Bakı və Ankaranın dostuna pis xəbər – Yeni müharibə həyəcanı yaşanır

Bu gün, 10:06           
 Bakı və Ankaranın dostuna pis xəbər –
Suriyanın cənubundakı Süveydə vilayətində druzlarla bədəvi silahlı qruplar arasında yeni toqquşmalar bölgədə dərin böhran yaradıb. ABŞ və İordaniyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının yerli silahlı qruplar və əhali tərəfindən qəbul edilməməsi, elektrik və su infrastrukturunun tamamilə çökməsi, Dəməşq hökumətinin nəzarətinin zəifləməsi və azlıq qrupları arasında hakimiyyət boşluğunun yaranması vəziyyəti daha da ağırlaşdırıb.

Druz lideri Hikmət əl-Hicrinin atəşkəsə qarşı çıxaraq xaricdən yardım istəməsi isə daxildə parçalanmanı dərinləşdirib. Bölgədəki gərginlik həm yerli qarşıdurmalar, həm də artan xarici müdaxilə və regional qeyri-sabitlik riski ilə daha da kəskinləşməkdədir.

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, bəzi kənar qüvvələr Suriyada sülh və barışın yaranmasına imkan vermir:

“Onlar müstəqil, ərazi bütövlüyünü qoruyan, suveren bir Suriyanı görmək istəmirlər. Druzlarla bədəvi ərəblərin qarşı-qarşıya qoyulmasında da əsas məqsəd budur. Bu cür özbaşına və dağıdıcı planın tərkib hissəsi olmaq, həm də Türkiyəyə və dünyanın sülhsevər kəsiminə qarşı çıxmaq deməkdir.

Ankara çalışır ki, Suriyada sabitlik bərpa olunsun və bu ölkə vətəndaş müharibəsinin yaratdığı sosial problemləri, dağıntıları aradan qaldırsın. Çox yaxşı haldır ki, ABŞ da Türkiyənin bu missiyasına dəstək verir. Lakin rəsmi Təl-Əviv Suriyanın İsrailə bitişik torpaqlarını işğal etmək məqsədilə druzları qızışdırır. İsrail druzları həm maliyyələşdirir, həm də silahlandırır”.

Ekspert bildirib ki, İsrail bununla Suriya lideri Əhməd Əş-Şaraya təzyiq edəcəyini düşünür, lakin Türkiyə faktorunu unudur:

“Suriyada əmin-amanlığın yaranması üçün Türkiyə kifayət qədər enerji sərf edib. Bundan sonra prosesin nəticəsiz qalmasına imkan verə bilməz.

Həmçinin, əgər İsrail bu cür dağıdıcı hərəkətlərinə davam etsə, Suriya hökuməti də cavab tədbirləri görmək məcburiyyətində qalacaq. Bu isə İsrail–Suriya müharibəsinin başlanmasına gətirib çıxara bilər. Çünki ölkə daxilindəki azlıqları qızışdıran və vaxtaşırı bombalama əməliyyatları aparan İsrailin dayandırılmasına ehtiyac var. Əks halda, Suriya daxilindəki hərc-mərcliyə son qoymaq mümkün olmayacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru