Prezident ölkəmizin qarşısında dayanan yeni vəzifələri elan etdi

Bu gün, 17:28           
Prezident ölkəmizin qarşısında dayanan yeni vəzifələri elan etdi
2024-cü il müstəqillik tariximizə seçki ili kimi yazılacaq. Ötən ilin 20 sentyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə ölkəmiz yeni dövrə qədəm qoydu. Bu yeni dövr qürurverici hadisələrlə başladı. Belə ki, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində 7 fevral tarixində növbədənkənar prezident və 1 sentyabrda parlament seçkiləri keçirildi. Bu seçkilər, eyni zamanda, Azərbaycanın demokratik inkişaf tarixinə yeni səhifələr yazdı. Demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən Azərbaycan bu seçki proseslərini də beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün zəruri addımları atdı.
Sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında iştirak edən dövlətimizin başçısı İlham Əliyev çıxışında bir daha bu kimi məqamlara xüsusi diqqət yönlətdi. Ölkə Prezidenti proqram xarakterli nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələri təhlil etdi və qiymətləndirdi, ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələri açıqladı və əsaslandırdı. Yeni formalaşan parlamentə uğurlar arzulayan ölkə Prezidenti qanunverici orqanın qarşısında dayanan vəzifələri də açıqladı və belə bir əminliyi ifadə etdi ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlardan geniş bəhs edərək ölkə qarşısında dayanan vəzifələrə diqqəti yönəltdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf mərhələsinə qədəm qoydu və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. Azərbaycan dövləti İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini bütün dünyaya qəbul etdirə bildi. «Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz» fikirləri ilə dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri diqqətə çatdıran cənab İlham Əliyev onu da vurğuladı ki, dövlət suverenliyinin bərpa edilməsindən cəmi bir il keçir. Üç gün bundan əvvəl artıq bu günü bayram günü kimi qeyd etdik. Bununla bərabər, arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər: «Ancaq ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək.»
Ölkəmizin xarici siyasəti milli maraqlarımıza əsaslanır. Xarici siyasət daxili siyasətin davamıdır. Prezident İlham Əliyev daim uğurlarımızın təhlili əsasında belə bir əminliyi ifadə edir ki, bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi. Dövlətimizin başçısı 7-ci çağırış Milli Məclisin ilk iclasında diqqəti Azərbaycanın mötəbər tədbirə-COP29-a ev sahibliyinə yönəldərək bildirdi ki, onun Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Xarici siyasətdə bundan sonra da geriyə heç bir addımın olmayacağını vurğulayan ölkə Prezidenti bütün qitələrdə dostlarımızın sayının artdığını bildirdi. Vurğuladı ki, biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq.
Dövlət başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında «Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir» söyləyərək onu da bildirdi ki, biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Bu cəhdlərin heç bir əhəmiyyəti yoxdur, ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq: «Bizimlə ikitərəfli formatda qarşılıqlı hörmət əsasında kim əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq.»
Azərbaycan daim anti-Azərbaycan qüvvələrin əsassız təbliğatları ilə üz-üzə olub. Ölkəmizin uğurlarını, müstəqil siyasətini həzm edə bilməyən dövlətlər, dairələr bu cəhdləri ilə diqqətdədirlər. Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən sonra bu cəhdlərin daha da artdığının şahidiyik. Dövlət başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında «Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır» söyləyərək bu reallığı da diqqətə çatdırdı ki, istənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür.
Azərbaycan hər zaman dünyaya əməkdaşlıq, birlik, həmrəylik, təhlükəsizlik çağırışlarını edir. Ölkəmiz beynəlxalq aləmdə sabitləşdirici aktor kimi nüfuz qazanıb. Azərbaycan qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının yaradılmasına çağırışlar edərək birliyin, həmrəyliyin yaradılmasına çalışır.
Artıq Qarabağ münaqişəsi həll olunub. Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaq. İşğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Prezident İlham Əliyev 7-ci çağırış Milli Məclisin ilk islasında bu məqamlara xüsusi diqqət yönəldərək bildirdi ki, qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur. Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.