“Qurban bayramını ələ salanlar ”Macdonalds"da əti dişinə çəkir"
14-06-2024, 10:50
İlahiyyatçı-alim: “Onların əksəriyyəti İslama düşməndir, ona görə...”
Qurban bayramına sayılı günlər qalıb. Hər il bayram ərəfəsində bir qrup insan sosial şəbəkələrdə heyvan “hüquq”larından bəhs edən, müxtəlif ifadələr işlədərək gözdənsalma kampaniyasına başlayır. “İslam vəhşiliyi təbliğ edir”, - deyə çağırışlar səsləndirir. Bu isə çox hallarda inanclı kəsimin narazılığına səbəb olur, mövzu ətrafında günlərlə mübahisələr yaranır.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “Yeni Müsavat”a bildirib ki, bu fikirləri səsləndirənlərin əsas hissəsi səmimi deyil və qərəzlidir: “İslam adı gələndə "ərəbin dini" deyərək ağız büzənlərdir. Əgər səmimi olsaydılar, “Macdonalds”, KFC və “Burger King” şəbəkələrində hər gün kəsilən milyonlarla toyuq, Yeni il bayramı yaxınlaşdıqda boğazı üzülən “məzlum” hindquşlarının, müxtəlif elmi-tədqiqat institutlarında eksperiment vasitəsi seçilən heyvanlar və sair üçün narahatlıq ifadə edərdilər. Əksəriyyətinin İslamla ədavəti var, İslama düşməndirlər. İkincisi, problem yer üzündə mövcud olan canlıların status-kvolarının süni şəkildə eyniləşdirilməsi və bərabər hüquqların təmin edilməsi problemidir. Yer üzündə ən ali varlıq insandır - bu onun sahib olduğu fiziki, psixoloji və intellektual bacarıqlarına, dəyişilmək və dəyişdirmək bacarığına sahib yeganə canlı olmağına görədir. Bu, aksiomadır, kiminsə bunu danması ağılsızlıqdır. İnsan oğlu yer üzündə yaşamaq üçün mövcud olan imkanlardan istifadə edir. Hər şey onun ixtiyarına verilib, amma eyni vaxtda ondan tələb olunur ki, bu istifadədə ifrata varmasın, israfa yol verməsin. Mövcud status-kvolar süni şəkildə eyniləşdirildikdə fiziki və sosial həyatın nizamı pozulur, dağılmalar, aşınmalar baş verir. Məsələn, firmada işçinin status-kvosunu müdirinki kimi etsək, iş getməyəcəkdir, işçi müdirin əmr və göstərişlərini onun hüquqlarına “təcavüz” sayacaq, müəssisədaxili idarəetməni sərbəst həyat və hüquqların “inzibati-amirlik” vasitəsi ilə məhdudlaşdırılması kimi xarakterizə edəcək. Yaxud ailədə qadını “kişiləşdirsək”, yəni ona kişi status-kvosu qazandırsaq, o ailə ya dağılacaq, ya da münaqişə ocağına çevriləcəkdir. Və ya uşaqların status-kvolarını valideynlərin status-kvolarına tay tutsaq, tərbiyə işi iflasa uğrayacaq, valideynin ailədə heç bir çəkisi qalmayacaq, atanın (ananın) oğlunun (qızının) müəyyən davranışlarını haqlı olaraq məhdudlaşdırmasına qarşı uşaqların “hüquqi mübarizəsi” başlanacaqdır. Təəssüf ki, hazırda bəzi ailələrdə bu hallar baş verməyə başlayıb. Həmçinin yaşıl meydançada futbolçular haray-həşir salsalar ki, xeyir ola, hakim bizə nəzarət edir, bizə göstəriş verir?! Bu ki hüquqlarımızın məhdudlaşdırılmasıdır! Biz meydançada necə sərbəst qaçırıqsa, elə də sərbəst hüquqlara sahib olmaq istəyirik! Təbii ki, onların bu tələbi yersizdir, ağıllı kimsə bunu tələb etməz. Misalları çoxaltmaq mümkündür. Biz bu misalları ona görə çəkirik ki, müxtəlifliklərin tənzimlənməsinə dair dünya yaradıldıqdan bu günə qədər mövcud status-kvolar mövcuddur, həm də bu status-kvolar uzun əsrlərin təcrübəsindən çıxmış, möhkəmlənmiş, özünü doğrultmuşdur. Onları dəyişdirməyə, yaxud eyniləşdirməyə cəhd mövcud sistemi yıxmaqdır".
İlahiyyatçı əlavə edir ki, heyvanlar aləmində də belədir: “Güclü heyvanlar zəif heyvanları parçalayıb yeyərkən, yaxud otyeyən heyvanlar otlarla, ağac yarpaqları, zoğları ilə qidalanarkən "hüquq təcavüzçüsü" kimi çıxış etmirlər, nə də ki bunun nəticəsində təbiət məhv olmur, yer kürəsi orbitindən sapmır. Həyatın qaydasıdır bu! Əslində Uca Allahın qoyduğu harmonik sistemdir bu. Bir-birindən istifadə edən, amma bir-birinin kökünü kəsməyən, əksinə, sağlam törəmələrinə, inkişafına kömək göstərən komponentlərin birliyidir bu. İnsanın təbiətə münasibətində də eyni sistem işləyir. Biz İlahi Qüvvənin bizə təbiətdə təqdim etdiyi “hazır” nemətlərdən istifadə etməklə yaşayırıq. Bütün bu nemətlər bizim üçündür, bizim üçün hazırlanıb. Allahın bizə yazılı müraciətində - Quranda yer üzünün bizim ixtiyarımıza verilməsindən danışılır, amma eyni zamanda tələb olunur ki, israf etməyək, lazım olandan artıq istehsal və istehlaka yol verməyək. Allah flora və faunanı bizə istifadəyə verib, bu o mənaya gəlmir ki, biz onu məhv etməliyik. İstifadə başqa şeydir, məhv etmək isə tam başqa şey. Canlılara zülm məsələsinə qalsa, soruşuruq: heyvanlara şəfqətdən bəhs edib ət yeməkdən biryolluq əl çəkən vegetarianlar “məzlum” göy-göyərtini dişləri arasında əzməklə, qazanlarda qaynadıb “işgəncə” verməklə nəbatat aləminin hüquqlarını tapdalamırlar ki?! Əgər bu məntiqlə yaşasaq, çox şeyin “hüquqları”na təcavüzdən məhkum olunacağıq. Belə qarışıq və ziddiyyətli yanaşma, dediyimiz kimi, insan və digər canlıların status-kvolarına səhv münasibətdən irəli gəlir. Nəhayət, məsələnin hüquqi-mülkiyyət tərəfinə nəzər salaq. Qurbanlıqlar əhliləşdirilmiş heyvanlardan seçilir və biz bu heyvanları küçədən, meşədən tapmırıq, onları ya özümüz yetişdirir, ya da satın alırıq. Mülkiyyətçi öz mülkiyyətindən istifadə haqqına sahib deyilmi. Atalar demişkən: öz yağımdır belə yeyirəm, əritmirəm kərə yeyirəm. Bir sözlə, qurbankəsmə zülm deyildir, zülm həddindən artıq istehsal və istehlakdır, səbəbsiz yerə, daha çox qazanmaq üçün onlara əziyyətdir, onları tələf etməkdir. Kəsmək və yemək təbii şeydir, həyatın təkəri bu cür fırlanır, vəhşi təbiətdə də belədir, mədəni cəmiyyətlərdə də. Heyvanlara şəfqət onları istehlakda ixtisara salmaqla baş vermir, əksinə, səbəbsiz yerə onlara əziyyət etməməkdə ifadə olunur".
Mənbə: musavat.com