“İranda əhali hakimiyyəti özünə yad sayır”

4-07-2023, 00:09           
“İranda əhali hakimiyyəti özünə yad sayır”
İranın keçmiş islahatçı prezidenti Məhəmməd Hatəminin müşaviri olmuş sosioloq deyir ki, əhali ilə indiki ölkə rəhbərliyi arasında heç bir bağ yoxdur. İnsanlar hakimiyyətə güvənmir. Vəziyyət yalnız pisliyə doğru dəyişir.
TEREF.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, Hüseyn Valeh əhalinin hakimiyyəti özünə yad saydığına inanır. Keçmiş müşavir İrana rəhbərlik edənlərin etibarı itirdiyini deyir. Hüseyn Valeh əhalinin istəklərinin nəzərə alınmamasını təhlükəli tendensiya hesab edir.

“Hakimiyyət yad kimi qəbul ediləndə cəmiyyət onun nöqsanlarına dözə bilmir. Ən pisi odur ki, rejim özü ilə millət arasındakı uçurumu doldurmağa çalışmır. Əvəzinə məsafə daha da artır. Populyar tələblərə heç bir halda əhəmiyyət verilmir. Beləcə, yalnız uçurumun böyüməsi müşahidə olunur”.

İranda geniş yayılmış siyasi qeyri-sabitlik 2017-ci ildə, Qərblə uzun illər pisləşən münasibətlərdən və beynəlxalq sanksiyalardan sonra iqtisadiyyatın durğunluğa düçar olduğu vaxt başlayıb. Həmin ilin dekabrında başlayan anti-rejim etirazları əslində heç dayanmadı və 2022-ci ilin sentyabrında ümummilli miqyasda ruhdan düşmüş milyonlarla insan küçələrə çıxdı. Son dörd onillikdə ruhani rejim üçün ən ciddi problem özünü göstərdi.

Həm də Tehranın Şahid Beheşti Universitetinin fəlsəfə kafedrasının dosenti olan Hüseyn Valeh düşünür ki, hökumət və millət arasında parçalanma olanda ölkə qütbləşir: “Belə vəziyyətdə heç kim haqqın səsini eşitmək istəmir. Cəmiyyətdə düşmən münasibətləri yaranır. Həqiqəti müəyyənləşdirmək çətinləşib. Ortada xeyli saxta məlumatlar dolaşır. Bu gedişlə cəmiyyəti yaxşı heç nə gözləmir”.

Keçmiş hökumət sözçüsü Əli Rabiei Hüseyn Valehlə razıdır. Onun fikrincə, İran hökuməti insanların xoşbəxtlyinə qarşı çıxır.

“Təəssüf ki, hökumət 2022-ci ilin payızındakı etiraz aksiyaları zamanı baş verən hadisələri unudub. Bu isə çox təhlükəlidir. Hökumət səbəbləri görməzdən gəlir.

Nəticədə bədbəxt və məyus cəmiyyət formalaşır. Siyasi depressiya özünü sistem daxilində siyasi iştiraka maraqsızlıq və etiraza meyil kimi göstərir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.