Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əsas vəzifələrini açıqladı

25-06-2016, 14:03           
Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əsas vəzifələrini açıqladı
“Xalqımızın və dövlətimizin mənafelərinin, təhlükəsizliyinin qətiyyətlə qorumasında, Silahlı Qüvvələrimizin gücünün və qüdrətinin təmin edilməsində dövlət təhlükəsizlyi orqanlarının da üzərinə məsul və şərəfli vəzifələr düşür”.

Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə bağlı yazdığı məqaləsində qeyd edib.

M.Quliyev vurğulayıb ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti dövlətimizin müstəqillik, suverenlik və tərəqqi siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin təmin edilməsinə yönəlib:

“Günün tələbləri nəzərə alınaraq, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli, məqsədyönlü və çevik təşkilinə təkan verib. Ölkəmizin milli maraqlarına qarşı təhdidlərin vaxtında aşkar edilərək müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, dövlətçiliyin və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi, cinayətkarlğa qarşı təsirli və səmərəli mübarizə aparılması bu baxımdan ən ümdə vəzifələrimizdir”.

M.Quliyev bildirib ki, müharibə vəziyyəti ilə yanaşı, ölkəmizin xarici kəşfiyyat orqanlarının diqqətini cəlb etməsi, beynəlxalq miqyasda terrorizm hallarının artması da təhlükəsizlik xidməti əməkdaşlarından daim ayıq-sayıq olmağı, dövlətimizin, xalqımızın, vətəndaşlarımızın təhlükəsizliyini peşəkarlıqla təmin etməyi tələb edir:

“Bu gün Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini, milli inkişaf strategiyasını müasir dövrün çağırışlarına uyğun olaraq daha da zənginləşdirən və uğurla gerçəkləşdirən möhtərəm Prezidentimiz, Ali Baş Komandan, Zati-aliləri cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, məqsədyönlü, düşünülmüş və praqmatik siyasəti nəticəsində dövlət müstəqilliyimiz gündən-günə möhkəmlənir, ölkəmiz istər siyasi-iqtisadi, istərsə də hərbi baxımdan getdikcə daha da qüdrətlənir.

Xalqımız Silahlı Qüvvələrimizin Ali Baş Komandanının möhkəm iradəsi və səyi nəticəsində ölkəmizin ərazi bütövlüyünün tezliklə təmin olunacağına və üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanacağına əmindir. Silahlı Qüvvələrimiz bu şanlı və şərəfli vəzifəni yerinə yetirməyə daim hazırdır. Bütün qoşun növlərinin şəxsi heyətinə uzaqda olmayan qələbə günü naminə böyük uğurlar və zəfər arzulayıram!”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.