2 borudan asılı olan primitiv iqtisadi modeli olan məmləkətdə bohran dalğaları qaçılmazdır...

19-07-2024, 08:34           
2 borudan asılı olan primitiv iqtisadi modeli olan məmləkətdə bohran dalğaları qaçılmazdır...
Dünən ölkə iqtisadiyyatının vəziyyəti və yaxın 2-3 ildə baş vermə ehtimalı yüksək olan problemlərlə bağlı status yazmışdım, bəzi izləyicilər mənim yaxın 1,5-2 ildə devalvasiya ehtimalının yüksək olması ilə bağlı fikrimə əks-arqument olaraq yazıblar ki, axı ölkənin 69,7 mlrd. dollar valyuta ehtiyatı var, niyə bu addıma getsinlər ki?!
Əslində maraqlı, haqlı sualdır, amma 2015-ci ili xatırlayın, hökumət 3 pilləli (1,05, 1,50, 1,70) devalvasiyaya gedib məzənnəni sabitləşdirdi, amma 2014-cü ilin sonunda valyuta ehtiyatlarımız kifayət qədər yüksək idi – 2014-cü il dekabrın sonuna ölkədə 51,4 mlrd. dollar valyuta ehtiyatı var idi. Yaxşı, əgər devalvasiyanın qarşısını kəsən amil məhz valyuta ehtiyatlarıdırsa, 2015-də nədən bu addımı atdılar?! Neft Fondu bir kənara, 2014-ci ilin sonuna bir tək elə Mərkəzi Bankda 14 mlrd. dollar ehtiyat var idi, bu gün MB-ın ehtiyatı 11,7 mlrd. dollardır, yəni, 2015-ci, devalvasiya ilinin əvvəlinə MB-da bu gün olan ehtiyatdan 2,3 mlrd. dollar çox vəsait var idi, amma devalvasiya qaçılmaz oldu.
2015-də devalvasiyanın əsas səbəbi neftin qiymətinin azalması oldu, indi isə hasilat kəskin azalır – 2014-cü ildə Azərbaycanda neft hasilatı 41,9 mln. ton təşkil edib, 2023-cü ildə isə Azərbaycanda 30 milyon 189,6 min ton neft hasil edilib - azalma, az qala, 12 mln. tondur. Amma 2024-ci iləd hasilatın azalması tempi kəskinləşib – bu ilin ilk 6 ayında 2023-cü ilin 6 ayına nisbətən hasilat 5% azalıb.
Azalma trendini gündəlik hasılat rəqəmləri daha aydın göstərir – 2024-cü ilin ikinci rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 470 min barel səviyyəsində olub. 2023-ci ilin birinci rübündə qeyd olunan göstərici 520 min barel, ikinci rübündə 500 min barel, ücüncü və dördüncü rübündə isə 490 min barel təşkil edib.
Yəni, 2 borudan asılı olan primitiv iqtisadi modeli olan məmləkətdə bohran dalğaları qaçılmazdır...
Natig Jafarli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.