Yağın bir kilosu 22 manata başa gəlir: Bəs neçəyə satılır? - AKTUAL

24-07-2024, 10:29           
Yağın bir kilosu 22 manata başa gəlir: Bəs neçəyə satılır? - AKTUAL
2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycana 71 milyon 44 min dollar dəyərində 13 min 509 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub (bir tonu orta hesabla 5 min 259 dollardan).

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, 2023-cü ilin eyni dövründə Azərbaycana 47 milyon 19 min dollar dəyərində 8 min 501 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunmuşdu.

Bu onu deməyə əsas verir ki, kərə yağı idxalı 2024-cü ilin ilk 6 ayı ərzində 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 24 milyon 25 min dollar və ya 51%, miqdar ifadəsilə 3 min 493 ton və ya 41% artıb.

Həmçinin, 2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycana 95 milyon 796 min dollar dəyərində 80 min 681 ton bitki və heyvan mənşəli yağlar idxal olunub (1 tonu orta hesabla 1187 dollardan). Ötən ilin eyni dövründə 89 milyon 16 min dollar dəyərində 65 min 424 ton bitki və heyvan mənşəli yağlar idxal olunmuşdu (tonu orta hesabla 1360 dollardan).

Maraqlıdır, müxtəlif adda yağ və süh məhsullarının idxalında yüksək artım hansı səbəblərlə bağlı ola bilər? Nəyə görə, yerli istehsal özünü istehlak bazarında göstərmir? Yerli yağ və süd məhsullarına olan tələbatı qarşılamaq üçün hansı qabaqlayacı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli bildirib ki, hazırda Azərbaycanda bitki yağına olan tələbatın 95 %-i idxal hesabına təmin olunur:

“Yəni, bitki yağını xammal kimi xaricdən idxal edirik və daxildə onu ayrıca məhsul kimi qablaşdırırıq. Hətta qablaşdırarkən məhsulun bir hissəsini daxil istehsal kimi təqdim edirik.

Kərə yağına gəlincə, bu tipli məhsullarda da idxaldan asılıyıq. Bunun əsas səbəbi Azərbaycanda yerli süd istehsalının baha başa gəlməsidir. Bir kiloqram kərə yağı əldə etmək üçün 23 litr inək südündən istifadə olunmalıdır. Əgər dəqiq hesablamalar aparsaq, yəni fermerlərdən alınan inək südünün bir litrini 75 qəpiyə vursaq, 23 litr südün təxmini 17 manata başa gəldiyini görərik.

Eyni zamanda burada daşınma və emal xərclərini də nəzərə almaq lazımdır. Daşınma xərcləri fonunda bu, 18-19 manata, emal xərcləri əlavə olunanda isə bir kiloqram kərə yağı təxminən 22-23 manata başa gəlir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda heyvandarlıq məhsullarının maya dəyəri çox yüksəkdir, amma yerli istehsal çox aşağı səviyyədədir.

Azərbaycan kərə yağını və süh məhsullarını əsasən Avropa ölkələrindən, o cümlədən Rusiya və Belarusdan idxal edir. Həmin ölkələrdə kərə yağının və süd məhsullarının istehsalı çox yüksəkdir. Belarusda ildə hər inəkdən orta hesabla 6-7 ton süd əldə edilir. İsraildə il ərzində hər inək 10 ton süd verir. Azərbaycanda isə hər inəkdən 1 ton 700 litr süd əldə olunur”.

Ekspert Azərbaycanda yem bazasının zəif olduğunu vurğulayıb:

“Ölkədə örüş, otlaq və biçənək sahələrinin çoxu əkinə verilib və həmin sahələrin sayı azalıb. Baxmayaraq ki, işğaldan azad olunan ərazilər hesabına örüş sahələri təxminən 400 min hektara yaxın genişlənib.

Örüş sahələrində istifadəni səmərəli təşkil edə bilməmişik. Qlobal istiləşmə nəticəsində, o cümlədən suvarılma aparılmadığı üçün örüş ərazilər getdiqcə ot örtüyündən məhrum olur. Dəfələrlə təklif etmişik ki, indiki şəraitdə həmin ərazilərdə təbii bitki toxumunun səpini həyata keçirilməlidir, suvarma işləri aparılmalıdır.

Bundan başqa, örüş ərazilərində otarma növbəli şəkildə olmalıdır. Sözsüz ki, uzun müddət heyvanların otladıqları ərazilərə yenidən toxum səpilməlidir və suvarılmalıdır. Yalnız bu halda örüş ərazilərində məhsuldarlığı artıracağıq. Heyvandarlığın yemə olan ehtiyacının bir hissəsini örüş ərazilərin hesabına təmin edə bilərik”.

Vahid Məhərrəmli ot və yem istehsalında ciddi problemlərin olduğunu da qeyd edib:

“Ölkədə istehsal olunan taxıldan nə ərzaqlıq buğdada, nə də heyvandarlıqda yararlana bilirik. Süd və ət məhsulları istehsal edə bilmirik. Səmərəli istehsalı artırmaq üçün yem bazasını mütləq möhkəmləndirməliyik.

Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi planlaşdırma aparmalıdır ki, ölkə daxilində nə qədər yem və hansı yemdən istifadə müəyyən olunsun. Qaba, çuğundur və şirəli yem məhsullarının istehsalına diqqət ayrılmalıdır. Yem istehsalının zəif olduğu təqdirdə südçülüyü inkişaf etdirmək mümkün olmayacaq. Südçülüyü inkişaf etdirmək üçün yem bazası daha da möhkəmləndirməlidir.

Bununla yanaşı, heyvan cinslərinin tərkibinin yaxşılaşdırılması da diqqətdən qaçmamalıdır. Ölkəyə daha məhsuldar heyvanlar gətirilməlidir. Onlara daha yüksək səviyyədə qulluq göstərilməlidir. Qulluq göstərilməlidir ki, heyvandarlıq daha məhsuldar olsun. Bütün lazımi və zəruri tədbirlərin görüləcəyi təqdirdə yerli kərə yağı və süd məhsullarının səmərəli və keyfiyyətli istehsalını təmin edəcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.