Azərbaycanda erkən parlament seçkisi - 11 suala cavabda
18-07-2024, 18:58
Sentyabrın 1-də Azərbaycanda erkən parlament seçkisi keçiriləcək. Seçkiyə iki aydan az vaxt qalmışkən, kimlərin seçkidə iştirak edəcəyi müzakirə olunmaqdadır.
Artıq Müsavat və Real partiyaları seçkiyə qatılacaqlarını, AXCP isə seçkini boykot etdiyini bəyan edib. Hakim Yeni Azərbaycan Partiyası isə artıq irəli sürdüyü namizədlərinin tam siyahısını açıqlayıb.
Azərbaycanda sonuncu parlament seçkisi də növbədənkənar olub və 2020-ci ilin fevralında baş tutub. Elə bu ilin fevralında keçirilən prezident seçkisi də erkən olub.
Seçkidə hansı partiyalar iştirak edir, hansılar etmir? İmzatoplamada kimlər iştirak edə bilər? Kimlər deputatlığa namizəd ola bilməz? Parlament seçkisinin vaxtı irəli çəkilə bilərmi? Prezident hansı hallarda növbədənkənar seçki təyin edə bilər? Seçilmiş parlament neçə il fəaliyyət göstərməlidir? BBC News Azərbaycanca bu və digər suallara cavab tapmağa çalışıb.
Niyə erkən seçki?
Azərbaycan parlamenti özünün buraxmaq istəyib və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması üçün iyunun 21-də Prezident İlham Əliyevə müraciət edib.
Özünü buraxmaq üçün müraciət edən parlamentin qənaətinə görə, COP29 zamanı Milli Məclisin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması, parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi, habelə ölkə üçün bu əhəmiyyətli tədbir zamanı normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsi üçün həmin vaxta qədər Milli Məclisin yeni çağırışının "tam formalaşdırılması zəruridir."
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də Milli Məclisin buraxılması və erkən seçki keçirilməsi ilə bağlı sərəncam verib. Bundan əvvəl Konstitusiya Məhkəməsinin Plenumu erkən parlament seçkisi keçirilməsinin mümkünlüyü ilə bağlı Azərbaycan Prezidentinin sorğusuna müsbət cavab verib.
Azərbaycanın əsas müxalifət partiyalarından AXCP bu qərarı tənqid edib və ölkədə azad rəqabət mühitinin olmadığını bildirib.
Partiya 2015-ci ildən bəri ardıcıl olaraq seçkiyə getmir. AXCP bu dəfə də seçkiləri boykot edərək, qatılmayacağını açıqlayıb.
Hansı partiyalar seçkiyə qatılır?
Artıq deputatlığa namizədlərin imzatoplama prosesi başlayıb.
Seçkidə iştirak edəcəyini açıqlayan Müsavat Partiyası iyulun 15-də 34 nəfər namizədinin adını bəyan edib. Partiya namizədlərinin siyahısının artacağını qeyd edib.
Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitənin üzvü Natiq Cəfərli ötən ildən seçkiyə hazırlaşdıqlarını bildirib. Partiya sədri İlqar Məmmədov 13 seçki dairəsindən namizədlərin adını açıqlayıb və əlavə edib ki, daha bir neçə üzv barədə yaxın günlərdə qərar veriləcək. REAL həmçinin seçkidə iştirak etmək üçün imzatoplama kampaniyasına başlanıldığını da bəyan edib.
Yeni Azərbaycan Partiyası 33 nəfərinin qadın olduğu bütün125 namizədinin adını iyulun 17-də açıqlayıb.
Hələ ki, təkcə Azərbaycan Xalq Cəbhəsi Partiyası 1 sentyabr seçkisini boykot etdiklərini açıqlayıb. Bu qərarı partiya lideri Əli Kərimli Facebook platformasında yayıb. Bundan əvvəl partiya "seçkiyə getmək və ya onu boykot etməklə bağlı" qərarını ictimai müzakirəyə çıxarıb.
"AXCP əvvəldən bəyan etdiyi mövqeyinə sadiq qalaraq, ölkədə sayı 300 nəfəri keçən siyasi məhbusun hələ də azad edilmədiyini, sərbəst toplaşmaq azadlığının təmin olunmadığını, seçki komissiyalarının hakimiyyətin tam nəzarətində olduğunu, səsvermə və səslərin sayılması prosesinə nəzarətin mümkün olmadığını, azad mətbuatın məhv edildiyini, seçkilərin müstəqil yerli müşahidəçiliyinə imkan verilmədiyini, azad rəqabət və yarış mühitinin olmadığını nəzərə alaraq 1 sentyabr növbədənkənar parlament seçkisini boykot edir", cənab Kərimli bildirib.
Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olmadığını və seçkilərin qanunvericiliyə uyğun və ədalətli keçirildiyini deyir.
Demokratik Qüvvələrin Milli Şurası AXCP-nin seçkini boykot etmək qərarını müdafiə etdiyini bildirib və "milli maraqları düşünən bütün siyasi qüvvələri də oxşar qərar verməyə" çağırıb, Milli Şuranın bəyanatında bildirilib.
Namizədin qeydə alınması üçün hansı sənədlər və nə vaxt təqdim olunmalıdır?
Namizədin qeydə alınması üçün namizəd, seçicilərin təşəbbüs qrupunun nümayəndəsi və ya namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək (iyulun 13-dən avqustun 2-si saat 18:00-dək) MSK-ya aşağıdakı seçki sənədlərini təqdim etməlidir:
namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;
seçici imzalarının toplanmasının yekunu haqda MSK-nın müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolunun 2 nüsxəsi
namizədin öhdəlik ərizəsindəki namizəd haqqında məlumatlarda dəyişikliklər barədə bildiriş;
namizədin seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövrü əhatə edən gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;
gəlirlər barədə məlumatların alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış;
Seçki Məcəlləsinin 5 saylı əlavəsinə uyğun formada tərtib edilmiş mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat;
Kimlər deputatlığa namizəd ola bilməz?
Seçki qanunvericiliyində deyilir ki,
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həbsxanada cəza çəkən şəxslər;
AR Cinayət Məcəlləsinin ağır və xüsusi ilə ağır cinayətlərinə görə məhkum olunmuş şəxslər;
ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları (ikili vətəndaşlığı qalanadək);
xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşları (həmin öhdəliklərə xitam verilənədək) deputatlığa namizəd ola bilməz.
Xarici dövlətlər qarşısında öhdəliklər 5 ildən çox xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək, habelə digər siyasi və ya hüquqi öhdəliklər də ola bilər.
Kimlər imzatoplamada iştirak edə bilər, kimlər edə bilməz?
Seçki Məcəlləsinə görə, imzatoplama zamanı deputatlığa namizədin müdafiəsi üçün onun namizədliyinin irəli sürüldüyü seçki dairəsinin ərazisindəki seçicilərin azı 450 imzası toplanmalıdır.
İmzatoplamada iştirak edə bilər:
Vətəndaşın özü;
Seçicilərin təşəbbüs qrupu;
Siyasi partiya;
Siyasi partiyaların bloku;
18 yaşına çatmış aktiv seçki hüququna malik AR-nın vətəndaşları
İmzatoplamada iştirak edə bilməz:
Dövlət orqanları
bələdiyyə qurumları
mülkiyyət formasından asılı olmayaraq, hüquqi şəxslər
Qanunvericiliyə görə, imzatoplamada seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydə alınmasından imtina üçün əsas ola bilər.
İmzatoplamaya icazə verilən yerlər;
Tədris müəssisələri,
Yaşayış yerləri,
Seçkiqabağı təşfiqat yerlərinin qadağan olunmadığı digər yerlər
Seçilmiş parlament neçə il fəaliyyət göstərməlidir?
Ölkə konstitusiyasında Milli Məclisin hər çağırışı üçün seçkilərin vaxtı beş ildən bir -noyabr ayının birinci bazar günü kimi qeyd olunub. Yəni, seçilmiş parlamentin səlahiyyət müddəti 5 ildir.
Lakin 2016-cı ildə konstitusiyaya edilən dəyişikliyə görə, növbədənkənar seçkilərdə seçilən 125 deputatın səlahiyyəti beş ildən az ola bilər.
Bu halda da seçkilər Milli Məclisin səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
Ölkədə sonuncu parlament seçkisi 2020-ci ilin 9 fevralında keçirildiyi üçün hazırki MM-in fəaliyyətinin beşinci ili bu il fevralın 10-dan başlayır.
Qanunvericiliyə görə, ölkədə növbəti parlament seçkiləri bu ilin noyabr ayının ilk bazar günü yəni, 3 noyabr 2024-cü il tarixinə təsadüf edir.
Parlament seçkisinin vaxtı hansı halda irəli çəkilə bilər?
Bu il erkən baş tutması planlaşdırılan seçki ilə Azərbaycanın 7-ci çağırış Milli Məclisi formalaşacaq.
Milli Məclisin Prezidentə erkən parlament seçkisinin keçirilməsi barədə müraciətinin təşəbbüskarı hakim partiya olub.
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti parlamentdəki deputatlarına "COP29 (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi beynəlxalq tədbirlərlə parlament seçkilərinin eyni vaxtda keçirilməməsi üçün” Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış etməyi tövsiyə edib.
Bəs qanunvericilik bununla bağlı nə deyir?
Azərbaycan qanunvericiliyində ölkədə keçiriləcək hər hansı tədbirə görə və ya başqa bir səbəbdən parlament seçkisinin vaxtının irəli və ya geri çəkilməsi ilə bağlı birbaşa müddəa yoxdur.
Lakin həm konstitusiyada, həm də Seçki Məcəlləsində, ümumilikdə, hansı hallarda seçki keçirilməməsinə dair müddəalar var.
Bu da fövqəladə və hərbi vəziyyət, müharibə, Azərbaycana təcavüz halları məsələləri ilə bağlı müddəlardır.
Yəni, Seçki Məcəlləsinə görə, ölkə ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edilərsə, həmin vəziyyətin ləğvindən 3 ay müddət keçməyənədək referendum və ya seçkilər keçirilə bilməz.
Lakin konstitusiyaya edilən son dəyişikliyə görə, ölkə prezidentinin növbədənkənar seçki təyin etmək, parlamenti buraxmaq səlahiyyəti var. Buna isə müəyyən əsaslar olmalıdır.
Prezident hansı hallarda erkən parlament seçkisi təyin edə bilər?
Parlamentin buraxılması onun öz vəzifələrini ya tam, ya da normal icra edə bilməməsi ilə bağlı ola bilər. Yəni, parlament konstitusiya ilə üzərinə düşən vəzifələri yerinə yetirə bilmirsə, prezident Konstitusiyanın 98.1-ci maddəsinə əsasən onu buraxa bilər. Həmin vəzifələr aşağıdakılardır:
Əgər Milli Məclis eyni ildə 2 dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstəribsə;
Və ya Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Bankın İdarə heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident iki dəfə təqdim etdikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etməyibsə;
Həmçinin Konstitusiyanın müvafiq maddələri ilə - Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar və həll etdiyi məsələlər (94-95-ci maddələr), onun qanunvericilik təşəbbüsü ilə bağlı məsələləri (96-cı maddəsinin II, III, IV və V hissələri) və qanunların imzalanmaq üçün təqdim olunması müddəti (97-ci maddə) ilə bağlı göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etməyibsə;
Bu hallarda, ölkə Prezidenti Milli Məclisi buraxa bilər.
Parlamentin buraxılması üçün hazırda hansı əsaslar var?
Parlamentin İlham Əliyevə müraciətində Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 3-cü hissəsini - inzibati ərazi bölgüsünü rəhbər tutaraq erkən parlament seçkilərinin keçirilməsini istəyib.
Onlar bunun Milli Məclisin Konstitusiyada nəzərdə tutulmuş vəzifələrini tam icra edə bilməsi üçün "zəruri" hesab edirlər.
Erkən seçkilərin təşəbbüskarı olmuş YAP-ın sədr müavini Tahir Budaqov COP29 dövründə ölkə parlamentinin tam fəaliyyətdə olmasının "məqsədəmüvafiqliyinin də nəzərə alınmalı olduğunu" deyib.
YAP bu il olduğu kimi, 2019-cu ildə də onu təmsil edən deputatlara Milli Məclisin buraxılması təşəbbüslə çıxış etməyi tövsiyə etmişdi.
Həmin vaxt onlar Milli Məclisin “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə adekvat olmamasını və son aylar ölkədə aparılan islahatlardan geri qalmasını” əsas tutaraq bu qərara gəldiklərini açıqlamışdılar.
Bundan sonra parlament özünü buraxmış və Prezidentdən erkən seçki istəmişdi.
Həmin vaxt İlham Əliyev bu müraciətlə bağlı qərar verməzdən öncə, parlamentin buraxılmasının konstitusiyaya uyğunluğunu yoxlaması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərmişdi.
Konstitusiya Məhkəməsi parlamentin buraxılması haqda nə demişdi?
Artıq Prezident İlham Əliyev parlamentin bu il buraxılmasının konstitusiyaya uyğunluğunu yoxlaması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Məhkəmə sorğuya mahiyyəti üzrə iyunun 27-də baxacaq.
Bundan əvvəlki erkən parlament seçkisi ilə əlaqədar Konstitusiya Məhkəməsi Prezidentin sorğusuna cavab olaraq qərara alıb ki, Milli Məclisin özünü buraxaraq, növbədənkənar seçki təyin etmək üçün prezidentə müraciəti və Prezidentin bu seçkini təyin etməsi Azərbaycan konstitusiyasına uyğundur.
Seçki məsələləri üzrə mütəxəssis Hafiz Həsənov BBC-yə deyib ki, Konstitusiya Məhkəməsinin özünü buraxan parlament haqda ümumi bir qərarla yox, xüsusi əsaslandırma ilə rəy verməsi daha yaxşı olardı.
“Çünki bu, ölkə üçün kifayət qədər önəmli bir qərardır. Konstitusiya Məhkəməsi yoxlamalıdır ki, parlament işini görə bilir, yoxsa, doğrudan da artıq Milli Məclis qərar verə bilmir? Məsələn, doğrudan da parlament Prezidentin Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Bankın idarə heyətinin kollegial fəaliyyətinə zəruri olan sayda üzvlüyə namizədləri iki dəfə təqdim etdikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etməyib? Və ya doğrudanmı göstərilən digər müddəları pozub?", - deyə Hafiz Həsənov izah edir.
MM-in yeni tərkibi formalaşanadək özünü buraxmış parlament işləyə bilərmi?
Konstitusiya Məhkəməsinin həmin vaxtkı qərarında, həmçinin bildirib ki, növbədənkənar seçkidə Milli Məclisin yeni tərkibi formalaşanadək müstəsna hallar üçün buraxılmış parlament fəaliyyət göstərməlidir.
Belə ki, parlamentin ölkədə hərbi və fövqəladə (ölkə ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycana müharibə elan etdikdə, ölkəyə qarşı real silahlı hücum təhlükəsi yarandıqda, respublikanın ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda) vəziyyət elan etməklə bağlı Prezidentin verdiyi fərmanları təsdiq etmək və s. kimi həyati əhəmiyyətli funksiyaları da var.
Buna görə də yeni parlamentin tərkibi formalaşanadək bu funksiyaların icrası ilə bağlı buraxılmış Milli Məclisin səlahiyyətləri saxlanılıb. Həmçinin buraxılmış parlamentin beynəlxalq təşkilatlarda təmsilçiliklə bağlı da səlahiyyətlərində dəyişiklik olmayıb.