Qaz vurub, “Qaz...prom”u doldurmaq
20-06-2024, 16:17
Avropa rəsmiləri Rusiya-Ukrayna qaz kəməri vasitəsilə qaz tədarükünün davam etdirilməsi ilə bağlı danışıqlar aparırlar. Onlar Moskvanın başladığı müharibə səbəbindən qitənin enerji təchizatına vurula biləcək zərərin qarşısını almağa çalışırlar. Bu barədə Telegra.ph yazır.
Avropa Rusiya qazından imtina etməyə çalışır. Amma bəzi Şərqi Avropa dövlətləri Ukrayna ərazisindən keçən boru kəməri ilə Rusiyadan qaz almaqda davam edir. Qeyd edilir ki, tranziti tənzimləyən müqavilənin müddəti bu ilin sonunda başa çatır. Bazardakı əksər müşahidəçilər getdikcə qızışan müharibə fonunda qaz nəqlinin dayandırılacağını gözləyirlər.
Bu məsələ ilə bağlı məlumatı olan və adının çəkilməsini istəməyən mənbələrin bildirdiyinə görə, Avropa hökumətlərinin və şirkətlərinin rəsmiləri Ukraynadakı həmkarlarıyla özəl danışıqlarda gələn il qaz tədarükünü necə saxlamaqla bağlı müzakirələr aparırlar. Bəzi mənbələrin bildirdiyinə görə, müzakirə olunan variantlardan biri də Avropa şirkətlərinin Azərbaycandan qaz alaraq, Rusiyadan Avropaya gedən boru kəmərini doldurmaqdır. Belə bir tənzimləmə Moskvanın gəlirlərini azaltmağa çalışan Avropaya Rusiya qazını almaq problemindən yayınmağa imkan verəcək.
İdeya getdikcə populyarlaşır. Çünki Ukraynanın da onu dəstəkləyəcəyi aydındır. 2021-ci ildə Ukraynanın tranzit gəliri təxminən 1 milyard dollar təşkil edib. Bu da müharibədən zərər çəkmiş iqtisadiyyata kritik maliyyə köməyidir. İşləməyən boru kəmərlərinin hərbi hədəflərə çevrilə biləcəyi və ya yararsız hala düşə biləcəyi ilə də bağlı narahatlıqlar var. Onların bərpası isə baha başa gələcək.
Ukraynanın “Naftogaz” dövlət şirkətinin icraçı direktoru Aleksey Çernışov Bloomberg News-a deyib: “Bizim həmişə yadda saxlamalı olduğumuz iki amil var. Birincisi, Ukraynanın inanılmaz qaz tranziti və qaz saxlama infrastrukturu var, ondan istifadə edilməlidir. Həm də, Ukrayna bu infrastrukturdan istifadə etməyə meyllidir, çünki onun çoxlu faydası var”.
O, Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığı nəzərdə tutan istənilən planı istisna edib və bildirib ki, Azərbaycandan qaz nəqlinin “müəyyən gələcəyi ola bilər”.
Azərbaycanın SOCAR dövlət şirkəti sorğuları cavablandırmayıb. Avropaya ixracı artırmağa çalışan Azərbaycan Energetika Nazirliyi də operativ şərh verməyib. Rusiya hökuməti və “Qazprom” da şərh barədə xahişləri cavabsız buraxıb.
Azərbaycan qazından istifadə planı nəzəri cəhətdən Rusiyaya fayda verə bilər - Moskvanın öz qazını başqa ölkələrə tədarük etməyə imkan verən mübadilə formasında həyata keçirilsə. Rusiya yeni yanacaq istifadəçiləri tapmaqda kifayət qədər çətinlik çəkir. Çünki infrastrukturu Avropanı təmin etmək üçün qurulub, Çin isə sərt sövdələşmə aparır. Svop ideyası neft və qaz bazarı üçün yad deyil və yanacağın bir yerdən digər yerə çatdırılmasının fiziki cəhətdən mümkün olmadığı hallarda istifadə olunur. Azərbaycan isə Avropaya gedən boru kəmərindən artıq tam gücü ilə istifadə edir.
Danışıqlar ilkin mərhələdədir və məsələ ilə tanış olan mənbələr qərarın yalnız bu ilin sonunda, yəni müqavilə müddət başa çatandan və Avropada qışı mövsümü başlayandan sonra qəbul ediləcəyini gözləyirlər. Hələ bir çox detallar müzakirə olunmalıdır və razılıq əldə olunub-olunmayacağı bəlli deyil. Döyüş meydanında baş verənlər də buna təsir edə bilər.
Bəzi mənbələrin bildirdiyinə görə, müzakirələrə Almaniyanın milliləşdirdiyi Uniper SE qaz nəhəngi cəlb olunub. Amma Uniper-in sözçüsü də şərh verməkdən imtina edib. Almaniya İqtisadiyyat Nazirliyinin sözçüsü hökumətin Avropa İttifaqı ilə danışıqlar apardığını bildirib.
Slovakiya belə bir razılaşmadan faydalana biləcək əsas ölkələrdən biridir. Ötən ay Azərbaycana səfər edən baş nazir Robert Fitso da təfərrüatlara varmadan bu variant barədə söz açıb.
“İndi hər şey Rusiyanın “Qazprom” nəhəngi, eləcə də Azərbaycan, Ukrayna şirkətləri və digər şirkətlər arasında iqtisadi və qiymət şərtlərini razılaşdırmaq üçün danışıqlardan asılıdır”, - o, may ayında jurnalistlərə bildirib. “Onlar bunu etsələr, Slovakiya Azərbaycandan qaz idxal edə biləcək. Bu zaman onun bir hissəsi Slovakiyada qalacaq, bir hissəsi isə başqa ölkələrə gedəcək”.
Hökumət sözçüsü əlavə şərh verməkdən imtina edib. Avstriyanın, eləcə də razılaşmadan faydalanacaq başqa bir ölkənin enerji nazirliyi də şərh xahişinə cavab verməyib.
“Politico” nəşri də yazır ki, Aİ Ukraynadan keçən Rusiya qaz kəmərini Azərbaycanın qazla təmin etməsini istəyir. Rusiya Ukraynada müharibəyə başlayandan sonra Aİ Azərbaycanla enerji əlaqələrini gücləndirir. Nəşr yazır ki, Aİ rəsmiləri Azərbaycan qazını Ukrayna vasitəsilə Avropaya nəql etmək planı ilə bağlı Azərbaycana müraciət ediblər.
“Avropa İttifaqı və danışıqlar apardığımız tranzit ölkələr bu məsələ ilə bağlı Azərbaycana müraciət ediblər”. Bunu “Politico”ya müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
"Hazırda biz bu prosesə necə töhfə verə biləcəyimizə dair müxtəlif variantlara baxırıq” - o bildirib. - "Vaxt çərçivəsi ilə bağlı konkret nəsə deməkdən çəkinərdim. Amma yenə də deyirəm, müraciət... var idi və biz bunu ciddi qəbul etdik. Çünki bu, Avropanın enerji təhlükəsizliyi məsələsidir".
Azərbaycan sxeminin ortaya çıxması uzun müddətdir elektrik sənayesi və evlərin isidilməsi məsələsində boru kəmərinə arxayın olan Slovakiya və Macarıstan, eləcə də bir sıra Aİ ölkələrində artan narahatlıqla izah olunur.
“Biz, Ukrayna ərazisindən tranzitin dayandırılması barədə danışanda, Avropa qaz sistemində mövcud problemlər səbəbindən, təchizatın təhlükəsizliyi üçün bəzi risklər görürük”, - deyə Mərkəzi Avropa ölkələrindən olan diplomatlardan biri bildirib.
Avropa Komissiyasının enerji siyasəti üzrə nümayəndəsi Tim Makfi “Politico”ya deyib: "Komissiya alternativ təchizat və marşrutlar tapmaq üçün təhlükəyə məruz qalan üzv dövlətlərlə çox sıx işləyir".
Bəs, bu ideyanın həyata keçirilməsi nə dərəcədə realdır?
Pressklub.az-a danışan Ukraynanın “Strategiya XXI” Qlobal Araşdırmalar Mərkəzinin prezidenti, “Black Sea Security” jurnalının baş redaktoru Mixail Qonçar əmindir ki, Avropa İttifaqını təmsil edən Avropa Komissiyası “Azərbaycan Ukraynadakı Rusiya qaz kəmərini yanacaqla təmin etməlidir” məsələsini qaldırmayıb və qaldırmır.
“Hələ də Rusiya qazını almaqda davam etmək istəyən bəzi ölkələr var - Slovakiya, Avstriya, Macarıstan. Bu ölkələrin hazırkı hökumətlərinin və qaz lobbiçilərinin mövqeyini ümumi Avropa mövqeyi kimi təqdim etmək düzgün deyil və manipulyasiyadır.
Azərbaycandan qaz almaq təklifini “Rusiyadan Avropaya təbii qaz axınını dayandırmaq üçün vasitə” hesab etmək və bu zaman “Qazprom” sistemindən istifadə etmək ya sadəlövhlükdür, ya da Azərbaycan sxemi ilə Rusiya qazının gələcək axınını maskalamaq üçün aldatmaq cəhdidir. Məlum olduğu kimi, Aİ hətta Rusiyaya qarşı qaz sanksiyalar olmadan belə, oradan qaz, o cümlədən maye qaz idxalını kifayət qədər uğurla minimuma endirib. Moskva Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən Ukrayna üçün istifadə etmək qərarına görə Brüsseli “cavab tədbirləri” ilə hədələdiyi bir zamanda Aİ-nin özünü yenidən Rusiya qazı ilə bsağlayacağı ehtimalı azdır”, - ekspert hesab edir.
Onun sözlərinə görə, Azərbaycanın Avropaya ixrac üçün mövcud həcmdən əlavə böyük həcmdə qazı yoxdur. Bir neçə əlavə milyard kubmetr qaz Aİ-yə Rusiyadan asılı olmayan marşrutla çata biləcək həcmdir. Azərbaycan yataqlarından Ukrayna istiqamətində birbaşa qaz kəməri yoxdur: “Bəli, svop sxemi mümkündür: Azərbaycan qazı Rusiyaya gedir, “Qazprom” isə eyni həcmdə qazı Azərbaycan qazı kimi Ukrayna vasitəsilə Avropaya göndərir. Ancaq bütün problemlər də buradadır. Ya “Qazprom” şərti Azərbaycan qazını Ukraynanın şərqinin işğal olunmuş ərazilərindən keçirməyə çalışacaq ki, bu da Ukrayna üçün prinsipcə qəbuledilməzdir. Ya da “Qazprom” öz qazını Azərbaycan treyderinə satacaq və “Avropada artan tələbatı ödəmək üçün Bakının tələblərini” bəhanə edərək, onun həcmini daha da artacaq. Beləliklə, “Qazprom” Azərbaycan sxeminin arxasında gizlənərək, acınacaqlı maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün Aİ-nin qaz bazarına qayıtmağa çalışacaq.
Təbii ki, Kiyevdə heç kim tranzit nəzarətinin Kremlə verilməsində “Qazprom”a kömək etməyəcək. Tranzitin Ukrayna ərazisindən keçməsinin qaz nəqli obyektlərinin avtomatik olaraq Rusiyanın hücumundan sığortalanması fikri də reallığa uyğun gəlmir. Hətta “Qazprom”un qaz nəqlinin Ukraynan ərazisindən davam etdiyi indiki vaxtda belə, Rusiya yeraltı qaz anbarlarına zərbələr endirir. Bu onu göstərir ki, “Qazprom” danışıqlar aparmaq üçün tərəf deyil, onun baş meneceri Laxta Mərkəzində deyil, Kremldə oturur, ümumiyyətlə kommersiya mülahizələrini deyil, hərbi göstərişləri rəhbər tutur”, – mərkəzin prezidenti hesab edir.
Onun fikrincə, Rusiyadan yan keçən TANAP və TAR marşrutunun mövcud imkanlarının genişləndirilməsi Azərbaycanın maraqlarına daha çox xidmət edir. “Prezident İlham Əliyev ixracın həcmini artırmaq üçün bu marşrutun genişləndirilməsi barədə dəfələrlə danışıb. Və əgər Kremlin Aİ-dəki adamı - Orban rejimi “Şahdəniz”dən qaz almaq istəyirsə, o zaman onu bu marşrutla ala bilər”, - deyə M.Qonçar yekunlaşdırıb.
Rauf Orucov