Avropalı liderlər Böyük Britaniyada keçiriləcək sammitə toplaşırlar
19-07-2024, 11:44
Avropalı liderlər iyulun 18-də Avropa Siyasi Birliyinin Böyük Britaniyada keçiriləcək dördüncü sammitində bir araya gələcəklər.
Britaniya hökumətinin məlumatına görə, 45-dən artıq dövlət və hökumət başçılarının iştirak edəcəyi sammitin gündəliyində Rusiyanın işğalçı müharibəsi fonunda Ukraynaya hərbi və maliyyə dəstəyi, həmçinin təhlükəsizlik, miqrasiya, enerji və demokratiyanın müdafiəsi kimi məsələlər dayanır.
“Rusiyanın vəhşi müharibəsi bütün qitəmizdə əks-səda verməyə davam edərkən, mənfur qaçaqmalçı dəstələr günahsız insanları çox vaxt faciə ilə bitən təhlükəli səyahətlərə aparır. Biz tarixin bu fəslində tamaşaçı qala bilmərik”, Böyük Britaniyanın yeni seçilən baş naziri Keir Starmer deyib.
Avropa Birliyi Sammiti 4 iyul seçkilərində böyük fərqlə qalib gələrək 14 ildən sonra hakimiyyətə qayıdan Leyboristlər hökumətinin ev sahibliyi edəcəyi ilk böyük tədbirdir. Böyük Britaniyanın Avropa İttifaqı ölkələri münasibətlərini bərpa etmək istəyən Starmer hökuməti sammitin bu yöndə ilk fürsət olduğunu düşünür.
Rusiyanın Ukraynadakı müharibəsi fonunda Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılan Avropa Siyasi Birliyinin daha əvvəl üç sammiti baş tutub.
2022-ci ilin oktyabrında Praqada baş tutan ilk sammit Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin də iştirakı keçirilən dördtərəfli görüşlə yadda qalıb. Görüşün yekununda Azərbaycan və Ermənistan liderləri ilk dəfə 1991-ci il Almatı bəyannaməsi çərçivəsində bir-birinin ərazi bütövlüyünü tanımalarına dair Praqa bəyannaməsini imzalayıb.
İlham Əliyev və Nikol Paşinyan 2023-cü ilin iyununda Avropa Siyasi Birliyinin Moldovada keçirilən ikinci sammiti zamanı yenidən görüşüb. Bu görüşdə Emmanuel Makron və Şarl Mişellə yanaşı Almaniya kansleri Olaf Şolts da qatılıb.
Bu formatda növbəti görüşün ötən ilin oktyabrında Qranada şəhərində baş tutan üçüncü sammit çərçivəsində keçirilməsi gözlənilsə də, rəsmi Bakı Türkiyənin görüşdə iştirakına imkan verilməməsi və Fransanın “qərəzli mövqe”yini əsas gətirərək son anda görüşə qatılmaqdan imtina edib.
London yaxınlığındakı tarixi Blenim sarayında keçiriləcək budəfəki sammitə də Azərbaycan və Ermənistan liderləri dəvət edilib.