Parisi dağıdan Dərviş deyil, səhv multikulturalizm siyasətidir.

3-07-2023, 09:24           
Parisi dağıdan Dərviş deyil, səhv multikulturalizm siyasətidir.
Avropada İkinci Dünya savaşından sonra ölkələr, şəhərlər dağılmış, milyonlarla insan həlak olmuşdu. ABŞ-ın təqdim etdiyi “Marşal planı”-na uyğun olaraq sənayeləşmə, iqtisadi yenidənqurma işləri başladı, əsasən də Qərbi Almaniya (AFR) sənayeləşmənin əsas mərkəzinə çevrildi. Amma ciddi də problem var idi - əmək qüvvəsi çatışmırdı, işçi qüvvəsi lazım idi. AFR qapılarını açdı, əsasən Türkiyədən 1,5 mln. işçi qüvvəsi cəlb edildi, həmin türklər daha tez dil öyrənməyə, Avropa cəmiyyətinə inteqrasiya olundular – məhz ilk dalğanın uşaqları sonra idmanda, elmdə, siyasətdə alman vətəndaşı kimi ciddi uğur qazanmağa başladılar.
SSRİ dağılandan sonra Qərb dünyası çox arxayınlaşdı, miqrasiya siyasətini dəyişdi, “sol-psevdo-liberal” yanaşma önə çıxdı, sonra da gözəl bir termin uydurdular – multikulturalizm. Qulağa xoş, siyasətə rəng qatan bu termin və yanaşma Avropada müasir “gettoların” yaranmasına, qaçqın və köçkünlərin fraqnentallaşmasına, lokallaşmasına səbəb oldu. Şəhərlərdə ayrıca “ərəb” məhəllələri, sonra isə hətta ölkələr üzrə, məsələn, “əlcazairlilər”, “mərakeşlər”, “liviyalılar”, “suriyalılar”, “iraqlılar” kimi məhəllələr yarandı, inteqrasiya prosesi “multikulturalizmlə” əvəz edildi, güya, bununla insan haqlarına hörmət ifadə edilirdi. Əslində isə dini, etnik azlıqlar öz dünyasında yaşamağa başladılar, dil, qanun, seçki, siyasət öyrənmədən, əsasən də sosial yardımlarla həyat sürməyə başladılar. Yəni, liviyalı özününkü olan dəlləyə gedib saçını kəsdirirdi, əlcəzairli özününkü olan dükana gedirdi, mərakeşli özündən olanın restoranında yemək yeyirdi. Beləliklə də cəmiyyətə qaynayıb-qarışmaqdansa lokallaşıb öz içlərinə qapanırdılar. Uğur yeri siyasət, idman və müsiqi idi – bu da çox azsaylı insanlara məxsus istedaddır ki, yerdə qalanları kasıb və aqressiv həyat yaşamağa başladılar. Avropa ölkələrinin mənasız və səhv multikulturalizm siyasəti cəmiyyəti böldü, inteqrasiyanın qarşısını aldı, nəticədə köçmənlərdə sistemə, ölkəyə, siyasətə qarşı aqressiya günügündən artmağa başladı. Öz kasıb həyatlarının günahını yaşadıqları ölkədə görməyə başladılar, bunun üzərinə də dini faktor gələndə aqressiya daha da artdı və zaman-zaman Fransanın, Belçikanın, Hollandiyanın və s. ölkələrin küçələrinə daşdı. Heç də təsadüfi deyil ki, Qərbi Avropa ölkələrinin vətəndaşlarından 40 mindən çoxu Suriyada “İŞİD”-ə qoşulmuşdu, orda vuruşurdular, onlardan 15 mini həlak olub, yerdə qalanı yenidən öz ölkələrinə qayıdıblar və bu gün küçələrdədirlər.
Təsəvvür edin ki, işi, təhsili olmayan, yaşadığı cəmiyyətin “dilini” bilməyən (söhbət tək fiziki dildən getmir, kodlardan gedir) aqressiv gənclik cinayətkarlığa meyilləndi, Avropa şəhərlərində kriminala çevrildilər. İndi də AB ölkələri dizlərinə döyüb vəziyyətdən çıxmağa yol axtarırlar, amma hələ də öz səhv “multikulturalizm” siyasətlərini etiraf etmirlər – nəticədə bütün AB ölkələrində “sağ”, “millətçi-sağ” cərəyanlar populyarlıq qazanmağa başlayır, ard-ardına seçkiləri udur-udacaq. Bu isə AB ölkərini digər aşırı “uca” sürükləyib problemləri daha da dərinləşdirəcək.
Qısa haşiyə: Bizim hökumət “sol-pvesdo-liberal” Qərb dairələrinin gündəliyini həmişə sözdə dəstəkləyir, onların “damarını” tutublar, dəstək qazanırlar – həmin mövzulardan biri də multikulturalizm idi. İş o yerə çatdı ki, bizdə hətta dövlət büdcəsindən maliyyələşən “Multikulturalizm Mərkəzi” də açdılar, bunu bəh-bəhlə “psevdo-liberallara” yaxşı qiymətə “satdılar”, yəni, göstərdilər ki, onlarla eyni “dalğadadılar”. Halbuki, bizdə bu yanaşma ümumiyyətlə qəbuledilməzdir, çünki, bizdə “gəlmə” yoxdur, artıq minillərlə eyni coğrafiyada yaşayan etnik kimlikləri olan avtoxton millətlər yaşayır və bizim hamımız üst kimlik, vətəndaşlıq tanımı “azərbaycanlı” yanaşması birləşdirir. Bizdə multikulturalizm deyil də, hər bir etnik qrupu birləşdirən “azərbaycanlı=vətəndaş” tanımının gücləndirilməsinə ehtiyac var. Etnik qrupların isə öz dilini, mədəniyyətini, folklorunu qorumaq və inkişaf etdirmək üçün şəraiti olmalı, “azərbaycanlı” kəlməsi isə bizim hamımızın fəxr etdiyi üst kimliyimizə çevrilməlidir. Bunun yolu isə yad və yanlış olan “multikulturalizm” deyil də, bütün vətəndaşların haqq və azadlıqlarının eyni qaydada qorunmasından, təmsilçi demokratiya institutlarının gücləndirilməsindən keçir...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.