Ermənilərin iki təxribatı və ya güllə səsi “sülh səsini” batırır - AKTUAL

19-06-2024, 00:06           
Ermənilərin iki təxribatı və ya güllə səsi “sülh səsini” batırır - AKTUAL
İyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Qeyd edək ki, iyunun 14-ü saat 13:55-də də Ermənistan silahlı qüvvələrinin bölmələri Böyük Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ermənistan tərəfi isə atəşkəsin pozulmasını təkzib edir və belə bir əmr verilmədiyini açıqlayır. Ermənistanın Baş naziri açıqlamasında deyib ki, onun tərəfindən ordusuna belə bir göstəriş verilməyib. Paşinyan atəşkəs pozuntusu halının Azərbaycan və Ermənistan tərəfindən birgə araşdırılması təklifi ilə də çıxış edib.

Ekspertlər isə bildirirlər ki, Ermənistan ordusu təxribatlar törətməklə sülh prosesinə növbəti dəfə zərbə vurmaq niyyətini ortaya qoyur.

Bakı Politoloqlar Klubunun rəhbəri, analitik Zaur Məmmədov AYNA-ya müsahibəsində deyib ki, təxribat törədilirsə, bunun məsuliyyəti birbaşa olaraq Ermənistan rəhbərliyinin üzərinə düşür:

- Biz bilirik ki, Ermənistanda müəyyən qruplar var ki, onlar keçmiş prezidentlər – Robert Köçəryanın, Serj Sarkisyanın, yaxud da xaricdəki erməni lobbisinin təsiri altındadırlar, onların təlimatı əsasında hərəkət edirlər. Ola bilsin ki, həm qruplaşmaların ordudakı uzantıları bu təxribatı törədirlər. Amma hər halda, atəşkəs pozulursa, bunun məsuliyyəti Ermənistan dövlətinin üzərindədir. Azərbaycan Ordusu üçün fərqi yoxdur, erməni əsgəri atəş açırsa, deməli, ona cavab veriləcək.

Naxçıvan istiqaməti ümumiyyətlə, həssas istiqamətdir. Biz bilirik ki, Naxçıvana Ermənistan tərəfindən ərazi iddiaları mövcuddur. Bu iddia daim olub, bu gün də səsləndirilməkdədir. Ona görə də Bakının danışıqlardakı əsas tələbi məhz Ermənistanın Konstitusiyasının dəyişdirilməsi yox, onların gələcəyə baxış bucağının dəyişdirilməsidir. Əks təqdirdə, Azərbaycan adekvat addımlar atacaq. Bir daha atəşkəs pozulacaqsa, o zaman Azərbaycan Laçın istiqamətində 40 kilometrlik ərazidə sabitliyi təmin edə bilərik. Əgər Avropa İttifaqının missiyasının olduğu ərazidən Azərbaycan ərazisinə təhdid gələrsə, biz orada “bufer zona” yarada bilərik ki, təhlükəsizliyimiz təmin olunsun. Bu barədə yaxşı olar ki, Ermənistan rəhbərliyi bir daha düşünsün.

- Paşinyan atəşkəsin pozulmasını hər iki tərəfin birgə araşdırmasını təklif etdi. Bunu necə qiymətləndirmək olar?

- Biz nəyi araşdırmalıyıq. Atəşkəs pozulur, təxribat törədilir, buna lazımi cavab da verilir. Ermənistan özü araşdırmalıdır ki, atəşkəs necə, hansı şəraitdə pozulur. Əgər həqiqətən də səmimidirlərsə, belə bir əmr rəsmi şəkildə verilməyibsə, o zaman Paşinyan ordusuna baxsın, ona qarşı olanları zərərsizləşdirsin.

- Atəşkəsin pozulması sülh prosesinə zərbə vururmu?

- Əlbəttə, bu, sülh prosesinə zərbədir. Ermənistan rəhbərliyi sülhdə maraqlıdırsa, bu cür təxribatların olmamasına çalışmalıdır. Dediyim kimi, təxribat törədiləcəksə, qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq. Bunun biz dəfələrlə şahidi olmuşuq. Azərbaycanın mövqeyi birmənalıdır və bu mövqe Azərbaycan lideri tərəfindən bir neçə dəfə açıq şəkildə səsləndirilib.

- Paşinyan bildirdi ki, Ermənistan Konstitusiyasında dəyişikliklə sülh sazişi arasında hansısa bağlılıq yoxdur. Bununla Baş nazir nəyi demək istəyir?

- Ermənistan yeni ana qanunu tərtib etməli, qəbul etməlidir. Əgər bunu edərlərsə, Ermənistan Konstitusiyası yenilənəcək və oradakı ərazi iddiaları ilə bağlı maddələr çıxarılacaq. Bu günkü konstitusiyalarında Azərbaycana, Türkiyəyə qarşı birbaşa ərazi iddiaları mövcuddur. Bunlar aradan qaldırılmasa, o zaman sülh imzalansa da, dayanıqlılığı şübhə altında olacaq.

Düşünürəm ki, bu barədə Paşinyan hakimiyyəti düşünürm və yeni konstitusiya qəbulu ilə bağlı planlar var. Sadəcə olaraq bunu gecikdirirlər. Daxili vəziyyət nəzərə alınır. Əlbəttə, Paşinyan açıq şəkildə deyə bilməz ki, bu, Azərbaycanın tələbidir, yerinə yetirək. Amma biz tələsirik, bunu Ermənistan hakimiyyəti yaxşı bilml Rəsmi İrəvan söz verə bilər, dəyişəcəklərini bəyan edə bilərlər. Amma COP29 tədbirinədək sülh sazişi imzalansın. Bu sənədin imzalanması isə Ermənistan Konstitusiyasının dəyişdirilməsindən keçir.

- Ermənistanda davam edən etiraz aksiyalarının arxasında Paşinyanın olduğu iddia edilir. Bəziləri ehtimal edirlər ki, bununla Paşinyan sülh sazişinin ləngidilməsinə çalışır...

- Düşünmürəm ki, bu, Paşinyanın oyunudur. Bu etirazları keşiş Baqrat Qalstanyanın liderliyi ilə baş verir və Baqratın təlimatçısı da erməni kilsəsi, xüsusilə, xarici qüvvələrlə yanaşı, İkinci Qaregindir. Qareginin arxasında isə nə Qərb, nə Soros, nə də ki, Paşinyan və ətrafı olub. Onlar tamamilə, fərli baxışlıdırlar. Əksinə, Paşinyan hakimiyyətə gəldikdən sonra kilsə hakimiyyətini nüfuzdan salmaq üçün, onların hakimiyyətinə son qoymaq üçün proqramı vardı. Uzun müddət idi ki, kilsə hakimiyyətilərinə müdaxilə etmirdi. Baqrat Qalstanyanın lider olaraq seçilməsi Paşinyana qarşı olan siyasi texnoloqların ideyasıdır. Ona görə də keşişin arxasında Paşinyanın özünün dayanması iddiası ilə razılaşmıram. Paşinyanı devirə bilməyən qüvvələr çıxış yolu kimi kilsədən kömək umdular. Din amilini siyasətə qatmaqla hakimiyyəti devirmək niyyəti güdülür. Radikal dini qruplar siyasiləşdirilir ki, bununla hakimiyyətə gələ bilsinlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.