PAŞİNYAN HANSI “TALEYÜKLÜ” QƏRARLARI ANONS EDİR? – “Daha çox Rusiya ilə bağlı olacağı ehtimal edilir”

21-07-2024, 00:03           
PAŞİNYAN HANSI “TALEYÜKLÜ” QƏRARLARI ANONS EDİR? – “Daha çox Rusiya ilə bağlı olacağı ehtimal edilir”
“Bir aya Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu elan edən Paşinyanın Böyük Britaniyada keçirilən “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə Toplantısında Azərbaycan Prezidenti ilə görüşdən imtina etməsi “bir aya sülh” imzalayanın hərəkəti ilə uzlaşmır”.

“AzPolitika” xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Baş nazirin Londondakı “peformansını” şərh edərkən deyib.

Bəs Paşinyan nəyə arxayındır? Qərbdən gələn dəstəyəmi?

Ekspert deyir ki, bu dəstək rəsmi İrəvanın gözlədiyi səviyyədə olmasa da, var və fasiləsiz olaraq davam edir: “Mariya Zaxarovanın dediyi kimi “Biz Amerika rəsmilərinin sözün əsl mənasında sonsuz cərgə ilə İrəvana necə gəldiyini müşahidə edirik”. Paşinyanın arxayınlığı yalnız Rusiyaya münasibətdə özünü göstərmir, son günlər Azərbaycanla sülh danışıqlarına etinasız yanaşması da bu qəbildəndir”.

Bu demarş, qeyd edilən arxayınçılığın tərkib hissəsi ola bilərmi?

İlham İsmayıl vurğulayır ki, arxayınçılığın arxasında daha çox Fransa Prezidentinin dayandığı açıq görünür və Britaniya sammitində Makronla Paşinyanın kənara çəkilib pıçıldaşmasının nəticəsidir ki, Baş nazir Azərbaycan Prezidenti ilə görüşdən imtina etdi: “Makronun düşüncəsinə görə, bu imtina ilə Qranadanın əvəzini çıxırdı. Qranadada görüşdən Azərbaycanın imtinasının baş səbəbinin Makron olduğunu günlər əvvəl Azərbaycan elan etmişdi, Paşinyan isə konkret səbəb bildirmədi və gecikmiş informasiya ilə Azərbaycanı imtina etməkdə ittiham etməsi “daldan atılan daş” effektindən başqa bir şeyə yaramadı”.

İ.İsmayıl xatırladıb ki, Makron Azərbaycanı 2020-ci ildə “dəhşətli müharibəyə” başlamaqda ittiham edib: “Ermənistanı silahlandırmağa haqq qazandırması bir daha sübut etdi ki, ölkəsində baş verən siyasi böhran və seçkilərdə partiyasının uduzması Fransa Prezidentinə dərs olmayıb. Doğrudanmı, Makron bu qədər informasiyasızdır ki, Azərbaycan məhz beynəlxalq hüquqla tanınmış ərazilərini işğaldan azad edib. Əlbəttə bilir. 44 günlük müharibədən sonra Fransa Senatının hər iki palatası Dağlıq Qarabağın müstəqilliyini tanısa da, Fransa dövləti tanımadı, çünki Makronu da başa saldılar ki, Qarabağ Azərbaycanın ərazisidir. Ona görə də, Azərbaycanı “dəhşətli müharibə” başlatmaqda ittiham etməsini Makronun ermənipərəstliyinin və erməni diasporasının maliyyə təsiri altında olmağının təzahürü kimi dəyərləndirmək olar”.

Ekspert hesab edir ki, görünür, Paşinyanın vacib olan tərəflə görüşdən imtinanın ardınca Çexiyanın Baş naziri ilə “Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə etməsi” sülhün də Qərbdən gələcəyinə hesablanıb.

Baş verənlər Azərbaycana və bütövlükdə Cənubi Qafqaza hansı prosesləri vəd edir?

İlham İsmayıl deyir ki, rəsmi İrəvanın konstitusiyanı tezliklə dəyişməsi gözlənilmir. Onun sözlərinə görə, Paşinyanın sentyabrda taleyüklü qərarlar verəcəyi barədə anonslarının daha çox Rusiya ilə bağlı olacağı ehtimal edilir: “Zvartnos”dan Rusiya sərhədçilərinin çıxarılmasından sonra KTMT ilə əlaqələrin rəsmən kəsilməsi haqda qərar verilə bilər. Rusiyanın da sentyabrda Ermənistanda vəziyyəti gərginləşdirən addımlar atacağı barədə məlumatların sızdırılmasından sonra Paşinyanın qabaqlayıcı addımlar atması mümkündür. Mariya Zaxaraovanın brifinqdə səsləndirdiyi fikirləri təsadüfi hesab etmirik: “Ümid edirik ki, Cənubi Qafqazdakı tərəfdaşlarımız Qərblə bu cür psevdodostluğun onlara nəyə başa gələcəyini, yəqin ki, başa düşürlər. Qərb dostluq etməyi bilmir, ondan yalnız istifadə edə bilər və təəssüf ki, bu cür münasibətlərdə tərəfdaşının hissləri onun üçün maraqlı deyil”. Hiss olunur ki, Putin Ermənistanın nazı ilə çox oynadığının fərqindədir. Görünür, İranın Ermənistandakı səfiri Sübhaninin “3+3” formatının yaxın vaxtlara Türkiyədə olacağını inamla səsləndirməsi bölgədə baş verəcək proseslərə yalnız regional qüvvələrin ciddi təsir göstərəcəyinə hesablanıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.