Moskva Paşinyana cəza kəsir - TƏFƏRRÜAT

21-10-2023, 00:04           
Moskva Paşinyana cəza kəsir - TƏFƏRRÜAT
Ermənistan Baş naziri Nikol Paşinyanın davranışları Kremlin səbrini tükəndirir.

Qeyd edək ki, oktyabrın 17-də Nikol Paşinyanın Avropa Parlamentində çıxışı zamanı Rusiya ilə bağlı səsləndirdiyi fikilər Rusiya rəhbərliyi tərəfindən birmənalı qarşılanmayıb. Kremldəki adını çəkilməsini istəməyən yüksək vəzifəli şəxs TASS -a açıqlamasında bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fəal şəkildə Ukrayna Prezidenti Vladimir Zelenskinin yolu ilə gedir.

Onun sözlərinə görə, Paşinyanın Avropa Parlamentindəki Rusiyaya qarşı çıxışı təxribat xarakterlidir.

“Biz Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya, Rusiya-Ermənistan münasibətləri ilə bağlı tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk”, - deyə həmin şəxs bildirib.

Yüksək vəzifəli şəxs, həmçinin vurğulayıb ki, Qərb Ermənistanı Ukraynaya çevirməyə çalışır.

“Biz Moldovanı 2 nömrəli Ukrayna hesab etsək, Ermənistanı necə 3 nömrəli Ukraynaya çevirməyə çalışdıqlarını görürük. Paşinyan Vladimir Zelenskinin yolu ilə şütüyür”,-deyə o qeyd edib.

Xatırladaq ki, Paşinyan sözügedən çıxışında Rusiyanın müttəfiq kimi Ermənistana heç bir kömək etmədiyini, əksinə, onu devirməyə çalışdıqlarını deyib.
Bütün bunlar ona deməyə əsas verir ki, Moskva Paşinyan hakimiyyətini cəzalandırmaq üçün ciddi tədbirlər görmək qərarında ola bilər. Kremldəkilər bu məsələdə daha da ciddi ola bilərlər.

Lakin Kremlin Ermənistanın hərbi-siyasi elitasında və müxalifət tərəfdən onun təsiri altında olanlar vasitəsilə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq cəhdlərinin baş tutub-tutmayacağı sual altında qalır.

TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Paşinyanın Rusiyaya qarşı səsləndirdiyi fikirlər yersiz və əsassızdır:

“İlkin olaraq qeyd edim ki, Paşinyanın səsləndirdiyi fikirlərdə kifayət qədər yalan var. O, bütün vasitələrdən istifadə edərək Avropa qarşısında özünə bəraət qazandırmağa və müəyyən Qərb dairələrinin köməkliyi ilə hakimiyyətini qorumağa çalışır. Onun Avropa Parlamentindəki Qərbyönlü çıxışı məhz buna yönəlib.

Paşinyan deyib ki, Rusiya Ermənistan qarşısında müttəfiqlik öhdəliyini yerinə yetirməyib və dar gündə İrəvana kömək etmədi. Ona sual vermək lazımdır ki, Rusiya nə vaxt Ermənistanı tək qoyub? Əlbəttə ki, heç vaxt.

Sadəcə olaraq, 44 günlük müharibə Ermənistanın ərazisində yox, Azərbaycanın işğal altında olan ərazilərində gedib. Moskvanın Ermənistan tərəfində durması və bu müharibəyə müdaxiləsi qeyri-mümkün idi. Yalnız Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-da müharibə dayandırıldı.

Erməni tərəfinin iddiaları budur ki, 2022-ci ilin sentyabr toqquşmalarında guya Azərbaycan Ordusu Ermənistanın hansısa yüksəkliklərini ələ keçirib. Əslində isə Azərbaycan heç bir ərazini işğal etməyib. Azərbaycan ilə Ermənistan arasında sərhəd xəttləri şərti xarakter daşıyır və hər iki ölkənin sərhəddəki mövqelər hələ dəqiq müəyyən olunmayıb”.

Ekspert vurğulayıb ki, Moskvanın Ermənistanda hakimiyyət dəyişiklikliyi etmək üçün xüsusi imkanları yoxdur:

“İkinci Qarabağ müharibəsi başa çatandan bəri Moskva Paşinyan hakimiyyətini devirmək üçün nə qədər cəhd etsə də, hamısı fiaskoya uğrayıb. Son iki ildə Kremlə yaxın olan radikal müxalif cəbhənin nümayişləri öz effektini verməyib. Belə olan halda Moskva Paşinyan hakimiyyətini dəf etmək üçün ya özünə bağlı hərbçilər vasitəsilə çevriliş həyata keçirməli, ya da Paşinyana qarşı sui-qəsd təşkil etməlidir.

Ancaq Moskvanın Ermənistanda bu addımları atmaq üçün imkanları yoxdur. Çünki Qərb Paşinyanın və onun hakimiyyətinin təhlükəsizliyinin təinatına ciddi yanaşır. Həm də Ukraynada müharibənin getdiyi vaxtda bu kimi cəhdlərə əl atmaq Rusiyanın nüfuzuna ciddi zərər vura bilər”.

Ekspertin sözlərinə görə, Moskva Ermənistanı yalnız iqtisadi yolla cəzalandıra bilər:

“Bildiyimiz kimi, Ermənistan Rusiyadan enerji cəhətdən çox asılıdır və Moskva bu ölkədə iqtisadi mülkiyyətin 50 % -nə sahibdir. Yəni Rusiyanın Paşinyan hakimiyyətinə enerji və iqtisadi cəhətdən təzyiqlər etməsi mümkündür. İstənilən halda Moskva müəyyən bir bəhanə ilə Ermənistana təbii qazın təchizatını dayandıra bilər”.

Rusiyanın Ermənistana bu yaxınlarda köç edən Qarabağ ermənilərindən öz məqsədləri üçün istifadə etməsi məsələsinə gəlincə, İ. İsmayıl qeyd edib ki, Paşinyan artıq bu təhlükənin qarşısını alıb.

“Nikol Paşinyan çox yaxşı başa düşür ki, Moskva və radikal erməni müxalifəti Qarabağ erməniləri vasitəsilə İrəvanda dağıdıcı nümayişlər və iğtişaşlar keçirə bilər. Ona görə də Paşinyan Qarabağ ermənilərini paytaxtdan uzaq olan üç bölgəyə – Qafan, Gorus və Göyçədə yerləşdirməklə bunun baş verməsinin qarşısını aldı. Ümumiyyətlə, Ermənistanda keçmiş iqtidarın nümayindələrindən başqa heç kəs kütləvi nümayişlərin keçirilməsinə cəhd göstərmir”.

İ. İsmayıl onu da əlavə edib ki, Rusiya tədricən Ermənistanı tərk edəcək:

“Rusiyada yaşayan 300 mindən çox erməninin daimi qeydiyyatı yoxdur və onlar müvəqqəti gələnlər hesab olunurlar. Moskva həmin erməniləri kütləvi şəkildə Ermənistana göndərib onların vasitəsilə ölkədə iğtişaşlar yarada bilər. Amma Moskvanın bu vasitəyə əl atacağı inandırıcı görünmür.Ümumiyyətlə, Rusiyanın bundan sonra Ermənistanda öz istədiklərini həyata keçirmək üçün imkanları yoxdur”.

Sonda İ. İsmayıl bildirib ki, Qərb hər vəchlə Paşinyan hakimiyyətini qorumağa çalışacaq:

“Ermənistan üzərində Qərb ilə Rusiya arasında gərgin rəqabət müşahidə olunur, amma bu, qaynar fazaya keçməyəcək. Qərb maksimum şəkildə güc strukturlarının köməkliyi ilə Paşinyan hakimiyyətinin təhlükəsizliyini təmin edir. Hər halda güc yolu ilə Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması qeyri-mümkündür”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.