Rəqəmlərlə, oynayan, “rəqs edən” hökumət
6-03-2024, 08:27
Qonşu ölkənin rəsmi məlumatlardan belə bəlli olurdu ki, 2023-cü ildə Azərbaycan Gürcüstana satdığından daha çox həmin ölkədən mal alıb. Azərbaycan Gömrük Komitəsi deyir ki, 2023-də Gürcüstana 759 mln. dollarlıq mal-məhsul satmışıq. Gürcüstan statistika və gömrük orqanları isə rəsmi məlumat yayıblar ki, Azərbaycana 862 mln. dollarlıq mal-məhsul satıblar. Beləliklə, Azərbaycan Gürcüstana neft-qaz satmağına baxmayaraq həmin ölkə ilə ticarət dövriyyəsində ilk dəfədir ki, 2023-cü ili mənfi saldo ilə tamamladı (103 mln. dollar).
Hökumət gördü ki, ayıb olur, bunu izah etmək çətindir, başladılar rəqəmlərlə “rəqs” etməyə, adını da “yeni metodologiya” qoydular. Azərbaycan rəsmi qurumları 2023-də Gürcüstandan cəmi 126 mln. dollarlıq mal aldığımızı fəxrlə bəyan edərək ticarət saldosunu kağız üzərində müsbətə dəyişdilər.
Gürcüstandan ən çox aldığımız avtomobillərdir, rəsmi Tiflis elan etdi ki, 2023-cü ildə Azərbaycana 437 mln. dollar dəyərində 22393 ədəd avtomobil satıb. Bizim şanlı rəsmi qurumlarımız isə iddia edir ki, Gürcüstandan 2023-cü ildə cəmi 132 minik avtomobili almışıq, bunun üçün isə cəmi 11,5 mln. dollar pul ödəmişik.
Yaxşı, Azərbaycan rəsmiləri nədən “metodologiya” dəyişikliyi adı altında Gürcüstandan alınan maşınların sayını və ödənilən məbləğı azaldıblar?! Bəli, yuxarıda da qeyd etdiyim kimi, ayıb olurdu, neft-qaz ölkəsi Azərbaycan Gürcüstanla ticarətdə mənfi saldoya düşmüşdü. Hə, yaxşı, yeni “metodologiya” nədir görəsən?! Gürcüstan maşın istehsal etmir, ordan alınan maşınlar Almaniya, Yaponiya, Koreya, ABŞ və s. istehsalıdır, belə çıxır ki, şanlı Gömrük Komitəsi istehsal edilən ölkəyə görəmi statistika aparır?! Onları həmin ölkədən idaxal kimimi qeyd edib?! Belədirsə, absurddur axı, qarışıqlıq yaranır, normal göstəricilər əldə etmək mümkün olmur. Yaxşı, o zaman daha irəli getsinlər, məsələn, Gürcüstandan alınan Koreya maşınının motoru Avropadan, şüşələri Avstraliyadan alınırsa, elə maşınları da kağız üzərində “zapçast” edib elə qeyd etsinlər – nə isə, statistika deyil e, multfilmdir...
Natig Cəfərli
TEREF