İsmayıl Şıxlının “Ölüləri qəbristanda basdırın” əsəri

Dünən, 15:54           
İsmayıl Şıxlının “Ölüləri qəbristanda basdırın” əsəri
Atakişiyeva Həcər
Filosof şair, mütəfəkkir dramaturq İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan olmuşdur. Xalq yazıçısı, alim-müəllim, millət vəkili olmuş İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir. İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur qazanmasında əvəzsiz rola malikdir. İsmayıl Şıxlı 26 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Ədib Fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ictimai fəaliyyət göstərən böyük insan, istedadlı yazıçı, gözəl natiq-pedaqoq, alovlu vətənpərvər-soydaş olan İsmayıl Şıxlı “Namus qaçağı”, “Namərd gülləsi”, “Ölüləri qəbristanda basdırın” hekayələri ilə milli ədəbiyyatımızın inkişafına çox böyük dəyər qatmışdır. Qüdrətli nasir, müdrik dramaturq İsmayıl Şıxlının “Ölüləri qəbristanda basdırın” əsəri Azərbaycan ədəbiyyatında dəyərli nümunələrdəndir. Ədib əsərdə cəmiyyəti düşündürən problemləri, ictimai-əxlaqi məsələləri yüksək bədii sənətkarlıqla əks etdirmişdir. Yazıçı "Ölüləri qəbristanda basdırın” hekayəsini 1990-cı ildə yazmışdır. Əsər hekayə janrında yazılmasına baxmayaraq, obrazların talelərinin, əməllərinin timsalında xalq həyatının bütöv mərhələlərini əks etdirə bilmişdir. İsmayıl Şıxlı “Ölüləri qəbristanda basdırın” əsərində Həcər obrazı vasitəsilə ədəbiyyatda əyilməzlik, mərdlik, ləyaqət, namus, cəsarət kimi milli kökdən gələn dəyərləri ümumiləşdirmişdir. “Ölüləri qəbristanlıqda basdırın” hekayəsi yazıçının yazmış olduğu sonuncu əsəridir. Əsərdə obrazların çoxluğu olmasa da, hər bir obraz bitkin, tam xarakterdə canlandırılmışdır. Əsər şəhərin mərkəzində, dörd yolun kəsişdiyi və bütün küçələrin birləşdiyi, həmişə qış-yay adamla dolu olan bağda kooperativ restoran açmaq istəyən Rəşidin istəyi ilə başlayır. Restoran ikimərtəbəli olacaqdı. Ümumi salonu, ayrıca otaqları xüsusi planda tikiləcəkdi. O istəyirdi ki, həm də yeməkxana açsın, orada nisbətən ucuz xörəklər satsın. Tənəffüsə çıxanlar, işə tələsənlər, yol adamları vaxt itirmədən nahar etsinlər. İkinci mərtəbədə xüsusi kabinələrdə isə ayrı dəmdəsgah olsun. Hətta rayonlarına yeni bir dəb də salmaq istəyirdi. Arvad-uşaqları ilə gələnlərə gözdən uzaq yerdə ayrıca otaqlar düzəldəcəkdi. İçərisini lap ev kimi sahmana salacaqdı. Rəşidin bağı gəzərkən bağın ortasında köhnə bir qəbir tapması ilə hadisələrin nəqli başlanılır. Bu qəbrin baxımsız vəziyyətdə olması ilə yazıçı oxucuya xəyanətkarın sonluğunu göstərir. “Vaxtilə bu qəbrin ətrafına dəmir mühəccər çəkiblərmiş. Sonradan paslanıb çürümüş, yağışın-qarın altında qalıb ovxalanmış, bağ-bəndi qırılıb yerə tökülmüşdü. O da hiss olunurdu ki, qəbrin dörd yanında qızılgül kolları əkilibmiş. İllər keçdikcə baxımsızlıqdan quruyub solmuş, tapdalanmış və yerlə-yeksan edilmişdi. Qəbrin özü də dağılmışdı. Nə sinədaşı vardı, nə də başdaşı. Suvağı tökülmüş, ağ daşları isə ovxalanmışdı. Bir-iki il də keçsəydi, bu sahibsiz qəbir torpağın altında qalıb tamam itəcəkdi”. İsmayıl Şıxlı “Ölüləri qəbristanda basdırın” əsərində Cavanşirin qəbrinə elin-obanın laqeyd münasibətinin təsviri ilə göstərir ki, insanlar əhdinə vəfa etməyənə nə qədər də xidmətləri olsa da dəyər vermirlər. Bağa gəlib-geden insanlar bu qəbrin kimin olduğunu bildiyi üçün bu qəbrə laqeyd yanaşırdılar. Rayon mərkəzlərində, bağda basdırılan vaxtı ilə on doqquz yaşlı, qaşları çatma, gözləri ala, kürəyi enli, yol ilə gedəndə çəpərlərin dibindən boylanan qızların sayı bilinməyən, kəndlərində ad çıxarmış, igid, pəhləvan, yaraşıqlı, cavan bir oğlan idi. Kəndin subay qızları onun gözəlliyinə, yaraşığına aşıq idilər. Kəndin gözəl qızlarından olan yəhərli-yüyənli atla gəzən Şəmistan ağanın qızı Həcərdə gözəlliyini, igidliyini eşidib, gördüyü Cavanşirə aşiq olmuşdu. Şəmistan ağanın qızı Həcər xanımın Cavanşirdən çox xoşu gəlməsinə baxmayaraq, onunla görüşlərdən imtina edib, el adəti ilə elçi göndərməsini tələb edir. Cavanşir anası ilə danışıb, el dağdan arana enəndə Həcər xanıma elçi göndərib, nişan taxırlar. Cavanşiri dövlət qulluğuna qəbul edə bilmək üçün Qəza Firqə özəyinə çağırırlar və ikiillik firqə məktəbinə oxumağa göndərirlər. Bu iki il Həcər xanım səbirsizliklə və namusla nişanlısının yolunu gözləyir. Lakin Həcər xanımın atası Şəmistan ağanın Cavanşirin boylu-buxunlu, yaraşıqlı bir oğlan olmasından xoşu gəlsə də, - Yəni deyirsən dul arvad oğlundan kişi çıxar? – deyib, tərəddüd keçirirdi. Şəmistan ağanın fikirləri özünü doğrutmuşdu. Belə ki, ikiillik firqə məktəbini oxuyub, geri qayıdandan sonra Cavanşiri tanımaq olmadı. Özü də dəyişmişdi, əyin-başı da. Ayağında uzunboğaz çəkmə, belində aşırmalı enli kəmər vardı. Tünd bənövşəyi rəngli şivyotdan qalife şalvar-köynək geyinmişdi. Kürəyi bir az da enlənmiş, özü bir az da gözəlləşmişdi. Artıq ona nişanlısı qolçomaq Şəmistan ağanın qızı Həcər xanım lazım deyildi. O, qarşısına məqsəd qoymuşdu: Qəzada birinci “Kommuna” yaratmaq. Bunun üçün əvvəlcə qolçomaqları, yəni, Şəmistan ağanı əzmək lazım idi. Qolçomaq olduğuna görə Şəmistan ağanın evini taladılar, ev-eşiyi bir-birinə qatdılar, arvad-uşağı çölə tökdülər, yorğan-döşəyi, ələ keçən pal-paltarı bir arabaya doldurub dörd polisin müşayiəti ilə qəza mərkəzinə, arvad-uşaqlarını isə sürgünə yolladılar. Şəmistan ağa özü isə dağlara qaçıb, qaçaq düşməyə məcbur olmuşdu. Nişanlısı qolçomaq Şəmistan ağanın qızı Həcər xanımı sürgünə göndərəndən sonra Cavanşir kəndlərdə əyri-üyrü çəpərləri dağıtdı, köhnə evləri uçurtdu və çay kənarında, gözəl, sulu yerdə cərgə ilə yeni evlər tikdirdi. Dəyirman yerində balaca bir elektrik stansiyası da qurdurdu. Evlərə işıq gəldi. Arvadların canı hisli çıraq şüşəsi təmizləməkdən qurtardı. Hər şey onun gözündə gözəlləşdi. Kommunanın balaca “Fordzon” traktoru, taxıldöyəni, otbiçəni vardı. Klubu hər gecə işləyirdi. Belə bir qayda qoymuşdu: kəndə gələn qonaq qohumunun evinə yox, kommunanın qonaq otağına düşməli idi. Qohumlar burada görüşməli, kommunanın hesabına düzələn yemək-içməyi də bir yerdə yeməliydilər. Artıq Cavanşirin adı dillərə düşmüşdü. Tez-tez mərkəzdən adamlar gəlir, şəklini çəkir, qəzetlərə məqalələr yazırdılar. Onun başı işə o qədər qarışmışdı ki, çox vaxt evə də gəlmirdi. Elə idarədə divana uzanıb yatır, ya da şinelini üstünə salıb dirsəklənirdi. İsmayıl Şıxlı “Ölüləri qəbristanda basdırın” əsərində Cavanşirin səhvlərinin bədəlini ödəyənlərdən ən əsasının onun anasının olduğunu qeyd edir. Belə ki, onun anasının gecəsi-gündüzü yox idi. Arvad səksəkə içində səhərəcən, oğlunun yolunu gözləyirdi. Həftədə bir-iki dəfə ancaq görüşürdülər. Görüşəndə arvad kəlağayısının ucu ilə gözünü silə-silə oğlunu danlayırdı. Ananı narahat edən o idi ki, o yaxşı bilirdi ki, oğlunun qədrini bilən olmayacaq. O, oğlu Cavanşirin nişanlısı Həcərə etdiyi haqsızlıqları bildiyi üçün çox qorxurdu və çox yaxşı bilirdi ki, qaçaq düşmüş Şəmistan ağa bu etdiklərinin qisasını Cavanşirdən alacaq. Ana oğlunu məzəmmət edərək deyirdi. “Səndə də taqsır oldu, oğul, Həcər sənin nişanlın idi, istəsən qoymazdın. Uzun saçlının ahı yerda qalmır, bir az ehtiyatlı ol”. İsmayıl Şıxlı “Ölüləri qəbristanda basdırın” əsərində Cavanşirin səhvlərinin heyfini anasından alan Şəmistan ağaya haqq qazandırır. Bu ana düzgün oğul tərbiyə edə bilmədiyinə görə diri-diri yanıb, ölməyə layiq görülür. Şəmistan ağa Cavanşirlə haqq-hesabı çəkməyi isə qızı Həcər xanıma saxlayır. Cavanşirin evi yanıb külə dönərkən, anasıda alovlar içində yanıb kösövə dönmüşdü. Həcər beş il sürgün həyatı bitəndən sonra Cavanşiri görməyə gəlir. Cavanşir elə bil qırx yaşlı kişi idi. Bığları codlaşmış, sifətinə qırışlar düşmüşdü. Sürgündən sonrakı bu ilk və son görüşdə Həcər xanım Cavanşiri öldürüb, Göyxallı atı da aparır. Nə qədər axtarsalar da, Cavanşiri kimin öldürdüyünü tapa bilmirlər, qolçomaqların öldürdüyünü yəqin edib, hörmətli adam kimi bağda basdırırlar. Hökumətə göstərdiyi o qədər xidmətlərə baxmayaraq, el ona xəyanəti bağışlamır. Məzarı baxımsız qalır, lakin bu illər ərzində onun məzarını ziyarət edib, güllər əkən, yad edən bir adam vardı, o da ki, Həcər xanım idi. Baxmayaraq ki, Cavanşir onu canından artıq istəyən Həcərə rəhm etmədi, lakin Həcər ona ən səmimi duyğularını, hisslərini vermişdi. El-obanın igidləri içində onu seçib-sevmiş, ona könül vermişdi. Məhz bu sevgisinə görə də o, onu qolu bağlı Sibirə sürgünə göndərən Cavanşirin məzarını heç vaxt tək qoymur. Şəmistan ağanın qızı Həcər dul Güləndamın oğlundan qisasını almışdı və el-oba da Cavanşirə bu gədalığına görə rəhm etməmişdi. Bir sözlə uzunsaçlının ahı yerdə qalmamışdı. Cavanşirin anası yandırılaraq öldürülmüş, evi xarabaya çevrilmiş, özü isə güllələnmişdi. İsmayıl Şıxlı “Ölüləri qəbristanda basdırın” əsərində bitkin insan xarakterləri ilə yanaşı xarakteri formalaşmış heyvan obrazıda vardır. Bu obraz Şəmistan ağanın Göyxallı atıdır. Cavanşir Şəmistan ağanı öldürdükdən sonra Göyxallı atı özünə götürmüşdü. Göyxallı at isə onu yaxına buraxmır, Cavanşiri görəndə yüyəni çeynəyib şahə qalxıb, onu tapda¬la¬yıb, öldürmək istəyirdi. Çünki at hiss edirdi ki, Həcərin sürgün olmasına, Şəmistan ağanın ölümünə Cavanşir günahkardır. Dilsiz-ağızsız heyvanın hərəkəti ilə yazıçı Cavanşirə olan nifrətini ifadə edir. Əsərdə heyvanlar insanlardan etibarlı və sədaqətli təsvir olunmuşdur. İsmayıl Şıxlının “Ölüləri qəbristanda basdırın” əsərində Şəmistan ağanın atı olan Göyxallı, müəllifin “Dəli Kür” əsərindəki Cahandar ağanın atı olan Qəmərin taleyini yaşayır. Ümumiyyətlə, at obrazlarının xarakterinin yaradılması İsmayıl Şıxlı yaradıcılığında yayğın idi. İsmayıl Şıxlının “Ölüləri qəbristanda basdırın” əsəri Həcər xanımın Cavanşirin qəbrini tapmayaraq və ondan ümidini tamamilə kəsərək, o bağdan birdəfəlik getməsi ilə bitir. Restoranda isə müğənni oxuyur: “Dünya sənin, dünya mənim, dünya heç kimin”.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.