“Ruslara müharibənin nə olduğunu başa salmaq lazımdır” – “Ukraynanı sülh yox, atəşkəs danışıqları gözləyir”
26-09-2024, 16:38
Dünya şöhrətli politoloqdan Ukrayna mövzusunda maraqı açıqalmalar
İndiki mərhələdə Ukraynanın 1991-ci il sərhədləri daxilində bütün ərazisinin azad edilməsi çox çətin məsələdir.
Bunu dünya şöhrətli amerikalı professor, filosof, siyasət və beynəlxalq münasibətlər üzrə tədqiqatçı Frensis Fukuyama Ukrayna mətbuatına müsahibəsində deyib.
O, qeyd edib ki, Ukraynanı reallıqda sülh deyil, atəşkəs üzrə danışıqlar gözləyir: “Düşünmürəm ki, Ukraynanın 1945-ci ildəki kimi qələbəsi olsun – Ukrayna Moskvaya yürüş etsin və Putin intihar etsin. Bu, baş verməyəcək. Üstəlik, Ukraynanın 1991-ci il sərhədləri daxilində bütün ərazilərini azad etməsi indiki mərhələdə çox çətin məsələdir. Lakin eyni zamanda, hər hansı bir Ukrayna liderinin Rusiyaya bir metr də olsa Ukrayna torpağını verəcək sülh sazişi imzalaması siyasi baxımdan mümkün deyil. Ona görə də düşünürəm ki, bizi sülh deyil, atəşkəs şərtləri ilə bağlı danışıqlar gözləyir”.
Politoloqun fikrincə, bu, çox çətin işdir, ancaq yenə də Ukraynanın ərazi itkilərinə razılıq verməməsi şərtilə atəşkəs mümkündür: “İnanıram ki, bizim üzərində işləməli olduğumuz şey məhz budur. Çünki artıq dediyim kimi, Ukrayna ərazisinin hər bir metrinin hərbi yolla azad edilməsi real deyil”.
Fukuyama bir müdət atəşkəsdən sonra müharibənin yenidən başlanmasının mümkünlüyünə dair sualı cavablandırarkən isə qeyd edib ki, bunun qarşısını almaq üçün Ukraynanın NATO-ya qəbulu vacibdir: “Rusiyanı yeni bir hücumdan çəkindirmək lazımdır. Ukrayna atəşkəsdən sonra müharibəni bərpa etməyə çalışmayacaq. Bunu Rusiya edəcək”.
Eyni zamanda, Fukuyamanın fikrincə, Ukraynanın işğal olunmuş torpaqları nəyin bahasına olursa-olsun, böyük itkilər hesabına da olsa qaytarmamaq üçün güclü stimulları var. Belə ki, böyük problem Rusiya Federasiyası tərəfindən raket hücumlarının davam etdirilməsidir. Bunun qarşısını almaq üçün təkcə hava hücumundan müdafiəni gücləndirmək kifayət etməyəcək: “Bu, sabitliyi təmin etmir və əgər gələcəkdə ruslar ora-bura 100 raket atmağa davam edərlərsə, bu, effektiv atəşkəs olmayacaq, elə deyilmi? Ona görə də tərəflər arasında real atəşkəsə səbəb olacaq razılaşma olmalıdır. Bundan sonra isə sizin tammiqyaslı müharibənin bərpasının qarşısını alacaq imkanlarınız olmalıdır. Məhz bu zaman Ukraynanın NATO-ya qəbul olunması, yaxud bu üzvlüyün ekvivalenti – möhkəm hərbi təminat verilməsi vacibdir”.
Fukuyama qeyd edib ki, belə bir atəşkəs yalnız müvəqqəti xarakter daşıyacaq. Lakin hətta bu da hər iki tərəfin güzəştə getməsi anlamını verəcək. Ona görə də Rusiya Federasiyasını belə bir addım atmağa məcbur etmək üçün “Rusiya və rusların bu müharibəyə görə yaşadıqları ağrıları gücləndirmək lazımdır”.
O, xüsusilə də işğal olunmuş Krımı Rusiya qoşunlarının yerləşdirilməsi üçün yararsız hala gətirməyi təklif edib: “Həmçinin, mən Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirmək hüququnu tam dəstəkləyirəm. Rusiyanın mülki əhalisi hələ müharibəni hiss etməyib. Ona görə də onlara müharibənin nə olduğunu başa salmaq lazımdır. Bu, çox vacibdir”.
Fukuyama əlavə edib ki, Rusiya buna məcbur edilməyincə atəşkəsə razı olmayacaq. O, hesab edir ki, hazırda bunun baş verməsi üçün nə Rusiya, nə də ruslar kifayət qədər əziyyət çəkmir və bu ağrı yetərincə güclü olarsa, hətta Putin hakimiyyətdə qalsa belə, Rusiya güzəştə getməli olacaq: “Hətta indi də Rusiya ordusunda ciddi kadr çatışmazlığı var. Məhz buna görə Rusiya Ukraynanın Kurska müdaxiləsinə lazımınca cavab verə bilmir”. /azpolitika.info