Rus qoşunları Ermənistandan ÇIXIR? - Artıq bəhanə var...

6-09-2023, 00:00           
Rus qoşunları Ermənistandan ÇIXIR? -
Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən Ermənistanın Baş naziri təzadlı fikirlərilə siyasi manipulyasiya etdiyini açıq-aşkar büruzə verir. Qarabağda separatizmi dəstəkləyən Paşinyan qondarma rejimə Ermənistan büdcəsindən 400 milyon dollar ayırmaqla Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxır. Bundan başqa, Ermənistan rəhbəri işğalçı imicini üzərindən atmaq üçün Azərbaycanın ərazi bütövlüyünü şifahi tanımaqla siyasi manipulyasiya edir. Ardınca isə Qarabağda erməni separatizminin ildönümü ilə bağlı bəyanatı Paşinyanın siyasi simasını bir daha ortaya qoydu.

TEREF.AZ bildirir ki, mövzuyla bağlı KONKRET.az-ın suallarını cavablandıran politoloq Turab Rzayev Paşinyanın bu açıqlamasının çox da ciddiyə alınmasının tərəfdarı olmadığını deyib:

“Qabaqdan separatçı rejimin ildönümü gəlirdi. Həm daxili müxalifət, həm Qarabağdakı separatçı rejim, həm xaricdəki erməni lobbisi, həm də Paşinyanı hakimiyyətdən uzaqlaşdırıb revanş götürmək istəyən qüvvələr Ermənistan baş nazirinə müəyyən problemlər yaradırlar. Ona görə də ildönümlə bağlı Paşinyan hər hansı açıqlama verməliydi. Bəli, bu açıqlama Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıma prinsiplərinə ziddir. Digər tərəfdən, ifadəsində belə bir mövqe var ki, “nə qədər ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi təmin edilməyib, bu qurum öz varlığını davam etdirməlidir”. Paşinyan səbəb olaraq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini görür. Azərbaycan isə ona cavab verə bilər ki, Azərbaycan tərəfi Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsini öz öhdəsinə götürür. Belə olduğu halda Qarabağda hansısa separatçı qurumun qalmasına ehtiyac duyulmur. Bu şərtlər daxilində separatçı rejimə yardım dayandırılmalı və reinteqrasiya prosesi başlanılmalıdır”.

Politoloq Paşinyanın Qərb mətbuatına müsahibəsinə də aydınlıq gətirib. Bildirib ki, o, regionda təxribatların Rusiyanın əli ilə törədildiyini çox yaxşı bilir:

“Müharibəni qızışdıran, təxribatlar törədən tərəf böyük ehtimalla Rusiyadır. Azərbaycanın Ermənistanla müharibə aparması üçün elə bir səbəb yoxdur. Bizim çalışdığımız Qarabağdakı ermənilərin reinteqrasiyası prosesidir. Çünki sülhməramlı kontingentin Azərbaycan ərazilərini tərk etmələrinə cəmi iki il qalır. Bu az vaxt ərzində Azərbaycan Qarabağdakı silahlıları tərksilah etməlidir. Halbuki üçtərəfli bəyanata əsasən, bunu Rusiya sülhməramlıları özləri etməliydilər. Əksinə, orada 80 erməni postu qurulub, əlavə səngərlər qazılıb, Çindən dronlar gətirilib. Bütün hallarda Qarabağdakı separatçı ordu gücləndirilib. Deməli, biz qarşıdakı iki il ərzində həm Qarabağdakı ordunu oradan çıxartmalıyıq, tərksilah etməliyik, həm də reinteqrasiya prosesinə başlamalıyıq. Bunun üçün çox az vaxtımız qalıb.

Digər tərəfdən, 44 günlük müharibədə acınacaqlı məğlub olan Paşinyana növbəti məğlubiyyət lazım deyil. Bu, siyasi intihara bərabərdir. Deməli, nə Ermənistan, nə də Azərbaycan genişmiqyaslı müharibə istəyir. Bəs onda bu təxribatları kim törədir? Aydın məsələdir ki, bu sualın cavabını Ermənistan ordusunun baş qərargahında yatan Rusiyaya bağlı qüvvələr bilir. Bundan əvvəl Zəngilan istiqamətindəki təxribatlarda da Paşinyan çıxışında dedi ki, “ali baş komandan mənəmsə, mən belə bir göstəriş verməmişəm”.

Həmin vaxt baş qərargahın rəhbərliyinə ciddi irad bildirmişdi. Paşinyan da gözəl bilir ki, baş qərargah göstərişləri Rusiyadan alır. Rusiya niyə bu təxribatları edir? Rusiya düşünür ki, Ukrayna münaqişəsi bitməmiş bölgədə sülh müqaviləsinin bağlanması Rusiyanın maraqlarına uyğun deyil. Sülh müqaviləsi Qərbin iştirakıyla bağlanacaq, digər tərəfdən sülh prosesi başa çatarsa, Azərbaycan sülhməramlıları öz ərazisindən çıxardığı kimi, Ermənistan da 102-ci hərbi bazanı öz ərazisindən çıxaracaq. Ermənistan düşünəcək ki, sərhəddə və Qarabağdakı müharibədə ruslar ona kömək etmədisə, onların Ermənistanda qalması məqbul deyil. Paşinyan da çəkinmədən Qərb mətbuatında Rusiyanın əleyhinə çıxışlar edir və tezliklə Rusiyanın Cənubi Qafqazı tərk edəcəyini deyir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.