İndi də “blok” repetitorları valideynləri talayır...
20-07-2024, 00:06
Ölkədə son illər repetitorluğun geniş vüsət alması aktual olan məsələlərdən biridir.
Bu gün məktəb şagirdlərinin böyük əksəriyyəti məhz bu sektorun fəaliyyətindən faydalanır. Müəllimlərin isə əksər hissəsi repetitorluq fəaliyyəti ilə məşğul olur. Onu da vurğulayaq ki, bir vaxtlar repetitorluğun “bunker” növü yayılmışdı ki, onlar əsasən imtahan proqramlarını hazırlayan müəllimlər hesab edilirdi. Artıq son zamanlar isə “blok” adlanan yeni bir repetitorluq növü fəaliyyətə başlayıb.
Bu sahə üzrə fəaliyyət göstərən repetitorlar şagirdləri buraxılış deyil, ancaq qısa müddətdə, yüksək məbləğ əsasında blok imtahanı üzrə hazırlaşmasına yardım edirlər. Bu da bir faktdır ki, şagirdlər adətən repetitor yanında bir neçə il hazırlaşmalı olurlar. “Blok” hazırlığı isə qısa müddətə, yalnız imtahan sualları əsasında aparıldığı üçün şagird yalnız sualların cavablarını əzbərləyə bilir. Qiymət isə kifayət qədər bahadır və hətta dördrəqəmli olduğu deyilir.
Onsuz da bu gün repetitor ümidinə ali məktəbə qəbul olan şagirdlər “blok” repetitorluğundan hansı təhsili mənimsəyəcək?
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu “Cümhuriyət”-ə bildirib ki, repetitor müəllimlərin böyük əksəriyyəti öz işinin öhdəsindən gəlir:
“Onların böyük əksəriyyətini tanıyıram və yüksək balla sertifikasiyadan da keçiblər. Həmin repetitorlar şagirdləri paralel şəkildə, həm buraxılış, həm də blok imtahanına hazırlayırlar. Qəbul imtahanı hər iki imtahanın nəticələrinin cəmi əsasında formalaşır. Heç kim deyə bilməz ki, mən blok imthanından bu qədər bal, ancaq buraxılış imtahanından çox az bal toplayım. Mən repetitorluğun başqa bir formasını deyərdim. Belə ki, vaxt vardı, repetitorlar hazırlıq kurslarında fəaliyyət göstərərdilər. Hazırlıq kurslarını “oliqarxlar” ələ keçirdilər və indi orada repetitor yoxdur. Məsələn, “Kaspi” kursları vardı, heç bir nailiyyəti də olmadı, çünki müəllimə 300 manat maaş verirdi, müəllimlər də həmin kursu tərk etdi. Mən şəxsən 5 il öncə nəvəmi gətirmişəm “Xırdalanda kursuna gedib və 600 balla ali məktəbə qəbul olub. Halbuki heç 350 bal da toplaya bilmirdi. Ancaq ötən il nəvəmi getdiyi hazırlıq kursundan çıxardım, çünki dərs keçmirdilər, repetitorlar artıq oradan dağılışıb. İndi repetitorlar özləri toplaşıb kurs yaradırlar. Bir blok üzrə, məsələn, riyaziyyat, coğrafiya, tarix və digər fənnlər üzrə müəllimlər bir ev icarəyə götürürlər, orada şagirdləri qəbul edirlər, həm buraxılış, həm də blok imtahanına hazırlayırlar. Repetitorluğun forması bir az dəyişib. Ancaq mənə elə gəlir ki, repetitorluq Azərbaycan təhsilinin ümidverən sektorudur. Nə qədər dövlət sektoru bu vəziyyətdədir, repetitorluq fəaliyyət göstərəcək”.
Ekspertin sözlərinə görə, hazırda adambaşına maliyyələşmə müzakirə olunur:
“Halbuki bu, mənim layihəmdir. 2005-ci ildə bu layihənin Azərbaycan üçün bütün mexanizmlərini açıqlamışam. Eləcə də bir neçə KİV-də izah etmişəm ki, adambaşına maliyyələşməyə necə keçmək lazımdır. Bu, özəl sektor deyil, dövlətin mövcud olan təhsilə ayırdığı büdcənin hesabına formalaşır. Təhsilalanlarla təhsilverənlər birbaşa əlaqədə olur, bu əlaqə təhsilə nəsə verir. Söhbət dövlət sektorunun məhv olmasından gedir. Ona görə də adambaşına ayrılacaq vəsait direktorların bank hesabına köçürüləcək. Direktorlar da həmin vəsaiti “yeyəcəklər”. Sonra da deyəcəklər ki, adambaşına maliyyələşdirdik yenə alınmadı. Məqsəd bu layihəni sabotaj eləməkdir. Hesab edirəm ki, nə qədər təhsil islahatı aparılmayıb, bunlar hamısı mənasızdır. Repetitorluğa qarşı çıxış etməsinlər, azad təhsildir. Nə qədər ki, repetitorluq mövcuddur, az-çox təhsil verəcəklər. Əgər təhsil islahatı aparılsa, adambaşına maliyyələşmə mexanizmi yaradılsa, bu mexanizm fəaliyyət göstərsə, repetitorların hamısı təsis olunmuş məktəblərə qayıdacaqlar. Onlara orada yüksək maaş verəcəklər və fərdi məşğul olmağa ehtiyac da qalmayacaq. “Blok” repetitorluğu sağlam məntiqə ziddir. Necə ola bilər ki, abituriyent blok imtahanına hazırlaşsın, buraxılışa hazırlaşmasın, axı ikisi toplanır. Əgər belə adamlar varsa, onlara “maşennik” adından başqa ad vermək olmaz”.