"Nədən Qlobal Cənub ölkələri sülh sammitinin Birgə Bəyanatını imzalamayıb?" - "Financial Times"

18-06-2024, 07:14           
"Nədən Qlobal Cənub ölkələri sülh sammitinin Birgə Bəyanatını imzalamayıb?" -
"Ukrayna özünün ərazi bütövlüyü ilə bağlı sammit iştirakçılarının əksəriyyətinin dəstəyini qazanmağa nail olub..."

Birgə Bəyanatı imzalamaqdan imtina edənlər arasında Hindistan, Braziliya, Cənubi Afrika, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də var

Qlobal Cənub ölkələrinin bəziləri, Ukrayna üzrə sülh sammitində iştirak etmələrinə rəğmən, Birgə Bəyanatı imzalamayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb və bunun səbəblərinə aydınlıq gətirməyə çalışıb.

Nəşrin yazdığına görə, Ukrayna özünün ərazi bütövlüyü ilə bağlı tədbir iştirakçılarının əksəriyyətinin dəstəyini qazanmağa nail olub.

Lakin Hindistan, Braziliya, Cənubi Afrika və bəzi başqa ölkələr Birgə Bəyanatı imzalamaqdan imtina edib.

Bəyanatda qeyd edilir ki, "bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi" Ukraynada müharibənin başa çatması üçün "əsas kimi xidmət edəcək".

"Sammitin davamiyyəti Ukrayna üçün təsirli göründüyü zaman Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi həlledici ölkələrin sənədə dəstək verməmək qərarı onu göstərir ki, Rusiya özünün beynəlxalq iqtisadi gücü və təsirini saxlamaqdadır.

Rusiya görüşə dəvət edilməyib. Rusiya hərbi iqtisadiyyatının başlıca sponsoru olan Çin Moskvanın iştirak etməməsinə istinad edərək tədbirə qatılmaqdan imtina edib", - nəşr qeyd edib.

Sammitdə prezident Vladimir Zelenskinin 10 bənddən ibarət sülh planından yalnız üçü təqdim olunub.

Birgə Bəyanatda Rusiya tərəfindən işğal olunmuş Zaporojye AES-in "Ukraynanın tam suverenliyi altında" təhlükəsiz istismarına çağırış edilir.

Həmçinin söhbət hərbi əsirlərin tam mübadiləsi və deportasiya edilən ukraynalıların qaytarılmasından gedir.

Həmçinin "silah kimi istifadə edilə bilməyən" ərzaq təhlükəsizliyi xatırlanır, qeyd edilir ki, Ukrayna ərzağının ixracı "təhlükəsizlik və sərbəst təmin edilməlidir".

Ukraynanın Rusiya qoşunlarının çıxarılması, reparasiyalar və hərbi cinayətkarların təqib edilməsi məsələlərini əhatə edən öz sülh planının yerdə qalan yeddi bəndlərinə necə dəstək alacağı hələlik aydın deyil.

Ukraynada müharibə - sülh sammiti

Xəbər verildiyi kimi, 80 ölkə və dörd təşkilat Qlobal sülh sammitinin yekun Bəyannaməsini imzalayıb. İmza edənlərin yenilənmiş siyahısında bəlli olub ki, İraq və İordaniya öz imzalarını geri götürüb.

"Yeri gəlmişkən, Rusiya ilə ənənəvi yaxşı münasibətləri olan bəzi ölkələr ilk dəfə olaraq gözlənilmədən bəyan edib ki, onlar öz kanallarını Rusiya tərəfi ilə kommunikasiyalar üçün təklif etməyə hazırdır.

Mən hələlik bu ölkələrin adlarını açıqlaya bilmərəm, amma açıq deyim ki, biz məhz bu ölkələrdən belə mövqelər gözləmirdik", - bunu Ukrayna Ali Radasının insan haqları üzrə müvəkkili Dmitri Lubinets deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.