəsi hazırlandı. Ancaq illər keçsə də, hələ istənilən nəticə yoxdur. Ölkəyə ən çox turistin gəldiyi il 2019-cu il olub ki, həmin dövrdə 3, 5 milyon turist gəlib. Bunu fəxrlə qeyd etsək də, əslində bu, turizmin inkişaf etdiyi ölkələrin yanında çox kiçik bir rəqəmdir. Sonra isə turizmdə baş verən çöküşü pandemiya ilə bağlalar. Artıq pandemiya başa çatıb və dünya ölkələrində bu sektorun sürətlə inkişafını görürük.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı hesabatında (UNWTO) dünyanın bütün bölgələrində turistlərin sayında artım olduğunu, epidemiyadan əvvəl, 2019-cu ildə təxminən 1,5 milyard ilə rekord qırıldığını, 2022-ci ildə isə dünya üzrə əvvəlki turistlərin sayı ilə müqayisədə 900 milyon ilə 63% bərpa olduğunu açıqlamışdı. Epidemiyadan əvvəlki rəqəmlərin 83 faizinə çatan ən yaxın bölgə Yaxın Şərq oldu. Keçən il 585 milyon ilə ən çox turistin getdiyi bölgə olan Avropa, epidemiya öncəsi rəqəmlərin 80 faizinə çatdı. Ümumdünya Turizm Təşkilatının ekspertləri, 2023-cü ildə dünyada turist sayının iqtisadi böhranın inkişafından asılı olaraq epidemiyadan əvvəlki səviyyələrin 80-95 faizi arasında olacağını təxmin edib. Azərbaycan turizminin bugünkü vəziyyətinin "günahkarı" hələ də pandemiya olaraq qalır.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, cari ilin yanvar-may aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 713 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,9 dəfə, Gürcüstana gedənlərin sayı 36,5 faiz artıb, İrana gedənlərin sayı 29,1 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz azalıb.

Ölkə vətəndaşlarının 39,0 faizi Türkiyəyə, 24,3 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 19,4 faizi digər ölkələrə səfər edib. 2023-cü ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 30,0 faizi dəmir yolu və avtomobil, 67,2 faizi hava, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Xatırladaq ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirmişdi ki, xarici və daxili turizmin inkişafı bizim üçün eyni dərəcədə əhəmiyyətlidir:

“Xarici turistlərin ölkəmizə aktiv və səmərəli fəaliyyətini dəstəkləyirik. Hazırda əsas hədəfimiz pandemiyadan əvvəlki rəqəmləri bərpa edib, əvvəlkindən də çevik fəaliyyəti təmin etməkdir. Ötən il 1,6 milyon xarici ölkə vətəndaşını ziyarətçi kimi qəbul etmişik. Bu, pandemiyadan əvvəlki rəqəmlərin 50 faizinə bərabərdir. 2026-cı ildə xarici turist sayını 4, yerli turist sayını isə 6 milyona çatdırmağı hədəfləyirik.

Həmçinin ÜDM-də turizmdən gələn gəlirin 1,5 dəfə artacağını, turizm sektorunda 20 faiz artım olacağını proqnozlaşdırırıq. Əsas məqsəd Azərbaycanı dayanıqlı, keyfiyyətli turizm destinasiyası kimi tanıtmaqdır. Bu istiqamətdə Azərbaycan Turizm Bürosu tərəfindən genişmiqyaslı işlər görülür".

Pandemiyadan əvvəlki hədəfə niyə çata bilmirik?

Statistikada maraqlı məqamlardan biri odur ki, ölkəyə 713 min əcnəbi gəlib, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olub və bu da gedənlərin gələnlərdən az olmadığını göstərir. Eyni zamanda, cari ilin rəqəmlərinə nəzər salsaq görünən odur ki, bu il də pandemiyadan əvvəlki hədəfə çata bilməyəcəyik. Bir faktı da qeyd edək ki, turizm ölkələrinin bu sektorda yararlandığı amillərdən biri də məhz bayram tətillərindən faydalanmaqdır. Biz istər Yeni il, istər Novruz, istərsə Raamazan bayramlarında bu faktordan yararlana bilmədik. Məsələn, bu gün siyahıya turizm ölkəsi kimi adını yazdıran qonşu Türkiyə bayram tətilllərini fürsətə çevirməyi bacarır.

Türkiyə 2023-cü ilin ilk 5 ayında cəmi 15 milyon 593 min 489 ziyarətçiyə ev sahibliyi edib. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Türkiyəyə gələn ziyarətçilərin 14 milyon 34 min 175 nəfərini əcnəbi, 1 milyon 559 min 314 nəfərini isə xaricdə yaşayan vətəndaşlar təşkil edib. 2023-cü ilin yanvar-may dövründə Türkiyəyə gələn xarici ziyarətçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,65 faiz artıb.

Türkiyə il ərzində 60 milyon turistə çatmağı və 56 milyard dollar turizm gəliri əldə etməyi hədəfləyir.Turizmdəki transformasiya ssenariləri 2033-cü il üçün 120 milyard dollar gəlir və 104 milyon ziyarətçi hədəfini ortaya qoyur. Ötən il Türkiyəyə 51,5 milyon ziyarətçi gəldiyi halda, 46 milyard dollar turizm gəliri əldə edilib. Bu statistikaya baxdıqda turizmin inkişafı göz qabağındadır və həmin ölkə də pandemiya yaşayıb.

Doğrudur, bu gün bizdə əsas problemlərdən biri kimi quru yollarının bağlı olması göstərilir və həqiqətən də bu, sektora mənfi təsir göstərir. Ancaq bu da bir faktdır ki, pandemiyadan öncə quru yolları bağlı olmadığı təqdirdə də biz heç milyonlarla turist cəlb edə bilməmişdik. Hazırda isə ölkədə Qurban bayramıdır və Türkiyənin müxtəlif bölgələrində həm yay turizm mövsümü, həm də bayram tətili ilə bağlı gələn turist sayının 80-100 faiz təşkil etdiyi bildirilir.

Ölkəmizə isə nə mövsüm, nə də məhz bayram tətili üçün gələnlərin sayında elə bir artım müşahidə edilmir. Ancaq daxili turizmdən gəlir əldə etmək hədəflənib ki, bölgələrdə baha qiymətə olan turizm imkanlarından isə vətəndaşlar yararlana bilmir. Əgər hələ 2026-cı ildə xarici turist sayını 4 milyona çatmasını hədəfləyiriksə, demək ki, adımızı turizm ölkəsi siyahısında uzun illər görə bilməyəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.