Paşinyanın "Biz ekstraterritorial dəhliz vermək niyyətində deyilik”. fikrinin arxasında nə dayanır?

20-10-2023, 16:53           
Paşinyanın "Biz ekstraterritorial dəhliz vermək niyyətində deyilik”. fikrinin arxasında nə dayanır?

Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı danışıb.

O, Avropa Parlamentində çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı əvvəlki mövqeyindən kifayət qədər fərqlənən fikirlər səsləndirib. Paşinyan bildirib ki, ora sülh mesajı ilə gəlib və sülh gündəmini davam etdirmək niyyətindədir:

“Ermənistan Meğri dəmir yolunu bərpa etməyə, magistral yol çəkməyə, prosedurları sadələşdirməyə, təhlükəsizliyi təmin etməyə hazırdır, lakin ekstraterritorial dəhliz vermək niyyətində deyil”.

Maraqlıdır ki, Nikol Paşinyan indiyə kimi tam qarşı olduğu Zəngəzur dəhlizinə fərqli formada münasibət bildirir. Görünür, Ermənistanın bundan imtina etməsindən sonra Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək quru yolunun Ermənistandan deyil, İrandan keçməsinin gündəmə gəlməsi rəsmi İrəvanın geri addım atmasına səbəb olub.

Çünki sözügedən yolun İrandan keçməsi Ermənistanı böyük bir layihədən də kənar qoyacaq. Bəlkə də Nikol Paşinyan bu səbəbdən Zəngəzur dəhlizi məsələsinə hər zamankından fərqli münasibət bildirib.

Ümumiyyətlə, Ermənistanın Baş nazirinin mövqeyinin dəyişməsinin əsas səbəbi nədir?

TEREF.AZ-ın məlumatına görə, AĞ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Ermənistan həm Zəngəzur dəhlizinə qarşı çıxır, həm də layihələrdən kənarda qalmaq istəmir:

“Çünki Zəngəzur dəhlizi sadəcə Azərbaycanın marağında deyil. Bu, həm də region və dünya ölkələrinin marağındadır. Xüsusilə, Türkiyə, Rusiya, Çin, Böyük Britaniya kimi ölkələr bunda maraqlıdırlar. Ümumiyyətlə, Zəngəzur dəhlizi açıldıqdan sonra yeni layihələr də həyata keçəcək. Bunlar isə yeni maliyyə axını deməkdir və Ermənistan bundan kənarda qalmaq istəmir. Çünki Azərbaycan elan etmişdi ki, Ermənistanla alınmasa, həmin yol İrandan keçəcək. Belə olacağı təqdirdə isə Ermənistan layihələrdən kənarda qalacaq”.

Politoloq diqqətə çatdırıb ki, Paşinyan maliyyə məsələlərinə görə geri addım atdı:

“Təbii ki, Nikol Paşinyanın mövqeyinin dəyişməsinə əsas səbəb iqtisadi məsələlərdir. Amma onu siyasi məsələlərdə də geri çəkilməyə məcbur etməliyik. Həmçinin, İran faktorunu da vurğulamaq lazımdır. Hər bir ölkə öz maraqlarını müdafiə etməyə çalışır”.

Əhəd Məmmədli onu da qeyd edib ki, Azərbaycan Zəngəzur məsələsindən imtina etməməlidir:

“Prezident İlham Əliyev də Füzulidə vurğuladı ki, biz Zəngəzura tanklarla deyil, mülki avtomobillərimizlə qayıdacağıq. Çünki Zəngəzur bizim dədə-baba torpağımızdır. Cəmi 100 il bundan əvvəl Zəngəzur bizdə olub. Düşünürəm ki, bu məsələ bizim üçün prioritet olaraq qalmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.