Aşuranın mahiyyəti nədir: zəncir vurmaq, başa döymək, kimisə təhqir etmək? - Məhərrəm ayının ƏSL VACİBATI

19-07-2023, 15:58           
Aşuranın mahiyyəti nədir: zəncir vurmaq, başa döymək, kimisə təhqir etmək? -
Aşuranın mahiyyəti nədir: zəncir vurmaq, başa döymək, kimisə təhqir etmək? - Məhərrəm ayının ƏSL VACİBATI
Bu gündən Məhərrəm ayı başlayır. Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır, yeni 1445-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2023-cü il iyul ayının 19-na, Aşura günü isə iyul ayının 28-nə təsadüf edir. Aşura günü Azərbaycanda da məscidlərdə dini mərasimlərlə qeyd olunur. Lakin bəzi insanlar məscidlərdə özlərinə işgəncə verib, bədənlərinə xəsarət belə yetirirlər. Bəs həqiqətən bunlar İslam qanunlarına uyğundurmu?

Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli Publika.az-a açıqlamasında bildirib ki, Məhərrəm ayı İslam tarixində dörd böyük müqəddəs aydan biri sayılır.

“Keçmişdə müqəddəs aylarda müharibələr belə dayandırılırdı. Təbii ki, İslam dinindən sonra insanların həyatına yeni bir rəng və gözəllik qatıldı. Məhəmməd peyğəmbərin (s.a.v.) yaşadığı dövrdə Məhərrəm ayı indiki kimi olmayıb. O dövrdə 12 ayın içində ən fəzilətlisi Ramazan ayı idi. Qurani-Kərim Ramazan ayında endiyindən bu aya daha fərqli baxılırdı. Demək olar ki, peyğəmbərlərin həyatlarında baş verən hadisələr Məhərrəm ayının 10-cu günündə baş verib. Hz.Musanın (s.a.v.) Firondan qurtuluşu, İbrahim peyğəmbərin atəşdən xilas olması hətta Hz.Yusif (s.a.v.) quyudan çıxdığı gün Aşura günə təsadüf edir”.

İlahiyyatçının sözlərinə görə, tarix boyunca Məhərrəm ayına fərqli cür baxılıb və yanaşılıb:

"Məhərrəm ayının 10-cu günündə Kərbəla meydanında İmam Hüseyn və 72 nəfər tərəfdarı şəhid olub. Bütün bunların fonunda Məhərrəm ayına fərqli baxış gəlib. Əsrlər boyu Azərbaycan xalqının yaddaşında iz qoyan Məhərrəm ayının Aşura günü – Peyğəmbərimiz Məhəmməd (s.a.s.) nəvəsi İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə qarşı mübarizədə şəhadətə yetişməsi dünya tarixində fədakarlıq salnaməsi kimi dəyərləndirilir. Buna görə də Məhərrəm ayı boyunca Azərbaycanda da matəm məclisləri qurulur. Ay boyunca toy etməyən, əyləncələrdən çəkinənlər də az deyil. Təbii ki, bizim üçün şəhidlər hər zaman əzizdir. Elimizdən bir şəhid gedibsə o şəhidin vəfat günündə toy etmirik”.

İlahiyyatçı Məhərrəm ayına olan bütün ehtiramların peyğəmbərin və Quran-ın hədisləri ilə deyil, daha çox İmam Hüseynin şəhadəti ilə bağlı olduğunu diqqətə çatdırıb:

“Lakin bəzi məqamlara toxunmaq lazımdır. Çoxları düşürün ki, bu ayda özümə əziyyət verim. Axı, bu yanaşma düz deyil. Dinimizdə birmənalı olaraq zəncir vurmaq, özünə və ya başqasına xəsarət yetirmək, kimisə təhqir etmək qadağandır. Bu gün ölkəmizdə Aşura günündə insanları Quran oxumağa, ehsan verməyə cəlb edirik. Xalqımızı daha çox humanist olmağa çağırırıq. Bu ayda mənəviyyatımızı yenidən saflaşdırmaq üçün əsl fürsətdir. Aşura gününü çox ağır gündür, lakin matəm günündən ziyadə mənəvi birlik günü olmalıdır. Matəm deyib insanları bir-birindən ayırmaqdansa, birlik təşkil etmək lazımdır. O birliyi əldə etsək təbii ki, İmamın şəfaətinə nail olarıq”.

Aysel Şahmar












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.