Ərdoğana “Ermənistanla sərhədi aç” tələbi - Bakıdan reaksiya
Bu gün, 10:26

Türkiyə parlamentinin erməni əsilli sabiq deputatı Qaro Paylan Prezident Rəcəb Tayyib Ərdoğana çağırış edərək, Ermənistanla sərhədi dərhal açmağı tələb edib. Paylan bildirib ki, Bakı ilə İrəvan arasında ABŞ Prezidentinin iştirakı ilə imzalanan tarixi saziş bölgədə uzun illər davam edən düşmənçiliyə son qoyub və yeni sülh dövrünün başlanğıcı üçün zəmin yaradıb.
“Bizim borcumuz bu sülhü davamlı etmək üçün dərhal addımlar atmaqdır. Cənab Ərdoğan, Türkiyə ilə Ermənistan arasındakı sərhədi dərhal açın. Ermənistan, Türkiyə və Azərbaycan xalqlarını birləşdirin”, - deyə o, əlavə edib.
Sabiq deputatın bu çağırışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər bunu bölgədə sülhə töhfə verəcək mühüm addım kimi dəstəkləsə də, digərləri hələ də mövcud siyasi və tarixi gərginliklərin tam aradan qalxmadığını bildirərək ehtiyatlı yanaşırlar.
Bəs sülh sazişinin imzalanmasınadək Türkiyə-Ermənistan sərhədinin açılması mümkünmü? O halda Rusiyanın qonşu Paşinyan hökumətinə təsir imkanları nə dərəcədə azala bilər? Sərhəddən rus hərbçilərin çıxarılması mümkündürmü?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, Qaro Paylan artıq bölgədə sülhün olmasında maraqlı olduğunu göstərmək istəyir. Halbuki zaman-zaman Paylan erməniləri qızışdıran, Azərbaycanın maraqlarına qarşı olan bəyanatlarla çıxış edib. “Nə qədər ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altında idi, Paylan kimi ermənilər Ermənistan-Azərbaycan-Türkiyə yaxınlaşması, iki xalqın arasında münasibətlərin düzəlməsi üçün çağırışlar etmirdilər. Heç zaman ermənilərə, Ermənistan dövlətinə sülhün, əməkdaşlığın qurulması üçün işğalçı siyasətdən imtina etməyin zəruriliyi barədə müraciət ünvanlamırdılar. İndi vəziyyət dəyişib və bu dəyişimə uyğun mövqe ortaya qoymaları təbiidir. Qaro Paylan istəyir ki, yeni vəziyyətdən bir avantaj götürsünlər. Paylan sülh çağırışında səmimidirsə, başqa bir müraciəti də mütləq Ermənistan hakimiyyətinə və cəmiyyətinə etməlidir. O, Nikol Paşinyana, Ermənistan parlamentinə, Ermənistan müxalifətinə Azərbaycan və Türkiyə xalqları ilə birləşmək, bu ölkələrə qarşı ərazi iddialarını kənara qoymaq çağırışı etməlidir. Onda hesab edərik ki, Ərdoğana çağırışında səmimidir”, - F.Quliyev deyib.
Partiya sədrinin sözlərinə görə, Paylan özü də əslində yaxşı bilir ki, xalqların yaxınlaşmasına, dövlətlərin arasında əlaqələrin qurulmasına nə Türkiyə, nə də Azərbaycan mane olur. Maneə Ermənistanın konstitusiyasında, gerbində və digər beş sənədində Azərbaycana, Türkiyəyə qarşı ərazi iddialarının hələ də qalmasıdır. “Deməli, xalqların arasında əlaqələrə, dövlətlərin arasında əməkdaşlığa Ermənistan dövləti əngəldir. Ona görə də Paylan çağırışı ilk növbədə Ermənistan rəhbərliyinə və xalqına ünvanlamalıdır. Türkiyə liderinin, həmçinin Azərbaycan liderinin, hər iki dövlətin mövqeyi aydındır və dəfələrlə bəyan edilib ki, Ermənistanla əlaqələrin qurulması Ermənistanın bizə qarşı ərazi iddialarından, işğalçılıq niyyətlərindən əl çəkməsindən asılıdır. Türkiyə Ermənistanla sərhədlərinin açılmasının da bundan asılı olduğunu dəfələrlə bəyan edib. Bu mövqe aydın şəkildə ortada olduğu bir vaxtda Qaro Paylanın Türkiyə Prezidentinə özü də tələb formasında çağırış etməsi absurddur. Paylanın Ermənistan hakimiyyətinə ağıl verməsinə ehtiyac var. Ona görə də Paylanın çağırışının sərhədlərin açılmasına təsir edəcəyi gözlənilmir. Sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır. Bu isə o deməkdir ki, sərhədlərin açılmasında da məhz bu amil rol oynayacaq” -F.Quliyev bildirib.
Müsahibmiz onu da qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan, Türkiyə ilə sərhədlər açıldıqdan, Zəngəzur dəhlizi açılıb istifadəyə veridlikdən sonra Ermənistanın iqtisadi vəziyyəti düzəlməyə başlayacaq: “Belə vəziyyətdə isə Rusiyanın Ermənistana təzyiq və təsir imkanları azalacaq. Bu zaman isə Ermənistan hakimiyyəti ölkənin sərhədlərindən Rusiya hərbi qüvvələrinin çıxarılması məsələsini qaldıra bilər.