Paşinyan Lukaşenkoya açıq “müharibə” elan etdi və Minskdəki səfirini geri çağırdı.
14-06-2024, 08:14
Erməni baş nazir bu addımını “Minskin Bakıya dəstəyi, Belarusun Azərbaycanın qələbəsindən ruhlanması” ilə əlaqələndirir. Hərçənd bu, rəsmi İrəvanın KTMT ilə körpüləri yandırmaq üçün “plankanı qaldırmaq” gedişidir. Paşinyan bildirir ki, “bundan sonra Belarusa getməyəcək, Lukaşenko prezident olduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsi bu ölkəyə getməyəcək və Lukaşenko ilə KTMT formatınmda nəyisə müzakirə etməyəcək”.
Və əlavə edir ki, “Lukaşenko Ermənistandan üzr istəsə və ya Belarus təşkilatı tərk edərsə, İrəvan KTMT-yə münasibətini dəyişə bilər”.
Rusiyanın 1 nömrəli müttəfiqi Belarus KTMT-ni tərk etməyəcək, Lukaşenko da Ermənistandan üzr istəməyəcək. Belarus Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Lukaşenko da bu rəsmi mövqeyin məntiqi davamı kimi müharibədə qələbəyə görə Bakını təbrik edib. Buna baxmayaraq, Paşinyanın Lukaşenkoya “hücum etməsində” bir neçə hədəfi var.
- İrəvana KTMT-yə qarşı yeni bəhanə lazımdır: görünür, son iki ildə istifadə etdikləri səbəb – “Azərbaycan qarşısında Ermənistanın müdafiə edilməməsi”ni qüvvətləndirmək niyyətindədirlər;
- Putinə qarşı müttəfiqi Lukaşenko üzərindən “yeni cəbhə” açır və Rusiyanı Belarus-Ermınistan seçimi qarşısında qoyur, bununla KTMT-dən çıxmağı asanlaşdırırlar;
Paşinyanın Lukaşenkoya bu qədər açıq hücumunun arxasında açıqlanmayan, yaxud ictimaiyyətləşməmiş səbəblərin olması da mümkündür. Lukaşenkonun Bakı səfəri bu kontekstdə xüsusilə diqqət çəkir. Belarus prezidenti Bakıda Əliyevi regionun lideri adlandırdı, daha sonra Moskvada Putinə bildirdi ki, “Əliyevlə müzakirə edib, region və Qafqaz üçün maraqlı təklifləri var”. Bölgənin gələcəyini Əliyevlə müzakirə edən Lukaşenkonun təkliflərinin nə olduğu bilinməsə də, bunun Azərbaycanın maraqlarına uyğun olduğu sirr deyil. Mümkündür ki, Ermənistan bu təkliflərdən məlumatlıdır və bunu öz maraqlarına təhlükə hesab edir. Lukaşenkoya açıq hücumun arxasında bu amil də dayana bilər.
Ermənistanın Belarusla açıq qarşıdurmaya getməsinin riskli tərəfləri mövcuddur.
Birincisi, Ermənistan KTMT-dən çıxsa belə, iqtisadi amillərə görə Avrasiya İqtisadi İttifaqına ehtiyacı var və Lukaşenko ilə bu ittifaq çətiri altında üz-üzə gələcək;
İkincisi, Lukaşenko Putinin müttəfiqi kimi Aİİ-də daha güclü mövqeyə sahibdir və istisna deyil ki, təşkilatdakı mövqelərindən Ermənistana qarşı istifadə edəcək: Belarus prezidentinin “Ermənistan iqtisadi baxımdan ölmək istəyirsə, onu itirə bilərik” açıqlaması bu baxımdan çox şeyi ifadə edir;
Üçüncüsü, Ermənistanın Aİİ ilə problemlərinin olması ittifaqla əməkdaşlığı genişləndirən İranla da problemlər yarada bilər;
Bu amillər Lukaşekoya “müharibə elan” edən Nikolun hər şeyi hesabladığına şübhələr yaradır.
Asif Nerimanli
Publika az