Qohum evliliklərindən doğulan xəstə uşaqların sayı artır: Qadağa qaçılmazdır!

19-06-2024, 10:59           
Qohum evliliklərindən doğulan xəstə uşaqların sayı artır:
Günay Əliyeva da deyir ki, qohum evlilikləri autosom-resessiv adlanan irsi xəstəliklərin ortaya çıxma ehtimalını artırır.
Qohum evliliklər zamanı irsi xəstəliklər ötürülə bilər. Ona görə də, qohum evliliklərinə qadağa qoyulması yaxşı təşəbbüsdür. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Bonum Medical Tibb Mərkəzinin Klinik Laboratoriya şöbəsinin müdiri, tibbi genetika üzrə tədqiqatçı alim Günay Əliyeva söyləyib.
Qeyd edək ki, Azərbaycanda qohum nikahlara qadağa qoyulması təklif olunur. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan bu məsələ Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, Məcəlləyə aşağıdakı hallar əlavə edilir:
qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;
Qeyd edilib ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) dəyişiklik edilməsi nəzərdə tutulur.
G.Əliyeva da deyir ki, qohum evlilikləri autosom-resessiv adlanan irsi xəstəliklərin ortaya çıxma ehtimalını artırır.
"Genetik xəstəliklər böyük qrup altında birləşib. Onların irsi ötürülmə yolları müxtəlifdir. Qohum evlilikləri autosom-resessiv adlanan irsi xəstəliklərin ortaya çıxma ehtimalını artırır. Autosom-resessiv yolla ötürülən xəstəliklərdə doğulan uşağın xəstə olması üçün ata və ananın xəstə olması o qədər də əhəmiyyət kəsb etmir. Valideynlərin daşıyıcı olması yetərlidir ki, uşaq xəstə doğulsun. Daşıyıcılar xəstəliyə məruz qalmasalar, hətta xəstəliyin yalnız genini daşısalar da, qohum nikahlarda bu xəstəliyin növbəti nəslə ötürmə riski böyük olur. Onlar epidemioloji olaraq potensial təhlükədirlər. Qohum nikahlarda genin daşıyıcılığı artıq o nəsildə olduğundan ötürmə riski də artmış olur".
Tədqiqatçı alimin sözlərinə görə, Azərbaycanda qohum nikahlarla ən çox yayılan talassemiya xəstəliyi və oraq hüceyrəli anemiya xəstəliyidir. On il əvvələ qədər bu xəstəliklərə müəyyən rayonlarda rast gəlinirdisə, son illər miqrasiya ilə əlaqədar bütün bölgələrdə bu xəstəliklər qeydə alınır:
"Rəsmi nikaha daxil olan şəxslərin talassemiyaya qarşı məcburi tibbi müayinəsinin aparılması bir sıra mühüm məqamları üzə çıxarıb. Tədqiqat zamanı məlum olub ki, nikaha daxil olan, hər ikisi daşıyıcı olan cütlüklərin 29 faizi qohum nikahında olanlardır. Onlardan 16 faiz əmiuşaqlarıdır. Qohum nikahında olan cütlüklər respublikanın aran bölgəsindən, Şəki-Zaqatala, Abşeron və Lənkəran bölgələrindəndir. Talassemiya və oraqvari hüceyrə anemiyası bizim respublikamız üçün endemikdir. Yüksək sıxlıqla rast gəlinir. Respublikanın 4 faizi Beta Talassemiyanın, 10 faizi isə alfa talassemiyanın daşıyıcısıdır. Hər ikisi daşıyıcı olan cütlüklərin evlənməsi xəstə uşaq dünyaya gətirmə statistikasını böyüdür. Odur ki, bunun qarşısını almaq üçün qohum evliliklərinə qadağa qoyulması yaxşı təşəbbüsdür".

Həmsöhbətimiz qohum olmadan da belə cütlüklərin evlənməsi zamanı talassemiya xəstəliyinə görə müayinənin aparılmasının vacib olduğunu söyləyir. G.Əliyeva deyir ki, talassemiyalı xəstələrdə perinetal diaqnostika ilə xəstə uşağın dünyaya gəlməsinin qarşısını almaq olar. Bu genefondun daha da yaxşılaşmasına müsbət təsir edərək xəstə uşaqların dünyaya gılməsinin qarışısını almış olar.
Qohum evlilikləri ilə bağlı qadağa tibbi baxımdan əsaslandırılsa da, bunun nikahdankənar evliliklərə yol açacağı bildirilir.
Deputat Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nikahdankənar münasibətləri qanuniləşdirmək olmadığından, son illər cütlüklər buna üstünlük vermirlər.

"Mən inanmıram ki, bu qadağalar nikahdankənar evlilikləri artırsın. Çünki, ailə münasibətləri rəsmiləşdirilməsə həmin ailədə dünyaya gələn uşaqların sənəd alması müşkül məsələyə çevrilir. Azərbaycan dünyəvi dövlətdir. Ailə münasibətləri mütləq şəkildə rəsmiləşdirilməlidir. Dövlət yaxın qohumlarla evlilikləri qadağan edirsə, insanlar buna qarşı çıxmaqdansa, gələcək uşaqlarının sağlamlığını düşünməlidirlər. Qohum evliliklərinin qadağan edilməsi birbaşa sağlamlıqla bağlıdır. Son illər qohum evliliklərindən dünyaya gələn xəstə uşaqların sayı artır. Vətəndaşlar buna əməl etməlidirlər", - deputat bildirib.

Qeyd edək ki, Azərbaycanda 70 minə yaxın əlil şəxs var. Onların arasında qohum evliliklərindən doğulan uşaqlar da mövcuddur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova qohum evlilikləri ilə bağlı təşkil edilən ictimai müzakirədə çıxışı zamanı bildirib ki, əlil doğulan uşaqların 8,4 faizi qohum evliliklərinin nəticəsidir. Onun sözlərinə görə, belə evliliklərdə ölü və yarımçıq doğumların sayı da çoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.