Tramp Putinə qəzəbləndi
Bu gün, 09:34

ABŞ Prezidenti Donald Tramp hələ də rusiyalı həmkarı Vladimir Putinə qəzəblidir və diplomatik səyləri uğursuz olsa belə, Ukrayna üçün NATO ölkələrinə silah satmağı dayandırmayacaq.
Bu barədə “Axios” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Rəsmilərin sözlərinə görə, son altı ayda bir sıra nəticəsiz telefon danışıqlarından sonra Tramp sülhə hazırlığını qiymətləndirmək üçün Putinlə şəxsən görüşməyə can atır.
Bununla belə, Ukrayna Prezidenti Volodimir Zelenski və digər Avropa liderləri narahatdırlar ki, Tramp Putinin gözünün içinə baxanda onun sərt tələbləri ilə razılaşacaq.
“Hazırda heç kim Trampın cümə günü Putindən nə istəyəcəyini bilmir. Biz Trampa nə qədər təsir edə biləcəyimizi bilmirik, amma cəhd etməyə davam etməliyik”, – Ukrayna rəsmisi “Axios”a deyib.
Həmçinin Amerika rəsmiləri iddia edirlər ki, əgər Trampın ritorikası bəzən rusiyayönlü olsa da, bunun səbəbi belə açıq bəyanatların ona sövdələşməyə kömək edəcəyinə inanmasıdır.
“Bəli, Tramp hələ də Putinə qəzəblidir”, – rəsmilərdən biri qeyd edib.
Amerika rəsmisi əlavə edib ki, diplomatik səylər uğursuz olsa belə, Tramp Ukrayna üçün NATO ölkələrinə silah satmağa davam edəcək.
Xatırladaq ki, ABŞ və Rusiya prezidentləri arasında görüş avqustun 15-də Alyaskada keçiriləcək.