“YENİ TAKTİKA UKRAYNANIN QALİB GƏLMƏSİNƏ KÖMƏK EDƏ BİLƏR" - "Tramp qalib gələrsə, bütün hesablar dəyişəcək"
12-06-2024, 15:44
Ukraynada gedən müharibəni hərbi-siyasi xarakterinə görə müəyyən mərhələlərə bölmək olar. Ekspertlərin fikrinə görə, hazırda müharibə özünün üçüncü fazasına daxil olur. Görünən odur ki, Qərb müttəfiqləri Ukraynaya verdikləri silahların zərbə gücünü tədricən artırırlar. Ukrayna isə daha müasir və qələbəni təmin edəcək sayda silahların verilməsini gözləyir. Bununla yanaşı, hesab edilir ki, Ukrayna ordusu müharibənin uzanacağı ehtimalını nəzərə almaq şərtilə döyüş taktikasını dəyişməlidir.
“AzPolitika” xəbər verir ki, ABŞ-nin “The Hill” qəzeti “Yeni takitika və NATO-nun köməyi Ukraynanın Rusiyaya qalib gəlməsinə kömək edə bilər” başlıqlı məqaləsində sözügedən məsələlərə toxunur.
Həmin məqaləni təqdim edirik: ”Gələn ay ABŞ-nin müttəfiqləri Vaşınqtonda bizim dövrün ən uğurlu kollektikv təhlükəsizlik paktı olan və 75-illiyini qeyd edən NATO-nun növbəti sammitinə toplaşacaq. Alyansın idarə olunmasında iştirak edən 32 ölkəni bir aktual sual gözləyir: Transatlantik tərəfdaşlar Ukraynanın suverenliyinin məhv edilməsinin qarşısını almaq üçün kifayət qədər iş görürlərmi?
Əgər onlar uğursuzluğa düçar olarlarsa, bu, təkcə Ukrayna üçün faciə deyil. Müharibədəki məğlubiyyət və ya Ukraynanın parçalanması Vladimir Putinin təcavüzünü mükafatlandıracaq və o, Ermənistan, Moldova və Baltik ölkələri kimi digər sovet respublikalarında nəzarəti bərpa etməyə həvəslənəcək.
Putinin qələbəsi nəinki Avropanı təhlükə altında qoyacaq, həm də Donald Tramp kimi NATO skeptiklərinə danışmaq üçün əsas verəcək. Tramp hesab edir ki, alyans işə yaramayan köhnəlmiş strukturdur və o, “İlk öncə Amerika” ideyasını həyata keçirməkdə Vaşinqtona mane olur.
Ukraynada müharibə başlayandan təximinən 19 ay sonra hərbi dinamika Moskvanın xeyirnə dəyişməyə başladı. Daha çox kadr ehtiyatına və böyük hərbi sənaye bazasına malik olan Rusiya ordusu hücuma keçərək Ukraynanın ən böyük şəhəri Xarkovu təhlükə altında qoydu.
Ukrayna Rusiya ilə üz-üzə döyüşdə qalib gələ bilməz, lakin onların döyüş üslubunu dəyişdirmək bacarığı müharibəni daha əlverişli olacaq üçüncü fazaya keçirə bilər.
Birinci faza Putinin 2022-ci ilin fevralındakı uğursuz müdaxiləsi ilə başladı. Bərbad idarə olunan işğalçılar demək olar ki, heç nə edə bilmədilər. Daha az saylı, amma yaxşı motivasiya olunmuş Ukrayna gücləri məharət nümayiş etdirməklə Rusiyanın tərifli hərbi dəstələrini məhv etdilər, hərbi gəmiləri batırdılar və işğalçıları şərqə tərəf qovdular.
Putinin “Xüsusi Hərbi Əməliyyat”ı Moskva üçün strateji uğrsuzluqla nəticələndi. Bu, Avropa və Amerikanı Ukrayna ətrafında sıx birləşdirdi. Onlar Kiyevə silah və yardımlar yolladılar, eyni zamanda da Rusiya iqtisadiyyatına qarşı sərt sanksiyalar tətbiq etdilər.
Uzun müddət neytral ölkə kimi qalan İsveç və Finlandiya NATO-ya qoşuldular və bu da Putinə alyansla 800 millik (təxminən 1200 kilometr) şimal sərhədi verdi. Bununla da Putin daha bir xoşagəlməz sürpriz qazandı, Avropa ölkələrinin əksəriyyəti Rusya təbii qazından asılılıqdan yaxa qurtarmaq üçün təcili tədbirlər gördülər və Amerikadan, Yaxın Şərqdən enerji almağa başladılar.
Ötən il geniş rekalm edilən Ukrayna əks-hücumu uğursuzluqla nəticələndi, çünki Kiyev Qərbdən silah gözləyənə kimi Rusiya ordusu yenidən toparlandı və eşalonlaşdırılmış müdafiə xətləri tikməyə imkan tapa bildi. Beləliklə, müharibənin ikinci fazası başladı. Rusiya öz ordusunun sıralarını doldurmaq üçün dustaqları yığdı və Ukrayna ərazisinə 600 min rus hərbçisi toplandı, müdaxilənin əvvəlində bu say təxminən 190 min nəfər idi.
İqtisadiyyatını faktiki hərbi relsnə qoymaq üçün Moskva öz müdafiə sənayesinin yenidən qurulmasına böyük vəsaitlər xərcləyib. Bundan başqa, iqtisadi sanksiyalardan yan ötmək üçün avtoritar müttəfiqləri Şimalı Koreya, İran, Suriya və Çin oxu üzərindən raket, artilleriya mərmiləri və dron ehtiyatını artırmağa çalışır.
Amansız döyüşlərdən sonra Rusiya ordusu keçən il Baxmut şəhərini öz nəzarətinə keçirə bildi. Ruslar bu ilin fevralında Ukraynanın şərqindəki Avdeyevkanı zəbt etdilər, son zamanlar isə şimal sərhədi boyunca Xarkov şəhərinə doğru irəliləmək istədilər.
Milli təhlükəsizlik üzrə analitiklər Keyt Karter, Cennifer Spindel və Metyu Maklarin “Foreign Relations” jurnalındakı məqalələrində irəliyə sürdükləri arqumentlərlə Ukraynanın strategiyasının və hərbi məqsədlərinin dəyişidirməsinin vacibliyini əsaslandırırlar: “İndi Ukrayna daha az məsrəflə daha çox iş görməyin yollarını tapmalıdır. O, dəyişən şərtlərə lazımi reaksiya göstərməli və insan resursunu qoruyub saxlamaq üçün taqətdən salma döyüşlərindən çəkinməlidir. Rusiya üzərində qələbə Ukrayna güclərindən daha uzun müddətli müharibədə assimetrik partizan taktikasının təşkil olunmasını tələb edir”.
Amerikanın istiqlal müharibəsini Kiyevin bugünkü mübarizəsi üçün uğurlu presedent və model hesab etmək olar. Corc Vaşinqtonun yığma kontinental ordusu özündən üstün olan ingilis qüvvələri ilə standart döyüşlərdən qaçmaqla “qırmızı mundirli” ingilislərin uzun təchizat xətlərini pozmaq üçün “vur-qaç” taktikasından istifadə edirdi. Corc Vaşinqton anlayırdı ki, həlledici məğlubiyyətdən qaçmaq və eyni zamanda da Britaniyanı insan resursu və xəzinədən məhrum etmək qələbə deməkdir.
İngilisləri yorub əldən salmaq üçün amerikallı müqavimətçilərin fransız döyüş gəmilərinə və qoşunlarına ehtiyacları vardı. Necə ki, indi də Moskvanın canlı qüvvə və texnika üstünlüyünü kompensasiya etməkdən ötrü Ukraynanın daimi xarici hərbi və iqtisadi yardıma ehtiyacı var.
ABŞ Nümayəndələr Palatasındakı respublikaçıların yarım ildən çox ləngitdikləri hərbi yardım nəhayət Ukraynaya axmağa başlayıb. Keçən həftə Ağ ev göndərdiyi silahlardan Rusiya ərazisindəki platsdarmlara,anbarlara və aerodromlara zərbə vurmasına qoyduğu qadağanın bir hissəsini götürüb.
Vaşinqton Putini təxribata çəkməkdən ehtiyatlandığına görə bunu etmək istəmirdi. Litva Xarici İşlər naziri Qabrielyus Landsberqsin dediyi kimi, gərginlikdən yayınmaq qətiyyən uduşlu strategiya deyil. Əgər indi Kiyev klassik müqavimət hərəkatı taktikasını seçərsə, müharibənin üçüncü fazası marafona dönüşəcək.
Rusiyanın aviabombaları, raketləri və artilleriyası Ukraynanın enerji infrastrukturunu dağıdır və çoxmənzilli evlərdə dinc sakinləri öldürür.
Ukraynalılar müharibədən yorulublar, lakin təslim olmurlar. Məsələ açıq qalır, görəsən, Avropa və Amerika iradələrini toplayıb Ukraynanı mübarizədə saxlaya biləcəklərmi?
Əgər Tramp noyabrda qalib gələrsə, onda bütün hesablar dəyişəcək. Amma gələn ay keçiriləcək NATO sammitindən çıxan qərarlar Ukraynadakı hərbi tarazlığın yaranmasına imkan verəcək.
Qərb müttəfiqləri Ukrayna Prezidenti Volodimir Zelenskinin tələb etdiyi Rusiyanın 300 milyard dollar dəyərindəki aktivlərindən istifadəyə razılıq verməlidirlər. Onlar həmçinin Ukraynanı aprel ayında İsraili İranın raket və dronlarından qoruyan çoxtəbəqəli Hava Hücumundan Müdafiə sistemlərinin oxşarları ilə təchiz etməlidirlər. Bu addımlar dünyaya göstərcək ki, NATO -dakı müttəfiqlər Ukraynanın yaşamasında maraqlıdırlar”.
“AzPolitika.info”