İsraillilər ABŞ seçkilərini yaxından izləyirlər

19-07-2024, 19:04           
İsraillilər ABŞ seçkilərini yaxından izləyirlər
İsraillilər noyabrda keçiriləcək ABŞ seçkilərini yaxından izləyir. Onlar bu seçkilərin atəşkəsə nail olunmasında, girovların azad edilməsində və Qəzzada yeni hökumətin qurulmasında kömək edəcəyinə inanırlar.

İsraildə keçirilən bir neçə sorğu ölkədə son il ərzində ictimai rəyin dəyişdiyini göstərir.

İlay Kuk, Hayfa Universiteti: “7 oktyabr hadisələri israilliləri daha çox sağa çəkdi. Bu səbəbdən onlar Amerikada və digər yerlərdə seçkilərə sol və sağ fərqi ilə baxırlar. Onlar sağçı siyasətçilərə meyllənirlər və ABŞ nümunəsində bu, Donald Trampdır.”

İsraildə 200 mindən çox ABŞ-İsrail ikili vətəndaşlığı olanlar yaşayır və əksəriyyəti ABŞ seçkilərində səs verməyi planlaşdırır.

Yəhudi dövləti uzun müddətdir Vaşinqtonla yaxın münasibətlərə malikdir. Oktyabrda HƏMAS-ın hücumundan sonra ABŞ İsrail üçün 12,5 milyard dollar hərbi yardım ayırıb.

İsraillilərin çoxu sabiq prezident Donald Trampın prezidentliyi müddətində İsraili dəstəkləməsini xatırlayır.

Amots Asa-El, Şalom Hartman İnstitutu: “İnsanlar deyir ki, o, ABŞ səfirliyini Qüdsə keçirdi, o, İsrailin Qolan yüksəkliyində suverenliyini tanıdı, o, İranla mübarizədə İsraili hərtərəfli dəstəklədi. Ona görə də, müəyyən minnətdarlıq aspekti var.”

Təhlilçilər deyir ki, israillilər 7 oktyabr hücumundan sonra öz partiyasında bəzi etirazlara baxmayaraq İsrailə göstərdiyi dəstəyə görə prezident Baydeni qiymətləndirirlər.

Bayden HƏMAS-ın hücumundan bir neçə gün sonra İsrailə səfər edib, ölkəyə böyük maliyyə dəstəyinin ayırılmasına nail olub, apreldə İran İsrailə raket hücumu edəndə İsrailin müdafiəsində aparıcı rol oynayıb və hadisələrin regional müharibəyə çevrilməməsində töhfəsi olub.

Amma Bayden adminstrasiyasının Qəzza zolağında çox sayda dinc əhalinin ölümünə səbəb ola biləcək ABŞ silahlarının bir hissəsinin göndərilməsinin dayandırılması qərarı onun Netanyahu hökuməti və İsrailin nüfuzlu ictimai fiqurları arasında gərginliyinə səbəb olub.

Daniel Qordis, Şalem Kolleci: “Co Bayden İsrailə geniş hərəkət azadlığı verib. Müharibə 9 aydır davam edir və bir dəfə də “dərhal atəşkəs” sözü işlətməyib. O təxminən 900 kiloqramlıq bombanın göndərilməsini dayandırıb, çünki düşünürdü ki, bu bombalar şəhər ərazisində istifadə ediləcək. Digər hallarda isə silahlarım göndərilməsi davamlı olub.”

Sorğular israillilərin ABŞ seçkilərində Trampın qələbəsini istədiyini desə də, bəzi təhlilçilər Trampın prezidentliyinin narahatlıq üçün səbəb olacağını deyir.

Amots Asa-El, Şalom Hartman İnstitutu: “Mənə Trampın İsrailpərəst davranışını və gələcək haqda dedikləri tam inandırıcı gəlmir. Hər ən gözlənilməz bir şey edə bilər.”

Baş nazir Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək. O, Respublikaçı qanunvericilərin dəvəti ilə Konqresin birgə sessiyasında çıxış edəcək. Bəziləri bunu Respublikaçıların Baydenə qarşı müxalif addımı kimi görür. Netanyahu 2011-ci və 2015-ci ildə Obamanın prezident, Baydenin isə vitse-prezident olduğu vaxtlar bənzər çıxışlar edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.