“Artsax”, Ağrıdağ və erməni çevikliyi…

3-02-2024, 16:14           
“Artsax”, Ağrıdağ və erməni çevikliyi…
Konstitusiya dəyişikliyi Ermənistanı yeni müharibədən qoruya biləcəkmi?
Paşinyan hökuməti Azərbaycanın daha bir tələbini yerinə yetirmək üzrədir. Söhbət Ermənistanın
ölkənin ali qanunu – Konstitusiya və İstiqlal Bəyannaməsi səviyyəsində Azərbaycana, eləcə də
Türkiyəyə qarşı birbaşa və dolayı ərazi iddiasından əl çəkməsindən gedir.
Baş nazir Nikol Paşinyan təxminən iki həftə əvvəl Ermənistan Konstitusiyasının
dəyişdirilməsinin zəruriliyi barədə qəfil bəyanatı çoxları üçün gözlənilməz olmuşdu. O zaman
erməni KİV-i də, bəzi ekspertlər də bunun Azərbaycanın tələbi ilə bağlı olduğunu iddia edirdilər.
Paşinyan yanvarın 19-da Ədliyyə Nazirliyində keçirilən müşavirə zamanı ölkəsinin demokratik
“legitimliyinin” və yaşarlığının təmin edilməsi üçün konstitusiya islahatına yox, tamamilə yeni bir
konstitusiyaya ehtiyacı olduğunu bildirmiş, yeni konstitusiyanın yeni geosiyasi şəraitdə
Ermənistanı daha rəqabətli və daha canlı etməli olduğunu demişdi: “Ermənistan Respublikasının
xalq tərəfindən səs verilmiş konstitusiyası olmalı və o, heç bir şübhəyə yer qoymamalıdır. Bu,
onun legitimliyini təsdiqləyən mühüm addım olardı”.
Bu çıxışdan bir neçə gün sonra parlamentin spikeri Alen Simonyan Ermənistan himni və gerbinin
də dəyişdirilməli olduğunu bildirmişdi.
Qeyd edək ki, Ermənistanda konstitusiya 1995-ci ildə qəbul olunub və 2005 və 2015-ci illərdə
ona iki dəfə dəyişikliklər edilib. Himn və gerb isə müvafiq olaraq, 1991 və 1992-ci illərdə qəbul
olunub. Hər iki dövlət simvolu 2006-cı ildə təsdiq edilib və onlara dəyişiklik edilməyib.
Maraqlıdır, Konstitusiyanın və dövlət simvollarının dəyişməsini zəruri edən nədir? Azərbaycanı
razı salmayan hansı məqamlardır? Axı Ermənistanın nə Konstitusiyasında, nə də dövlət
simvollarında Azərbaycanın əleyhinə hansısa məqam yoxdur.
İlk baxışdan, həqiqətən də belədir. Ermənistan Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünü
şübhə altına alacaq heç bir məqam yoxdur. Amma…
“Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir
neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh
müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu
qəbul edərkən bildirib.
“Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla
birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu
sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb”, – Əliyev deyib.
Maraqlıdır, söhbət hansı ərazi iddiasından gedir? Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistan
Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə birbaşa təhdid yoxdur. Lakin Konstitusiyada
Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad var və bu bəyannamədə Azərbaycana qarşı
ərazi iddiası birbaşa yer alıb.
Ermənistan Konstitusiyanın 1-ci maddəsində yazılır: “Erməni xalqı, Ermənistanın Müstəqillik
Bəyannaməsində təsbit edilmiş Ermənistan dövlətçiliyinin təməl prinsiplərini və ümummilli
hədəfləri əsas götürərək… Ermənistan Respublikası Konstitusiyasını qəbul etdi”.
Beləliklə, əsas qanunda da qeyd olunur ki, Konstitusiyanın əsasında Müstəqillik Bəyannaməsi
durur. Bəyannamədə isə bildirilir ki, sənəd 1989-cu il 1 dekabrda Ermənistan SSR Ali Sovetinin
və “Artsax Milli Şurasının” birgə qəbul etdiyi “Ermənistan SSR və Dağlıq Qarabağ Vilayətinin
birləşməsi” haqqında ortaq qərara əsaslanır.
Yəni, bəyannamə özündə birbaşa olaraq Azərbaycana qarşı ərazi iddiasını ehtiva edir. Bu isə
qeyri-sabitlik, müharibə ehtimalıdır və sözsüz ki, Azərbaycan ona ərazi iddiası irəli sürən dövlətlə
sülh müqaviləsi bağlamaz.
Elə Nikol Paşinyan fevralın 1-də İctimai Radiosuna müsahibəsində bu məqamı açıq şəkildə dilə
gətirib: “Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir. Əgər
Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana
birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”.
Baş nazir vurğulayıb ki, Ermənistanın qonşuları ilə münasibətləri inkişaf etdirməsi və
yaxşılaşması üçün ölkəyə yeni Konstitusiya lazımdır.
Bundan əlavə, Ermənistan Müstəqillik Bəyannaməsində və gerbində Türkiyəyə qarşı da ərazi
iddiası var. Məsələn, Bəyannamənin 11-ci maddəsində qeyd edilir ki, “Ermənistan Respublikası,
Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda törədilmiş 1915-ci il Soyqırımının beynəlxalq
səviyyədə tanınmasına nail olmaq vəzifəsini dəstəkləyir”. Ermənistan Xarici İşlər
Nazirliyinin saytında Qərbi Ermənistandan danışarkən bildirilir ki, 1914-cü il Rusiya-Türkiyə
müqaviləsinə əsasən Qərbi Ermənistan ərazisində yerləşən vilayətlərə iki avropalı qubernator
təyin olunub. Müqaviləyə əsasən həmin vilayətlər Van, Bitlis, Harput, Diyarbəkir, Trabzon,
Ərzurum və Sivasdır.
Buradan görünür ki, Qərbi Ermənistan dedikdə nəzərdə tutulan ərazi indiki Türkiyə
ərazisidir. Ermənistan gerbində isə Türkiyə ərazisində yerləşən Ağrıdağ (ermənilər onu Ararat
adlandırırlar – red.) əks olunub və bununla da həmin ərazinin Qərbi Ermənistana aid olmasına
işarə edilib.
Ermənistanın tarixi müttəfiqi Rusiya ilə münasibətlərinin gərginləşdiyi, addım-addım Moskvadan
uzaqlaşmağa çalışdığı, Qərbin isə kifayət qədər dəstək verə bilmədiyi bir zamanda qonşuları
Azərbaycan və Türkiyə ilə əlaqələr qurması, sərhədləri açması çox vacibdir. Amma yuxarıda
göstərdiyimiz ərazi iddiaları bu əlaqələrin qurulmasını qeyri-mümkün edir.
Paşinyan hakimiyyətinin qarşısında qonşularla münasibətin olmaması səbəbindən iqtisadi
problemlər və yoxsulluqdan, daimi gərginlikdən əziyyət çəkən, ən əsası isə daima yeni müharibə
təhlükəsi altında yaşayan insanları bu dəyişikliyə inandırmaq vəzifəsi durur. Müharibədəki
məğlubiyyətə, “Artsaxın” itirilməsinə baxmayaraq, baş nazirin reytinqi kifayət qədər yüksəkdir, bu
məsələdə uğur qazana bilər.
Qalır, xarici təsirləri dəf etmək. Və bir də mövqeyini hər an 180 dərəcə dəyişə bilən erməni
çevikliyi. Bu çeviklik praqmatizmi üstələsə (təəssüf ki, bu ehtimal var), onda Ermənistan daha
ağır günlərə hazır olmalıdır…
Pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.