Azərbaycan-Ermənistan sülh danışıqlarına Rusiya müdaxiləsi - Kreml nə planlaşdırır?
Bu gün, 17:21

Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesi intensiv şəkildə davam edərkən Rusiyanın hər iki ölkəyə qarşı təzyiqləri artıb. Cənubi Qafqazda geosiyasi maraqları olan Rusiya sülh danışıqları fonunda aktiv mövqe sərgiləməyə başlayıb. Moskvanın həm Bakı, həm də İrəvan üzərində təsir imkanlarını qoruyub saxlamaq istəyi, onun sülh prosesinə münasibətini sual altına salır.
Bu müstəvidə Rusiyanın bölgədəki məqsədləri və sülh müqaviləsinə yaratdığı mümkün təhdid ssenariləri nələrdən ibarətdir?
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general-mayor Yücel Karauz bildirdi ki, hazırda əsas məsələ Rusiyanın Cənubi Qafqazda nəzarəti əldən vermək istəməməsidir.
Onun sözlərinə görə, Kreml dəyişən şəraitə və geosiyasi mövqelərə uyğun olaraq həm Ermənistanı, həm də Azərbaycanı öz təsir dairəsində saxlamaq, müdaxilə edə biləcəyi formada prosesi idarə etmək niyyətindədir:
“Üçtərəfli razılaşmada Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya sülhməramlılarının nəzarət etməsi nəzərdə tutulmuşdu. Lakin bu gün Azərbaycanın və Ermənistanın öz aralarında danışıqlar aparması, Zəngəzur dəhlizinə başqa nəzarət mexanizmlərinin və alternativ variantların gündəmə gəlməsi Rusiyanı narahat edir. Moskva bu səbəbdən həm Azərbaycana, həm də Ermənistana müxtəlif bəhanələrlə təzyiq göstərir. Son olaraq Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanı bir daha xəbərdar edib ki, nə Zəngəzur dəhlizi, nə də Azərbaycan-Ermənistan sülh prosesi və Türkiyə-Ermənistan normallaşması Moskvanın nəzarəti olmadan baş verməməlidir. Dünyada baş verən dəyişikliklər fonunda isə bölgədə yeni güc balansı formalaşıb. Ancaq Rusiya burada yeni reallıqları dərk etmək istəmir”.
General Rusiyanı narahat edən digər məsələlərə də toxundu:
“Rusiya üçün narahatedici başqa bir məqam isə Qərbin Ermənistana verdiyi artan hərbi, kəşfiyyat və texnoloji dəstəkdir. Bu səbəbdən də “yaxın çevrə” olaraq adlandırdığı Qafqazda nəzarəti itirmək istəmir və təzyiq siyasəti aparır. Rusiyanın Ermənistanda, o cümlədən 102-ci hərbi bazada hərbi varlığı mövcuddur. Bundan isə İrəvan üzərində təhdid, Azərbaycan üzərində isə zaman-zaman “yumşaq güc” siyasəti vasitəsi kimi istifadə etməyə çalışır.
Türkiyə-Ermənistan normallaşması və Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalanması Rusiyanın maraqlarına uyğun deyil. Gücü ələ ala bilməsi üçün son çarə olaraq həm Azərbaycana, həm də Ermənistana eyni anda hücum etməsi gözlənilən ssenari deyil. Lakin Ermənistan daxilindəki revanşist dairələr vasitəsilə regionda yeni gərginliklər yaradacaq. Həmçinin, yaxın dövrdə Cənubi Qafqazda sülhə aparan yolda gərginliklər və başqa gözlənilməz hadisələr baş verə bilər”.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza da bu qənaətdədir ki, Rusiyanın bölgədə nəzarəti ələ keçirmək üçün Azərbaycanla Ermənistana eyni anda hücum planı gerçəkləşdirməsi mümkün deyil:
“Bu məsələdə Rusiyanın konkret niyyətlərinin və planlarının nə olduğunu aydınlaşdırmaq qəliz məsələdir. Lakin Rusiya Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamasına mane ola bilməz.
Üstəlik, hazırda Ukraynada uğursuz müharibə aparan, sovet dövrünə aid silahları tükənən və iqtisadiyyatı zəifləyən Rusiya Azərbaycan və Ermənistana hərbi yolla hücuma keçmək iqtidarında deyil. Eyni zamanda Kreml mövcud vəziyyətdə siyasi baxımdan da bunu etmək istəməz”.