Tehranın “dəvəquşu” siyasəti

3-02-2024, 09:28           
Tehranın “dəvəquşu” siyasəti
İran rejimi bölgədə baş verən hadisələrdə iştirakını ört basdır edə bilmir...
Sədrəddin Soltan
HAMAS-ın İsrailə hücumu bütün yamaqları üzə çıxarıb. Yəhudilərə dost kimi görünənlərin ən
yaxşı halda rəqib olduqları ifşa olundu. Elə Fələstin, o cümlədən HAMAS-a özünü canıyanan
kimi göstərənlərin də mahiyyəti, hədəfi məlum oldu.
Bir çoxları Yaxın Şərqdə HAMAS, “Hizbullah”, husi kimi silahlı qruplaşmalardan din, şəriət və
azadlıq adına istifadə edir. Regiondan kənar güclər ABŞ və İsrailə qarşı düşmənliklərini bu cür
qruplaşmaların vasitəsilə ört-basdır etməyi bacarırdılar.
Ancaq ötən aylar ərzində atəşkəs, sülh təklifləri əsasında keçirilən bir neçə görüş mövqelər üzrə
cəbhələri aşkar göstərdi, Yaxın Şərqdəki maraqlara da aydınlıq gətirdi.
Məlum oldu ki, meydanda açıq-aşkar şəkildə görünməsə də, Çin əjdahanın başını və quyruğunu
gizlədə bilmir. Son illər Pekin ərəb dövlətləri və İsraillə münasibətlərini inkişaf etdirmək
istiqamətində səylərini artırmışdı. Ancaq İran, Səudiyyə Ərəbistanı xarici işlər nazir müavinlərinin
HAMAS-İsrail müharibəsinin dayandırılması, Fələstinin gələcəyi mövzusunda müzakirəyə ev
sahibliyi etməsi Çinin Yaxın Şərqdə baş verənlərdə fəallıq göstərdiyinə örnək sayıla bilər.
Rusiya rəhbərliyinin İsrail, Fələstin başçıları, HAMAS Siyasi Bürosunun sədri ilə görüşü, telefon
danışıqları Kremlin regionda nüfuzunu artırmaq istəyindən xəbər verir. İsrailin baş naziri
Benyamin Netanyahunun İranla bağlı Vladimir Putinə irad tutmasını rəsmi Tel-Əvivin Kremlin
bölgədə oynadığı neqativ rola münasibəti kimi qiymətləndirmək mümkündür.
Yaxın və Orta Şərqdə neqativ siyasi-ictimai hadisələrin, münaqişə və silahlı qarşıdurmaların
İranla da bu və ya başqa şəkildə əlaqəsinin olduğu istisna olunmur.
Hələ 2022-ci ilin sentyabrından İranda baş başlanmış etiraz aksiyaları Tehran
hakimiyyətini narahat etmişdi. HAMAS-İsrail müharibəsi, lap elə İranın iddia etdiyi kimi, xəbəri
olmadan başlasa da, onun əlinə oynamadı. Tehran bu qarşıdurmanın arxasında dayanaraq,
prosesə təkan verib, özünü unutduracağını zənn etsə də, hadisələr istədiyi nəticəni vermir.
İsrailə qarşı müharibədə HAMAS-dan çox İran hakimiyyətinin adı hallanır. Tehranın nüvə
proqramı, həmçinin regiondakı digər əməlləri diqqət mərkəzindədir.
İsrailin baş naziri Benyamin Netanyahunun dediyi bir fikri xatırlatmaq yerinə dşür. Baş nazir
bildirmişdi ki, bu rejimlə ciddi məşğul olmaq lazımdır. Onun sözlərinə görə, bu hakimiyyətin nüvə
silahı əldə etməsi perspektivdə İsrailə uzunmüddətli problem olacaq: “HAMAS-a qarşı fəaliyyət
diqqəti İranın problemlərindən yayındırmır”. O İranla bağlı məsələdə güzəştə getməyəcəklərini
də vurğulamışdı. Knesset üzvünün HAMAS-a qarşı fəaliyyətin diqqəti Tehrandan ayırıb ayırmayacağı ilə bağlı sualına cavabında baş nazir demişdi: “Bu məsələdə diqqətimi yayındıran heç nə yoxdur”.
İsrailin müdafiə naziri Yoav Qalant isə Qəzza zolağı, Livan, Suriya, Yəhudeya, Samariyanın İraq,
Yəmən və İrandan hücuma məruz qaldıqlarını bildirib. O, deyib: “Mən bunu birbaşa və mümkün
qədər aydın şəkildə deyirəm: bizə qarşı hərəkət edən hər kəs potensial hədəfdir, heç kim bizim
üçün toxunulmaz deyil”.
Müdafiə naziri daha sonra bildirib ki, Qəzza zolağında baş verənləri hər kəs, xüsusən HAMAS,
“Hizbullah” və İran görür və başa düşür: “Bu torpaqlarda yaşamamaq üçün bizə qarşı qəddar,
vəhşi hücum edildi. Belə bir addımı atanlar aylar, illər çəkmədən cəzalanacaq…”
İranın İraq və Suriyadakı hərbi bazalarının, yaxud silahlı qruplaşmalarının düşərgələrinin İsrail və
ABŞ tərəfindən atəşə tutulması, İnqilab Keşikçiləri Qvardiyası komandanlığını müşaviri Razi
Musəvinin öldürülməsi də Tehranın daim diqqət mərkəzində olduğunu deməyə əsas verir.
Bu sayaq informasiyalar az deyil. Odur ki, İran hakimiyyəti özünü HƏMAS-ın, husilərin,
“Hizbullah”ın, “Həşd-şəbi”nin, “Zenəbiyyun”un, “Fatimiyyun”un və s. arxasında gizlədə bilmir.
Əksinə, o gizlənməyə çalışdıqca daha çox hədəfə gəlir. 2001-ci il sentyabrın 11-də törədilən
terror hadisəsi, həmin il “Taliban”ın Əfqanıstandan devrilməsi, 2003-cü ildə İraqa qarşı hərbi
əməliyyatlar zamanı, habelə “ərəb baharı“ dövründə İran sinifdə nadinclik etmiş şagird kimi
özünü başqa yoldaşlarının arxasında gizlədə bilmişdi. Ancaq indi bu, mümkünsüz olub. Bütün
hadisələrdə onun izləri açıq -aydın görünür. Başqa sözlə, İranın regionda baş verənlər fonunda
dəvəquşu davranışı siyasəti uğur qazanmır.
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.