13,7 milyon manat vergi borcu yığılan şirkət məcburi auditdən yayındığına görə cərimələndi
26-09-2024, 19:04
Təmir-tikinti sektoru üzrə fəaliyyət göstərən “Metatron İnşaat” MMC məcburi auditdən yayındığına görə cərimələnib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş konservatoriya ilə bağlı müraciətə baxılıb.
Hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Qeyd edək ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, “Metatron İnşaat” MMC 2019-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Zaur Ağa Mikayıl oğlu Mehtiyevdir. Şirkətin hazırda dövlət qarşısında külli miqdarda vergi borcu vardır. Belə ki, MMC-nın bu günədək yığılmış vergi borcunun miqdarı 13 705 963,65 manat təşkil edir.