Azərbaycanın qələbəsini mənimsəmək istəyirlər
31-07-2024, 12:38
Təhlükəli və qəbuledilməz bir vəziyyət yaranıb. Belə ki, İkinci Qarabağ Müharibəsindən sonra Türkiyə cəmiyyətində əcaib təbliğat başlayıb. Türkiyə mətbuatı geniş təbliğat aparır və cəmiyyət də belə başa düşür ki, Türkiyə ordusu Qarabağda döyüşüb və torlaqlarımızı azad edib.
Bu iddialar Azərbaycanın Ermənistan üzərindəki qələbəsini mənimsəməkdir. Heç kəs Azərbaycanın qələbəsini mənsimsəyə bilməz.
Bir neçə gün bundan əvvəl Türkiyə prezidenti R.T Ərdoğan çıxışı zamanı İsraili hədələyərək bildirdi ki, "Qarabağa və Liviyaya girdiyimiz kimi İsrailə də girərik...".
Ərdoğanın bu iddiası Türkiyə cəmiyyətində Qarabağın azad olunması ilə bağlı yaradılan fikirləri daha da gücləndirib. Anlamıram, Türkiyə ordusu Qarabağa girib? Bu, Azərbaycanı aşağılamaqdır, yoxsa nə?! Bəli, qardaş ölkəyik, amma heç kəs Azərbaycanın hərbi gücünə şübhə edə bilməz. Yəni, biz o qədər zəif ölkəyik ki, marionet Ermənistandan torpaqlarımızı ala bilməyək və başqa bir ölkə gəlib torpaqlarımızı alıb bizə qaytarsın!?
Bu iddialar təkcə Azərbaycan Ordusunun deyil, Ali Baş Komandan və Qələbənin əsas müəllifi kimi İlham Əliyevin də haqqına girməkdir.
Birincisi, Qarabağda Azərbaycan Ordusu döyüşüb, 3 mindən artıq şəhid vermişik, on minlərlə müharbə veteranımız, 10 mindən artıq qazimiz var. Qarabağı da məhz şəhidlərimizin və qazilərimizin şücaəti hesabına azad edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmişik. Gün ərzində müharibə xərclərimiz 50 milyon dollardan artıq vəsait təşkil edib.
İkincisi, Türkiyə digər bir neçə ölkə kimi Azərbaycana ciddi siyasi dəstək göstərib və buna görə Türkiyəyə həmişə təşəkkür etmişik. Bu gün də Azərbaycanın əsas strateji müttəfiqi məhz Türkiyədir.
Üçüncüsü, bu gün Qarabağın bərpasına Türkiyə şirkətləri də cəlb olunub. Havayı işləyirlər? Xeyr! O zaman belə çıxır ki, Qarabağ tam bərpa olunandan sonra deyəcəklər ki, Qarabağı da biz abad etmişik?!
Klassik "ilhaqçı"lara, müstəqil olmaqdan bezən və yarınmağı özünə peşə seçənlərə məsləhət görürəm ki, prosesləri diqqətlə izləsinlər.
Bir məsələni də xüsusilə qeyd edim ki, bu gün Azərbaycan cəmiyyətinə də belə bir fikir yeridilib ki, Türkiyə və bayraktar olmasaydı, Qarabağı azad edə bilməzdik. Türkiyə cəmiyyətində belə əsassız fikirlərin yer almasında azərbaycanlıların da rolu az deyil. Kəndinizə, öz ölkənizə, milli ruhunuza qayıdın! Özünüzü, xalqımızı, ordumuzu, şəhidlərimizi aşağılamayın.
İstəsəniz də, istəməsəniz də, gələcəkdə tarix kitabları belə yazacaq: Qarabağ İlham Əliyevin prezidentliyi dövründə azad olunub, ölkənin suverenliyi məhz onun dövründə bərpa olunub. Bu yolda şəhid olanların ruhu isə həmişə hörmətlə anılacaqdır.
Eyni zamanda, Çanaqqala döyüşündə 5 min azərbaycanlı şəhid olub, əksəriyyətinin də adı bəllidir. Amma İkinci Qarabağ Müharibəsində şəhid olanların içərisində Türkiyə hərbçisinin adına rast gəlməmişəm. Qısası, qardaş qardaşın haqqını qorumalıdır, haqqına girməməlidir.
Müəllif: Samir Feyruzov