Çörçillin anadan olduğu sarayda bu gün yüksəksəviyyəli iclas keçiriləcək

18-07-2024, 16:39           
Çörçillin anadan olduğu sarayda bu gün yüksəksəviyyəli iclas keçiriləcək
London yaxınlığındakı Oksfordşirddə keçiriləcək "Avropa siyasi birliyi" 4-cü Zirvə toplantısında 45 dövlət və hökumət başçısı iştirak edəcək.

"Report" xəbər verir ki, 2022-ci ildə yaradılan bu hökumətlərarası təşkilata həm Avropa İttifaqı ölkələri, həm də Aİ-nin üzvü olmayan digər dövlətlər daxil edilib.

Sayca dördüncü sammitə ilk dəfə NATO, ATƏT və Avropa Şurasının nümayəndələri dəvət olunublar. Əsas mövzular arasında isə qeyri-qanuni miqrasiya ilə mübarizə, təhlükəsizlik sahəsində Avropa ilə daha sıx əməkdaşlıq, Ukrayna münaqişəsi var.

"The Guardian" qəzetinin yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 18-də Londona səfər etmək və sammitdə çıxış etmək niyyətindədir.

Birgünlük iclasın proqramına açılış və yekun plenar iclas, onların arasında isə müxtəlif mövzularda üç dəyirmi masa daxildir: miqrasiya, enerji, demokratiyanın müdafiəsi və təmini. Sonda heç bir yekun kommünikeni qəbulu nəzərdə tutulmur.

Sammit Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin 1874-cü ildə anadan olduğu Blenhaym sarayında baş tutacaq.

Saray 1705-24-cü illərdə klassikləşdirilmiş barokko üslubunda və ya ingilis memarlığına xas olan kraliça Anna üslubunda Marlboronun ilk hersoqu Con Çörçill və həyat yoldaşı Saranın iqamətgahı kimi tikilib. Dizaynerləri Con Vanbru və Nikolas Haksmur olub. Adını hersoqun fransızlar üzərində qələbəsi şərəfinə alıb.

Eyni zamanda, sammitdə Macarıstanın Baş naziri Viktor Orbanın turundan sonra Aİ liderləri ilə ilk görüşü olacaq. İyulun 2-dən iyulun 11-dək Ukraynadakı sülhməramlı missiyası çərçivəsində o, Kiyev, Moskva, Pekin və Vaşinqtonda səfərdə olub, burada ölkə liderləri ilə Ukrayna münaqişəsinin həlli yollarını müzakirə edib.

Xatırladaq ki, "Avropa siyasi birliyi"nin birinci Zirvə toplantısı 2021-ci ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.