2 alan diplomlular: - Müəllimlərin müəllimləri də imtahan edilsin

6-09-2023, 10:10           
2 alan diplomlular: - Müəllimlərin müəllimləri də imtahan edilsin
Ötən ildən başlayaraq ölkədə sertifikatlaşdırma proseslərinə start verilib.

2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün isə bu il avqustun 29-da təkrar imtahan təşkil olundu.

İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü il tarixindən xitam verilməsi prosesinə başlanılıb.

Təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 1 939 müəllim iştirak edib. Onlardan 1 334 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak hüququ qazanıb. Qeyd edək ki, sertifikasiya imtahanlarından bir müddət əvvəl isə müəllimlərin işə qəbul (MİQ) imtahanı keçirildi. 11-15 iyul tarixlərində ölkənin 13 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 29 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları yekunlaşdı. Test imtahanlarına 58 000-ə yaxın namizəd dəvət olunmuşdu ki, onlardan 47 571 namizəd iştirak etdi.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə yüksək bilik və bacarıqlı müəllimlərin aşkarlanmasına, peşəkar və mütəxəssis müəllimləri tapmağa imkanı verir, bu da öz növbəsində tədris prosesindəki effektivliyi artırmağa kömək edir. Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi. 9-18 avqust tarixlərində təşkil olunan müsahibələrdə 4300 nəfər uğur qazanıb.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin hər iki mərhələsində uğur qazanmayanlar müəllimlərin işə qəbulu üzrə müsabiqədə - MİQ imtahanlarında iştirak edə biləcəklər. Beləliklə, həm MİQ, həm də sertifikasiya imtahanlarında uğur qazanmayan müəllimlər oldu. Ancaq həmin müəllimlərin imtahanlardan keçə bilməməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı.

Belə ki, müxtəlif ali təhsil müəssisələrinin məzunları olan müəllimlərin tədris etdikləri fənndən imtahanda uğur qazanmaması heç də müsbət hal deyil. MİQ imtahanlarında ali məktəbi yeni bitirən gənc müəllimlərlə yanaşı, yerdəyişmə məqsədilə imtahan verən müəllimlər də iştirak edib.

Sertifikasiya imtahanlarında isə əsasən bir neçə ildir hətta ömrünün 25-30 ilini tədrisə həsr edən müəllimlər də iştirak edir. Ancaq neçə illərdir ki, təhsilin təməlinin qoyulduğu ibtidai sinifdə tədrislə məşğul olan müəllimin öz fənnindən uğur qazanmaması təəccüb doğurur.

Hətta ibtidai sinif müəllimlərinin iştirak etdiyi sertifikasiya imtahanlarında sualların çox asan olduğu deyilir. Özü həmin fənndən imtahan verə bilməyən müəllim şagirdlərdən necə təhsil tələb edə bilər? Əgər imtahan zamanı suallar daha çətin olsaydı, demək ki, uğur qazanmayan “müəllimlərin” sayı daha çox olardı.

Fakt odur ki, bu gün həm MİQ, həm də sertifikasiya imtahanlarında uğur qazanmayan müəllimlər var. Bəs bunun səbəbi nədir? Həmin müəllimlər ali təhsil ocaqlarının, pedoqoji texnikumlar, kolleclərin məzunlarıdır. Onlar təhsili başa vurduqları üçün diplom alıblar.

Əgər həmin “diplomlu müəllim” imtahandan keçə bilmirsə, təhsil aldığı müddətdə hansı biliyə yiyələnib? Buradan görünən odur ki, əgər müəllim öz istisasından imtahan verə bilmirsə, demək, təhsil aldığı müddətdə heç bir biliyə malik olmayıb. Həmin ali, orta ixtisas məktəblərinin onlara necə diplom verməsi də başqa bir müzakirə mövzusudur.

Bu baxımdan da Elm və Təhsil Nazirliyi artıq ali və orta ixtisas məktəblərində də belə bir prosesin təşkilinə başlamalıdır. Yəni MİQ və sertifikasiya imtahanlarından keçə bilməyən “müəllimlərə” təhsil verən müəllimlərin özlərini də belə imtahanlara cəlb etmək lazımdır.

Əgər uzun illər məktəblərdə dərs deyən müəllim ibtidai sinif fənnlərindən uğur qazana bilmirsə, demək ki, ali və orta ixtisas təhsili müəssisələrində də belə “müəllimlər”lə rastlaşacağıq.
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.