“Siz bu imtahanla səhiyyənin səviyyəsini qaldırmırsınız, əksinə, daha da bərbad edirsiniz” - ETİRAZ

19-07-2024, 10:18           
“Siz bu imtahanla səhiyyənin səviyyəsini qaldırmırsınız, əksinə, daha da bərbad edirsiniz” - ETİRAZ
Azərbaycanda bir çox həkim sertifikasiyadan narazılıq edir. Tibb işçiləri hesab edirlər ki, həkimlərin sertfikasiya imtahanı Hippokrat andı içmiş təbiblərə hörmətsizlik və onları aşağılamaqdır. AYNA-nın xəbərinə görə, bu düşüncədə olan həkimlərdən biri də tanınmış endokrinoloq Fərhad Burzudur.

Həkim açıqlamasında deyib ki, Azərbaycanda həkimilərin, tibb işçilərinin hörmətsizləşdiyi, aşağılandığı qurum Sertifikasiya Komissiyasıdır. F.Burzu fikrini belə əsaslandırır: “Sertifikasiyadan ən son 5 il bundan qabaq keçmişdim. Bu il yenə keçmək üçün getdim. İllərdir həm sosial şəbəkədə, həm də televiziyada, mediada danışdığımız, müzakirə etdiyimiz mövzular elə eyni qalır. Beş il ərzində bu qurum 1 addım belə inkişaf etməyib. Sayı on minlərlə olan həkimlər, feldşerlər və tibb bacıları bu prosedura məruz qalırlar”.

“Biz həkimlər imtahan olunmaqdan qorxmuruq, lazımdırsa, dəfələrlə imtahan keçirilsin. Amma burada hansı praktikadan istifadə edilir? Hansı datalarla, hansı ədəbiyyatla? Müasir tibbdə qəti istifadə olunmayan ədəbiyyatdan və kliniki tibbdə istifadə olunmayan yanaşma tərzi, müalicə vasitələri, müalicə üsullarından imtahan necə edə bilirlər? Üstəlik səhv suallarla insanları necə imtahan edə bilirlər? Sualların 90 faizi yalnız rus ədəbiyyatı olan Dedov-Melniçenko nə vaxtdan endokrinologiyanın əsas kitabı olub? “Google translate”də tərcümə edib “erməni-budaq” cümləli bir test sualını həkimin qabağına necə qoya bilirlər?”, - endokrinoloq sual edib.

Burzu Sertifikasiya Komissiyasına suallarını davam etdirərək bildirir: “Məsələn, “Şəkərli diabet xəstələrində hamiləliyin saxlanılması üçün göstərişlərin genişlənməsinə mümkünat yaradıb?”. Bu sual cümləsindən nə anlayırsız? Və ya “yumurtalıqların PCOS sindormu zamanı insulinə davamlılıqsızlıqla keçəndə…” nə deməkdir? Sualların istinad göstərildiyi ədəbiyyatda həmin səhifədə əlaqəsiz mövzulardır. Yəni səhifə və istinadı eləcə “atıblar” ora. Buna görə də istinadınız saxtadır. Yaxud da, uşaqlara insulin təyinatı vahidini testə səhv yazıb həkimlərə əzbərlədib nə etməyə çalışırsız?”.

“Sovet İttifaqı dağılıb, amma hələ də Kuşinqə İtsenko-Kuşing, Törnerə Şerşevski-Törner deyə yazırsız suallarda. Tibbi ədəbiyyatda heç istifadə olunmayan rus tibbinin qondardığı sindromlarla həkimləri tələyə salmağa çalışmağınız hansı etikaya sığır? Barı bu suallar doğru ola. Hər sualın 2-3 cavabını qoyub nə etməyə çalışırsız? Cavabları əzbərləyib vermək nə deməkdir? Tərtib olunan sualda diaqnoz yazılmadan tapmaca soruşmaq nə deməkdir? Tibbi praktikadan 20-30 il öncə çıxarılmış dərman preparatları sual olaraq tərtib etməyiniz nə deməkdir? Dərmanların kimyəvi tərkibi ilə deyil, firma adı ilə yazmaq nə deməkdir? Onu belə səhv tərtib etmisiz. Siz bu imtahanla səhiyyənin səviyyəsini qaldırmırsınız, əksinə, daha da bərbad edirsiniz. Sertifikasiya ilə həkimləri daha ixtisaslaşmış kadr etmək istəyirsizsə, o zaman gündəlik kliniki praktika üçün lazımlı suallar tərtib edəsiniz bəlkə?!”, - deyə həkim etiraz edib.

Burzu bildirib ki, dəfələrlə həm mail, həm də birbaşa efirlərdə həkim kolleqalarla yardım təklif ediblər: “Amma mövzu həkimləri, tibb işçilərini “ilişdirmək”, “tora salmaq” olduğu üçün kimsə yardım təklifini qəbul etmədi. İmtahandan həftələr əvvəl səhv suallarla bağlı müraciətimə də baxmadılar. Yanlış sualları nəinki müzakirə etmək, heç göstərmək də istəməməkləri də həqiqətən ayıbdır. Sizə inzibati cəza verib səbəbini deməsələr nə dərəcə xoşunuza gələr? Təqsirsizlik prezumpsiyası deyə bir şey var. Güc strukturları belə bunu etmir. Hər girişdə üzərimizdə olan əşyaları, telefonları, maşın açarı qulaqlıqlar təhvil verməyin nə olduğunu da anlamadım. Həbsxanadır, DİN-dir, DTX-dır, bilmədim. 44 günlük müharibədə heç soruşmadınız müharibəyə göndərilən biz həkimlərə sertifikasiyadan keçmisiz ya yox? Ümumiyyətlə müharibə vaxtı harda idiniz, nə iş gördünüz, nə fəaliyyətiniz oldu irəlidə olan həkimlərlə əlaqəli? İmkanınız olsa şəhid həkimlərin sertifikasiyadan keçmədiklərinə görə statuslarını da əllərindən alarsınız. Mövzu çox uzundur, deməklə bitməz. Ümid edirəm ki, Səhiyyə Nazirliyi rəhbərliyi Sertifikasiya Komissiyası ilə əlaqəli ən qısa müddətdə uyğun tədbirlər görülməsi barədə sərəncam verər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.