Ermənistanda döyüş hazırlığı: Yüz milyonlarla dollarlıq silah - NƏ ETMƏLİ?

7-09-2023, 00:05           
Ermənistanda döyüş hazırlığı:
Hindistan Ermənistanı silahlandırmağa davam edir.

Belə ki, bu ölkənin Ermənistana silah tədararükü edəcəyinə dair yeni məlumatlar yayılıb.

Qeyd olunur ki, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah satacaq.

Razılaşmaya “Pinaka” raket sistemləri və onların sursatları, eləcə də tank əleyhinə digər silahlar daxildir.

Bununla yanaşı, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon dollar olan "ATAGS" daşınan haubitsaları da tədarük ediləcək.

Maraqlıdır, Hindistanın Ermənistanı silahlandırmaqda məqsədi nədir? Erməniləri Qarabağda yeni müharibəyə hazırlaşdırırlar?

TEREF.AZ-ın məlumatına görə, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan son dövrlərdə Nikol Paşinyanın timsalında fərqli ritorika ilə çıxış edir:

“Faktiki olaraq, sülh danışıqlar masasından geri çəkiliblər. Paşinyan 2022-ci ilin oktyabrında Praqa və bu ilin mayında Brüsseldə ölkəmizin ərazi bütövlüyünü tanıdığını, eyni zamanda Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etmişdi.

Amma Paşinyan bir neçə gün öncə qondarma rejimin “müstəqilliyini” təbrik etdi və Azərbaycana demədən ora “humatinar yardım” göndərməklə “şou” həyata keçirdi. Yəni atdığı hər iki addımla və son dövrlərdəki ritorikası ilə sülh masasından çəkildiyini, mövqeyini 180 dərəcə dəyişdiyini nümayiş etdirməkdədir.

Bu isə hərbi eskalasiyaya aparan yoldur. Təbii ki, bu vəziyyət sonsuza qədər davam edə bilməz və Azərbaycanın da səbri tükənə bilər”.

O vurğulayıb ki, Ermənistan da fərqindədir ki, sülh müqaviləsi imzalanmayacaqsa, hərbi qarşıdurma yaşana bilər:

“Üstəlik, Ermənistana dəstək verən güclər də onları silahlandırmağa davam edir. Təəssüflər olsun ki, Hindistan bu prosesdə aktiv rol oynayır.

Həmçinin, İran, Fransa, Kanada və digər dövlətlər də Ermənistanı silahladırmağa davam edir. Hindistan bu məsələdə erməni mövqelərindən çıxış edir. Hindistanın Ermənistanı silahlandırması, rəsmi Dehlinin burada iqtisadi maraqlarının olduğunu göstərir”.

Partiya sədri əlavə edib ki, Ermənistan çalışır ki, hər hansısa hərbi eskalasiya olarsa, Azərbaycana müqavimət göstərə bilmək üçün özünə mövqe formalaşdırsın:

“Lakin bu da mümkün ola məsələ deyil. Azərbaycan da hərbi sahəyə kifayət qədər ciddi diqqət ayırır. Hərb sənayesinə və orduya ayrılan vəsaitlərin də əvvəlkindən daha artıq olduğunu nəzərə almaq lazımdır. Belə bir deyim var ki, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan.

Azərbaycan regionun ən güclü ordusuna malikdir. Ermənistanın silahlanmasına rəğmən, ordusu 2 il bundan əvvəl Azərbaycan Ordusu tərəfindən darmadağın edilib. İndi də Azərbaycan Ordusuna hərbi müqavimət göstərmək imkanlarına malik deyil.

Əslində, ermənilərin silahlanması bölgədə sülhün və sabitliyin mövcudluğuna təhdiddir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.