Netanyahunun Konqresdə çıxışı, ABŞ-İsrail münasibətləri, Yaxın Şərqdə durum - Atlantik Şuranın eksperti Riç Outzen şərh edir
28-07-2024, 10:54
İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada müharibəni dayandırmaq üçün atəşkəs danışıqlarının davam etdiyi vaxt bu həftə ABŞ Konqresinin birgə iclasında çıxış edib. Atlantik Şuranın baş elmi işçisi Riç Ouzten Amerikanın Səsinə müsahibədə İsrailin baş naziri Benyamin Netanyahunun Konqresdə çıxışının regional sabitlik və ABŞ-la münasibətlərə təsiri və Qəzzada müharibənin daha geniş geosiyasi nəticələri haqda danışıb.
Amerikanın Səsi: İsrailin baş naziri Benyamin Netanyahu Konqresin birgə iclasında çıxış edib. Onun çıxışı Qəzza Səhiyyə Nazirliyinin ölənlərin sayının 40 minə yaxınlaşdığını bildirdiyi və müharibəni dayandırmaq üçün atəşkəs danışıqlarının davam etdiyi vaxta təsadüf edir. Çıxışın əsas məqsədləri nə idi və bunun regional sabitliyə, ABŞ və dünya ilə diplomatik əlaqələrə hansı təsirləri var?
Riç Outzen: Düşünürəm ki, Netanyahu çətin bir dövrdən keçir, çünki o hətta öz hökuməti daxilində getdikcə daha çox təcrid olunur, koalisiyanın bir çox mühafizəkar üzvləri Qəzzada atəşkəsə çağırır və o hələ də müqavimət göstərən çox az adamlardan biridir. Düşünürəm ki, İsraildəki müdafiə qurumu, İsrail Müdafiə Qüvvələri və təhlükəsizlik kabinetinin əksəriyyəti və ya əvvəllər təhlükəsizlik kabinetində olan insanlar Qəzza zolağında Həmasdan sonra idarəçilik baxımından baş verəcəklərlə bağlı müəyyən siyasi irəliləyişə nail olmağın vaxtının gəldiyini düşünərək bundan öncə atəşkəsə çağırıblar. Netanyahu isə kampaniyanın maksimalist məqsədlərinə texniki hərbi baxımdan nail olmağın mümkün olub-olmadığı bəlli olmasa da, özünün qələbə versiyası olan HƏMAS üzərində tam qələbədə israr etməkdə davam edir.
Bu, mürəkkəb durumdur. Lakin o eyni zamanda, Bayden administrasiyasının və beynəlxalq miqyasda digər ölkələrin təzyiqlərinə müqavimət göstərməyə çalışdığı bir siyasi məqamdan keçir. O, hərbi əməliyyatları davam etdirmək üçün ABŞ-dan silah, maddi-texniki təchizat və maliyyə baxımından əməliyyatlar üçün dəstəyi təmin etməyə çalışır. Ona görə də düşünürəm ki, onun yaxın məqsədi ABŞ-da hələ də hər iki partiyanın dəstəyinə malik olduğuna dair beynəlxalq səviyyədə mesaj göndərmək və bu dəstəyin praktiki baxımdan, silah, sursat və maliyyə dəstəyi baxımından davam etdiyini təmin etməkdir.
Amerikanın Səsi: Vitse-prezident Kamala Harris və Nümayəndələr Palatasında bəzi Demokratlar Netanyahunun çıxışını zamanı orada olmayıblar. Bunun onun siyasəti ilə bağlı fikir ayrılıqlarını əks etdirdiyi hesab edilir. Eyni zamanda, İsrailin bir qrup tanınmış xadimləri onu İsrailin milli təhlükəsizliyini təhlükə altına almaqda ittiham edərək, açıq şəkildə tənqid ediblər. Bu mürəkkəb problemləri effektiv şəkildə necə həll etmək olar?
Riç Outzen: Bu, çox yaxşı sualdır. Demək istəyirəm ki, bununla bağlı bir neçə istiqamətdə fikirlər var. Netanyahunu tənqid edən insanlar və onların sayı çoxdur, onlar Netanyahu səhnədən uzaqlaşana qədər heç bir şeyin yaxşılaşmayacağını və sonrakı İsrail hökumətinin Qəzza zolağında siyasi keçidə daha praktik yanaşması ola biləcəyini və HƏMAS-ı hərbi yolla yox etmək qabiliyyəti o qədər də yüksək görünmədiyi üçün HƏMAS baxımından daha az maksimalist tələblər irəli sürəcəyini düşünürlər.
Digər tərəfdən, Netanyahunun pərəstişkarı olan insanlar və şübhəsiz ki, onlar Vaşinqtonda da var, onun silahlarından yapışaraq bir növ qətiyyətli və cəsur bir iş gördüyünü hesab edirlər. Düşünürəm ki, bu gün Vaşinqtonda gördüklərimiz bunun hər ikisinin bir qədər təzahürü idi. Biz Konqresin birgə iclasında Netanyahunun ayaq üstə alqışlandığını gördük. Qeyd etdiyiniz kimi, vitse-prezident Harris orada deyildi. Onun və Konqresdə yüksək səviyyəli yəhudi qanunvericilərdən biri olan Çak Şumerin əl sıxmaması diqqətəlayiq məqamlardan biri oldu. Bu da kəskin bölünmənin olduğunu göstərir.
Paytaxtda və paytaxt ətrafında isə iğtişaşa bənzər şərait hökm sürürdü. Paytaxtın "Union Station" stansiyasında daşların atıldığını, ictimai abidələrin üzərində yazıların yazıldığını gördük. Amerika bayrağı yandırıldı və onun yerinə Fələstin bayraqları qaldırıldı. Bunlar anti-Amerika fəaliyyətləridir. Mən bunun Fələstin məsələsinə bir faydası olacağını düşünmürəm və açığını desəm, bunun Netanyahunun danışıq dilində desək, "baxın, onlar, HƏMAS təkcə şənbə günləri ibadət edən insanların arxasınca getmir, onlar son nəhayətdə bazar günləri də ibadət edən insanların arxasınca gələcəklər" kimi mesajını gücləndirə biləcəyini hesab edirəm.
Bu, aydındır ki, çürük ritorika üzərində qurulub, lakin bu, əslində, bunu ABŞ-ın qətiyyətlə tərəf tutmalı olduğu, xeyirlə şər arasında apokaliptik mübarizə kimi qələmə verməyə çalışan Netanyahu və Netanyahunun əslində bunun yalnız ağ və qaradan ibarət olmadığını və ABŞ-ın bir nəticəyə çatmaq üçün müəyyən təsirdən istifadə etməli olduğunu düşünən tənqidçiləri arasında narrativ mübarizəsidir.
Amerikanın Səsi: İsrailin baş nazir Netanyahu Konqresdə çıxışını Qəzzada davam edən müharibə ilə əlaqədar regionda gərginliyin artdığı vaxt edib. Münaqişədə İsrail, Qəzzada HƏMAS, Livanda Hizbullah və Yəməndə Husilər iştirak edir. Bunlar İranın dəstəklədiyi proksi qruplardır. Regionda potensial olaraq ABŞ-ın da cəlb oluna biləcəyi daha böyük regional münaqişə riski mövcuddır. Münaqişənin daha geniş regional müharibəyə çevrilməsinin qarşısı necə alına bilər?
Riç Outzen: Mən bunun artıq daha geniş regional müharibə olduğunu iddia edərdim. İran özünə qarşı birbaşa təhdid olmadan üç cəbhədən İsrailə qarşı hücum əməliyyatlarına başlamağa müvəffəq olub. Siz İranın Qəzzada yardım etdiyi HƏMAS-dan tutmuş, İranın silahlandırdığı və dəstək verdiyi Hizbullaha qədər, onları qeyd etdiniz. Bu arada, onu da xatırlatmalıyıq ki, burada bir neçə başqa ölkə də var. İraq və Suriyada İranın proksi qüvvələri Amerika qüvvələrinə və oradakı Amerika bazalarına hücum edir. Deməli, İran hazırda beş cəbhədə döyüşür.
Siz eskalasiyanın qarşısını necə ala bilərik soruşursunuz. Baxın, eskalasiya yalnız bir tərəfə zərər verəcək və bu da İrandır, çünki hazırda İran özünə qarşı birbaşa təhlükənin olmadığı müharibədə uğurla döyüşür və bununla belə, Amerika qüvvələrini və İsraili beş müxtəlif yerdən təhdid edə bilir. Buna görə də mən sualın qoyuluşunu mübahisələndirərdim. Düşünürəm ki, məqsəd müharibənin genişlənməsinin qarşısını almaq olmamalıdır. Düşünürəm ki, məqsəd İranın ABŞ-a, İsrailə və regiondakı müttəfiqlərimizə qarşı aktiv müharibəyə dəstəyini dayandırmaq üçün lazım olan hər şeyi etmək olmalıdır.
Amerikanın Səsi: Qəzzada davam edən münaqişə regiondan kənarda daha geniş geosiyasi nəticələrə səbəb olub. Türkiyə İsraillə ticarət əlaqələrini məhdudlaşdıraraq sərt mövqe tutub. Türkiyənin müttəfiqi Azərbaycan İsraillə dərin iqtisadi, siyasi və hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycan Türkiyə və İsrail, həmçinin qonşusu İranla münasibətlərini balanslaşdırmaqda davam edir. Bu dinamikalar haqqında nə deyə bilərsiniz?
Riç Outzen: İran mənim qeyd etdiyim bu geniş cəbhədə apardığı müharibənin İsrail, ABŞ və əsasən özündən başqa hamı üçün mənfi siyasi nəticələrə malik olmasını təmin etməklə burada strateji cəhətdən çox yaxşı oynadı. Bu arada, iranlılar bunu edir və bunun bədəlini Fələstin xalqının üzərinə qoyurlar.
Bildiyiniz kimi, Fələstinin İsraillə problemi müharibə ilə həll olunmayacaq. Bu, mürəkkəb məsələdir. Fələstin Muxtariyyəti var, HƏMAS var, İsrail daxilində müxtəlif düşərgələr var. Bunun üçün danışıqlar aparmaq lazımdır və son nəticədə beynəlxalq ictimaiyyətin niyyəti olmalıdır. Bu, müharibə yolu ilə təmin edilmir. Düzünü desəm, paradoksal odur ki, İsrailə qarşı hər dəfə oktyabrın 7-də olduğu kimi və ya bildiyiniz kimi əvvəllər dəfələrlə daha kiçik miqyasda baş verənlər kimi hücum olduqda, bu, İsrailin və onun ABŞ-dakı çoxsaylı tərəfdarlarının fələstinlilərin siyasi hüquqlarını tanıyacaq siyasi kompromisi təxirə salmaq istəyini gücləndirir.
İran bunu bilir. İran fələstinlilərə xidmət etdiyini desə də, öz regional və geosiyasi maraqlarının xeyrinə Fələstinlilərin hüquqlarını pozduğunu bilir. Təəssüf ki, bu, ABŞ-la Türkiyə arasında qarşıdurmaya gətirib çıxardı. Türkiyə fələstinlilərin hüquqları, mülki insanların iztirabları və bu kimi şeylərdən çox narahatdır. Amma bütün bunların simləri İrandadır. Məncə, Ankarada bunu bilirlər. Şübhəsiz ki, Vaşinqtonda düşüncəli insanlar bunu bilirlər.
Beləliklə, mən hesab edirəm ki, hazırda gördüyümüz əsasən İran tərəfindən törədilən və İran tərəfindən daha da şiddətləndirilən çox mürəkkəb, çoxölçülü regional böhrandır. Mən hesab edirəm ki, bu, ABŞ rəhbərliyindən fələstinlilərin problemlərinə ciddi diqqət yetirməyi və atəşkəsə nail olmağı tələb edən geosiyasi məqamdır. Lakin İsrailin 100 faiz səhv etdiyi və HƏMAS-ın bir növ haqlı olduğu ritorika ilə razılaşmamalıyıq. HƏMAS problemin bir hissəsidir, Həmas İranın nümayəndəsidir və HƏMAS Fələstin xalqını təmsil etmir. Fələstin xalqı daha yaxşısına layiqdir və biz Fələstinlilər üçün HƏMAS-ın Qəzza zolağına nəzarət etmədiyi daha yaxşı gələcəyə nail ola bilərik.
Dilşad Əliyarlı