Fransanın DST əks-kəşfiyyatı ilə əməkdaşlığa gedərək SSRİ-nin sənaye casusluğuna böyük zərbə vuran KQB podpolkovniki Vladimir Vetrov.

Bu gün, 08:14           
Fransanın DST əks-kəşfiyyatı ilə əməkdaşlığa gedərək SSRİ-nin sənaye casusluğuna böyük zərbə vuran KQB podpolkovniki Vladimir Vetrov.
Soyuq müharibə çərçivəsində Qərb ölkələrinin atdığı ilk addımlardan biri 1949-cu ildə İxraca Nəzarət üzrə Koordinasiya Şurasının (Coordinating Committee for Multilateral Export Controls, CoCom) yaradılması oldu. Mənzil-qərargahı Parisdə olan təşkilat SSRİ və digər sosialist ölkələrinə ixrac edilən mallara çoxtərəfli nəzarət həyata keçirirdi.
CoCom-un 17 üzvü vardı: ABŞ, Avstraliya, Qərbi Almaniya, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İtaliya, İspaniya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya, Türkiyə, Yaponiya və Yunanıstan. Bundan əlavə, Avstriya, Finlandiya, İsveç, İsveçrə, İrlandiya və Yeni Zelandiya təşkilatla əməkdaşlıq edirdi.
SSRİ və sosialist ölkələri də buna cavab olaraq sırf sənaye casusluğu ilə məşğul olan qurumlar yaratdılar. Belə qurumların casus şəbəkəsi get-gedə genişləndi. Sovet casusları müxtəlif yollarla - məsələn, sol görüşlü alimlərin ideoloji motivlərlə ələ alınması və ya pulla satın alınması, - Qərb texnologiyası, aparılan araşdırmalar barədə məlumat toplayır, çertyojlar və hətta nümunələr əldə edirdilər. Qərb ölkələrində qeydiyyatdan keçmiş saxta şirkətlər vasitəsilə sosialist ölkələrinə ixracı qadağan olunan avadanlıqlar, komponentlər və s. əldə edilirdi.
1932-ci ildə Moskvada anadan olmuş Vladimir Vetrov ilk dəfə 1965-ci ildə sovet ticarət nümayəndəliyinin əməkdaşı kimi Fransaya göndərildi. O, aerokosmik və hərbi sahələrdə də istfadə edilən elektronika məhsulları istehsal edən “Thomson-CSF” şirkətinin fəaliyyəti ilə maraqlanırdı.
Vetrov 1974-cü ildə Kanadanın fransızdilli Monreal şəhərinə göndərildi, amma bir il sonra naməlum səbəblərdən geri çağrıldı. Görünür, hansısa pozuntya yol vermişdi və növbəti illər ərzində xaricə buraxılmadı.
Onsuz da xeyli sirr daşıyıcısı olan Vetrovun Moskvada təyin edildiyi vəzifə onun informasiyasını daha da genişləndirdi. O, xaricə buraxılmamağından doğan məyusluqdanmı, ya nədənsə, malik olduğu informasiyanı Qərbə ötürməyi qərara aldı.
Vetrovun DST ilə əməkdaşlığı 1981-ci ilin fevralında başladı. “Farewell” kod adı verilən KQB podpolkovniki fransızlara 4 minə yaxın məxfi sənəd və diplomat vəzifəsi tutub əslində sənaye casusluğu ilə məşğul olan 250 nəfərin adını verdi.
Vetrovun Qərbə ötürdüyü məlumatlar arasında Sovet İttifaqının elmi-texniki kəşfiyyat sahəsindəki səylərinin tam təşkili sxemi də var idi. Vetrov bu proqramın qarşısına qoyulan vəzifələr, əldə edilən nailiyyətlər və yerinə yetirilməmiş hədəflər barədə məlumat verdi. O, həmçinin Qərbin 15 ölkəsində fəaliyyət göstərən KQB-yə bağlı 70 mənbənin və elmi-texniki məlumatların toplanması ilə məşğul olan 450 sovet kəşfiyyatçısının adlarını açıqladı. Fransızlar və qərblilər sənaye casusluğu şəbəkəsinin miqyasından şoka düşdülər. Qərb ölkələrindən təxminən 150 sovet kəşfiyyatçısı çıxarıldı. Yalnız Fransadan 47 sovet kəşfiyyatçısı qovuldu.
Vladimir Vetrov 1982-ci ilin fevralında məşuqəsi Olqa ilə Moskva ətrafında istirahət edərkən aralarında mübahisə yarandı. Podpolkovnik Olqaya arvadından boşanmağı və onunla evlənməyi vəd etmişdi, amma yerinə yetirməyə tələsmirdi. Mübahisə zamanı Vetrov Olqaya vintaçanla zərbə endirdi. Qızın çığırtısını eşidib köməyə gələn bir kişini isə ürəyinə bıçaq saplamaqla öldürdü. Moskva hərbi tribunalı rütbəsindən və təltiflərindən məhrum etməklə Vetrova 15 il həbs cəzası kəsdi.
Qətlin araşdırılması prosesi KQB əməkdaşları tərəfindən izlənilirdi. Tezliklə Vetrov, onu Fransa xüsusi xidmət orqanlarının axtarmağa başlayacağından və bununla da ifşa oluna biləcəyindən ehtiyat edərək, həyat yoldaşına baş verənlər barədə onları məlumatlandırmasını xahiş edən məktub yazdı. Həmin məktub KQB əməkdaşları tərəfindən ələ keçirildi və daxili yoxlama zamanı üzə çıxarılan digər sübutlarla birlikdə Vetrovun casusluqda iştirakına dair şübhələri tamamilə təsdiqlədi.
İrkutsk yaxınlığında cəza çəkən Vetrov 1983-cü ilin avqustunda Moskvanın Lefortovo həbsxanasına köçürüldü və vətənə xəyanətdə günahlandırıldı. 1983-cü il dekabrın 14-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Vetrov barəsində edam hökmü çıxardı. Hökm 1985-ci il yanvarın 23-də icra edildi.
Vetrov işi SSRİ-nin sənaye casusluğuna ağır zərbə endirdi.
Soyuq müharibənin əvvəllərində SSRİ-də elmi-texniki tədqiqatlara ciddi diqqət ayrılırdı. Sənaye casusluğu bu işləri sürətləndirməyə, yanlış istiqamətlərə yönəlməməyə, bununla vaxta, maliyyə vəsaitinə qənaət etməyə xidmət edirdi. Sonrakı illərdə isə tarazlıq kəskin şəkildə casusluğun xeyrinə pozuldu. Nəticədə SSRİ qısa müddətdə xeyir görsə də, uzunmüddətli perspektivdə Qərbdən geriliyi, ixracdan asılılığı artdı. Hazırda Rusiya da bunun fəsadlarını yaşayır, illərdir “idxalı əvəzləmə” (импортозамещение) haqda gurultulu bəyanatlara baxmayaraq.
Yadigar Sadigli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru