Bankda krediti olan VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bir qəpik belə borcunuz olarsa...

Bu gün, 08:34           
Bankda krediti olan VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ:
Bankların öz müştərilərinə təqdim etdikləri kreditlər vətəndaşların maddi baxımdan çətinlik yaşadıqları anlarda onlara kömək olur. Bu baxımdan onların kreditlə bağlı fəaliyyəti olduqca müsbət haldır. Lakin bu kreditin geri ödənilməsi zamanı gecikmələrin baş verməsi və s. bu kimi digər hallar xoşagəlməz nəticələr doğurur.

Belə ki, banklar gecikmə baş verdikdə haqlı olaraq vətəndaşlarla bağlı məhkəmələrə müraciət edirlər. Bu da tərəflər arasında mübahisələrin yaranmasına gətirib çıxarır.

Bəs hansı hallarda banklar məhkəməyə müraciət edir? Bankların vətəndaşla bağlı məhkəməyə müraciət etməsi üçün minimum borc və gecikmə müddəti nə qədər olmalıdır?

Mövzu ilə bağlı hüquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənov Referans-a açıqlamasında danışıb.

“Belə bir minimal tələb yoxdur. İstənilən şəxsin banka və ya BOKT-a bir qəpik belə borcu olarsa, kreditor yenə də məhkəməyə müraciət edərək borcun həmin şəxsdən tutulmasını tələb edə bilər. Təbii ki, məhkəmə bununla bağlı qərar verdikdə də icra orqanı bunu icra etməlidir. Bu proses məhkəməsiz, notariatın icra qeydi ilə də mümkündür. Amma təbii ki, vətəndaş notariatın icra qeydi ilə olmasına razı deyilsə, şikayət edə bilər və bu zaman işə yenidən baxılacaq. Yəni borc məbləğinin bu məsələyə heç bir aidiyyatı yoxdur”.

Ekspert bildirib ki, bir çox hallarda borcun məbləği az olduqda bunun üçün məhkəməyə müraciət etmək kreditorun özünə sərf etmir, bu səbəbdən bank, ümumiyyətlə, buna təşəbbüs göstərmir. Amma bu o demək deyil ki, bankın buna səlahiyyəti çatmır.

“O cümlədən, gecikmə müddəti də bu şəkildə tənzimlənir. Sadəcə bir gün gecikməyə görə belə bank müştərini məhkəməyə verə bilər. Bu məsələ bankla müştəri arasında olan müqaviləyə əsasən tənzimlənir. Amma müqavilə bağlanılarkən müştəri-bank arasında uzlaşma qurulur və buna əsasən uyğun gecikmə müddəti müəyyənləşir və müqavilədə qeyd olunur. Çünki işin məhkəməyə düşməsi hər iki tərəfə də sərf etmir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru