“Türkiyənin əsas hədəfi AB üzv olmaqdır”, sözləri doğrudur, həm də TDT-nin güclənməsi üçün vacibdir....

11-07-2024, 12:08           
Türk Dövlətləri Təşkilatının gələcəyi iqtisadi əlaqələrin dərinliyindən asılı olacaq. İstiqamət, qərar doğrudur, amma bu gün problemlərdən də danışıb həlli yollarını tapmasaq, TDT gözəl arzu olaraq qalacaq.
İlk görüləsi iş TDT-nın koordinasiya qurumlarının yaradılmasıdır. Hərbi-təhlükəsizlik, iqtisadi, mədəni, xarici siyasətlə bağlı katibliklər yaradılmalıdır. Bundan başqa, TDT ölkələrinin Parlament nümayəndələrinin təşkilatı da olmalıdır. Yəni, Avropa Parlamentinin prinsiplərinə uyğun əhali sayı kvotalarına görə, hələlik məşvərətçi statusunda daimi parlamentar orqan təsis edilməlidir.
Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin ümumi ərazisi 4 mln. 731 min 213 km², əhalisi 170 mln.-a, ümumi ÜDM-i isə 1,4 trilyon dollara yaxındır – çox böyük ərazi, böyük bazardır, bunun üzərinə ölkələrin təbii resurslarını, əlverişli coğrafi mövqeylərini də gəlsək, dünya geosiyasəti və iqtisadiyyatında mühim rol oynamaq üçün bütün perspektivləri olan birlikdir.
Amma ayrı-ayrılıqda TDT ölkələrinin əsas iqtisadi tərəfdaşları kənardadır, iqtisadi təməl olmadan isə birliyin gələcəyi dumanlıdır.
Qardaş Türkiyə ən böyük iqtisadiyyatdır, çoxşaxəli və bazar iqtisadiyyatı institutları olan modelə malikdir. 2023-də Türkiyənin ixracatı 256 mlrd. dollar, idxalı 362 mlrd. dollar olub. Türkiyənion əsas ticarət tərəfdaşları AB ölkələridir.
Azərbaycanın 2023-də ixracı 33,8 mlrd. dollar, idxalı 17,2, bizim ölkənin də ən böyük ticarət tərəfdaşı AB ölkələridir.
Qazaxsatanın 2023-də ticarət dövriyyəsi 140 mlrd. dollar olub – ilk türdə Rusiya, 2-ci yerdə Çin, 3-cü yerdə Türkiyədir. AB ölkələrindən Fransa 9-cu, İtaliya 10-cu yerdədir.
Qırğızıstanın 2023-də ticarət dövriyyəsi 15,7 mlrd. dollar olub ki, bunun 38%-i tək Çinin payına düşüb, Rusiya isə 22%-lə 2-ci yerdədir. AB ölkələri ilə əlaqə zəifdir.
Özbəkistanın 2023-də ticarət dövriyyəsi 62,5 mlrd. dollar olub, 22% Çinin, 16%-i Rusiyanın payına düşür. AB ölkələrindən bir tək Almaniya 1,7% payla 7-ci yerdədir.
Türkmənistanın da 1 nömrəli ticarət tərəfadı Çin, 2-ci yerdə Rusiyadır. 2023-də Çinlə ticarət dövriyyəsi 10 mlrd. dollar olub ki, bu da, ümumi dövriyyənin, təxminən, 50% civarındadır.
Mənzərə belədir, Xəzərin o tayında olan qardaş ölkələr iqtisadi olaraq Çinə, Rusiyaya bağlıdırlar – bağlılıq dərindır, amma bu səviyyədə asılılıq qalacaqsa, TDT-nin işlək quruma, dünyanın yeni güc mərkəzinə çevrilməsi problematik olacaq. TDT+AB dövlətləri bağının qurulması vacibdir ki, Çin, Rusiya iqtisadi ekspansiyasına rəqib olmaq mümkün olsun. Ona görə də, qardaş Türkiyənin bu günlərdə cənab Erdoğanın dili ilə, “Türkiyənin əsas hədəfi AB üzv olmaqdır”, sözləri doğrudur, həm də TDT-nin güclənməsi üçün vacibdir....
Natig Jafarli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.