Qızıl bazarında cinayətkarlığa “yaşıl işıq”
10-07-2024, 09:08
Son günlər ölkədə Əyar Palatasının yenidən bərpası ilə bağlı fikirlər səslənir.
Buna əsas yaradan səbəblərdən biri bu gün satışda olan qızıl-zinət əşyalarının tərkibinin təmiz olmaması, müxtəlif işbazlar tərəfindən müdaxilələrin olmasıdır. Lakin bu da bir faktdır ki, hər hansı qızıl-zinət əşyası alan vətəndaş ölkədə bu sahədə hər hansı bir qurum olmadığı üçün onun tərkibinin yoxlanılmasına nail ola bilmir.
Xatırladaq ki, Azərbaycanda Əyar Palatası 5 ildən artıqdır ki, ləğv olunub, onun yerinə Türkiyədəki təcrübə əsasında ölkəmizdə də əyar evləri açılacağı bildirilirdi. İnsanlar asanlıqla öz əşyalarını əyar evlərində yoxlada biləcəkləri deyilirdi. Lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, bu istqiamətdə heç bir addım atılmayıb.
Onu da qeyd edək ki, Nazirlər Kabinetinin 1998-ci il 24 may tarixli 114 saylı qərarına görə, qızıl və qızıl məmulatları və qiymətli daşlar Azərbaycan ərazisindəki pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxil edilib.
Onu da vurğulayaq ki, bir çox ölkələrdə qızıl-zinət əşyalarının satışı zamanı satıcı tərəfindən məhsul üzərində sertifikat da təqdim olunur. Bu sahədə mövcud problemləri nəzərə alaraq yenidən Əyar Palatasının bərpası nə dərəcədə mümkündür?
İqtisadçı-ekspert Fuad İbrahimov “Cebhe.info”-ya bildirib ki, adı Əyar Palatası olmasa da, belə bir qurum hər hansı bir formatda lazımdır:
“Rəsmi olaraq bu xidmət göstərilməlidir. Qızıl əlvan metallar arasında ən qiymətli hesab olunmaqla yanaşı, eyni zamanda hər kəsin iqtisadi cəhətdən güvən yeri olaraq diversifikasiya olunmuş mənbədir. Bu gün nağd pul olmadığı halda digər ehtiyat fondu hər zaman qızıl olur. Qızılın saxta olub-olmaması, əyarının yoxlanılması hər hansı bir mexanizm, hər hansı qurum vasitəsilə həyata keçirilməlidir. Onun olmaması özü absurddur. Ləğv olunmasını başa düşürük, ancaq yerində nə var? Doğrudur, bizim “Şərq bazarı”, “Moskva Univermağı”nda mütəxəssislər var ki, onu yoxlayıb deyə bilirlər. Ancaq onlara səlahiyyət verilməlidir ki, hansısa məntəqələr əyarı yoxlayıb üzərində arayış, sertifikat verə bilsinlər”.
Onun sözlərinə görə, burada söhbət yalnız qızıldan getmir:
“Müxtəli zinət əşyaları, o cümlədən daş-qaşlar-brilyant, rubin, aqat kimi məhsulların da saxta olub-olmaması, əyarının, keyfiyyətinin yoxlanılması üçün belə bir qurumun olması mütləqdir. O olmasa, biz hardasa bu sahədə cinayətkarlığın, dələduzluğun formalaşmasına, yayılmasına şərait yaratmış oluruq. Ümumiyyətlə, qızıl dünyası ilə bağlı çox işlər görülməlidir.
Bizdə bu günə qədər bununla bağlı hər hansısa bir şəffaflıq bərqərar olunmayıb. Ölkəyə idxalından, vergi dövriyyəsindən tutmuş bütün göstəricilərdə hələlik çox qaranlıq məqamlar var”.