“2023-cü ildə qlobal hərbi xərclər rekord miqdarda artıb” – SIPRI
22-04-2024, 15:18
2023-cü ildə qlobal hərbi xərclər 2022-ci illə müqayisədə 6,8% artaraq, 2,443 trilyon dollara çatıb.
Yeniavaz.com xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni hesabatında bu, 2009-cu ildən bəri ən böyük artım olub və ilk 10 ölkənin hamısında baş verib.
“Qlobal hərbi xərclər müharibə, artan gərginlik və qeyri-müəyyənlik fonunda artıb. Artım 9-cu ildir ki, davam edib və bütün regionlarda müşahidə olunub. Avropa, Asiya və Okeaniyada, eləcə də, Yaxın Şərqdə ən böyük performansını əldə edib”, - deyə hesabatın müəllifləri qeyd edib.
Hesabata görə, 2023-cü ildə bu sahədə ən çox vəsait xərcləyən ilk beş ölkə ABŞ, Çin, Rusiya, Hindistan və Səudiyyə Ərəbistanı olub ki, bu ölkələr birlikdə qlobal hərbi xərclərin 61%-ni təşkil edib.
Qlobal reytinqin zirvəsində olan ABŞ-nin hərbi xərcləri 2,3% artaraq, 916 milyard dollara çatıb. Hərbi xərclərə görə siyahıda ikinci yeri tutan Çin isə 2023-cü ildə 296 milyard dollar xərcləyib ki, bu da 2022-ci illə müqayisədə 6% çox olub.
Hesabata görə, Rusiyanın hərbi xərcləri 24% artıb və 2023-cü ildə 109 milyard dollar təşkil edib ki, bu da Krımın ilhaq edildiyi 2014-cü illə müqayisədə 57% çoxdur. Ötən il hərbi xərclər bütün büdcə xərclərinin 16%-ni təşkil edib ki, bu da Sovet İttifaqının dağılmasından sonra rekord həddə çatıb.
Hindistan ən böyük hərbi büdcəyə malik ölkələr arasında dördüncü yerdə qərarlaşıb: o, hərbi məqsədlərə 83,6 milyard dollar xərcləyib ki, bu da 2022-ci illə müqayisədə 4,2% çoxdur.
Siyahıda 5-ci olan Səudiyyə Ərəbistanı isə hərbi xərclərini 24% artıraraq, 27,5 milyard dollar çatdırıb.
Ukrayna da hərbi xərclərini artıran əsas ölkələr arasında olub. Belə ki, Ukrayna hərbi xərclərini 51% artıraraq, 64,8 milyard dollara çatdırıb. Beləliklə, Ukrayna ən böyük hərbi xərcləri olan ölkələr arasında səkkizinci yerdə qərarlaşıb ki, bu da bütün dövlət xərclərinin 58%-nə bərabərdir.
Hesabat müəllifləri bildirib ki, Ukraynanın xərcləri Rusiya xərclərinin 59%-ni təşkil edib. Bununla belə, il ərzində Ukrayna ən azı 35 milyard dollar hərbi yardım alıb ki, bunun da 25,4 milyard dolları ABŞ-nin payına düşüb. SIPRI hesab edir ki, bu həcmi nəzərə alsaq, Ukraynanın ümumi hərbi xərcləri Rusiyanın 91%-ni təşkil edib.
2023-cü ildə NATO-nun 31 ölkəsinin ümumi hərbi xərcləri 1,341 trilyon dollar təşkil edib ki, bu da qlobal ümumi xərclərin 55%-nə bərabər olub. ABŞ-nin hərbi xərcləri isə NATO-nun ümumi xərclərinin 68%-ni təşkil edib.